Vasif Qafarov təbliğat-təşviqat kampaniyasını uğurla başa çatdırıb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov avqustun 30-da Lerik şəhəri mərkəzi stadionunda seçicilərlə görüş keçirib və təbliğat-təşviqat kampaniyasını yekunlaşdırıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lerik şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edən gənc alim, daha sonra Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun, Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun Lerik şəhərində yerləşən büstlərini və Şəhidlər xiyabanını ziyarət edib və abidələrin önünə tər güllər düzüb.

Lerik şəhər mərkəzi stadionuna gələn Vasif Qafarov seçicilər tərəfindən böyük coşqu və izdihamla qarşılanıb. Tədbirdə Vasif Qafarov və onun vəkilləri çıxış edərək namizədin seçki platforması barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən Lerik ağsaqqalları və ziyalıları Vasif Qafarova xeyir-dualarını verib, seçkidə aktiv iştirak edib onu dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.