Bayden yeni sanksiyaları açıqladı: “Putin SSRİ-ni bərpa etmək istəyir”

“Putin – qəsbkardır. Müharibəni o başlayıb. İndi həm özü, həm də ölkəsi bunun acı nəticəsini görəcək”. Novator.az saytı xəbər verir ki, fevralın 24-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya hücuma görə Rusiyaya tətbiq olunan yeni sanksiyaları elan edərkən belə deyib.

Yeni sanksiyalar Rusiyanın dollar, avro, funt sterlinq və yenlə ticarət aparmaq, ordusunu maliyyələşdirmək və inkişaf etdirmək imkanlarının məhdudlaşdırılmasını, yüksək texnologiyalar sənayesində rəqabətə davamlılığının minimuma endirilməsini nəzərdə tutur.

Cozef Bayden diqqətə çatdırıb ki, ABŞ və müttəfiqləri Rusiyanın ümumilikdə 1 trilyon dollaradək aktivlərə sahib banklarına sanksiyalar tətbiq edib.

“Biz Rusiyanın daha dörd iri bankını bloklayırıq” deyən Bayden qeyd edib ki, həmin bankların Amerikadakı bütün aktivləri dondurulacaq.

Bayden bildirib ki, sanksiyaları ABŞ təkbaşına tətbiq etmir, bu işdə bütün “Böyük yeddilik” (G7) ölkələri və Avropa Birliyinin 27 üzvü iştirak edir.

Rusiyanın hərbi təcavüzündən danışarkən ABŞ prezidenti vurğulayıb ki, məsələ tək Ukraynada deyil: “Rusiya prezidenti Vladimir Putinin ambisiyaları Ukraynanın hüdudlarını aşır. O, mahiyyətcə keçmiş Sovet İttifaqını bərpa etmək istəyir. Məsələ bundadır. Və onun bu iddiası dünyanın indiki inkişafı ilə daban-dabana ziddiyyət təşkil edir”.

Cozef Bayden hazırda Vladimir Putinlə hər hansı danışıq aparmaq niyyətində olmadığını söyləyib.

ABŞ prezidenti sanksiyaların Rusiyanı zəiflədəcəyinə əminliyini ifadə edib: “Ukraynaya hücum Rusiyaya, onun iqtisadiyyatına baha oturacaq”.

2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Nəticədə Donbas bölgəsində qanlı döyüşlər başlayıb, Ukraynanın başqa ərazilərinə də, o cümlədən paytaxt Kiyevə hərbi zərbələr endirilib. Ukraynada hərbi vəziyyət tətbiq olunub, ölkənin Rusiya ilə diplomatik münasibətləri kəsilib.