Veteran jurnalist nazirə müraciət etdi - Bu agentliyin əməkdaşından şikayətçidir

Bakı, Yasamal rayonu, Tolstoy küçəsi 111-də yaşayan veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Həsənov Məzahir Abasxan oğlu KİV vasitəsilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib.

İlkxeber.org xəbər verir ki, Məzahir Həsənov 3 ay ərzində yazdığı çoxsaylı müraciətlərinin nəticəsiz qalmasından, hətta etdiyi müraciətlərə verilən cavabların belə qanedici olmamasından, bu  aylar ərzində keçirdiyi stress, əsəb və gərginliklər barədə qeyd edir.

O, müraciətində konkret ad çəkib, üzləşdiyi haqsızlardan danışıb. O, şikayətində bildirib ki, həmin şəxs Dövlət Tibbi Sosial Ekspertiza Agentliyinin eksperti Samirə Fərzəliyevadır.

"Bildirirəm ki, Mən Həsənov Məzahir Abasxan oğluna 2016-2021 və 2023-2024-cü illər ərzində müvafiq olaraq 2-ci və 3-cü qrup əlillik  təyinatları aparılmışdır. 2016-2021-ci illər üçün əlillik müddəti 5 il, 2023-2024-cü illər üçün 1 il müəyyən edilmişdir. Sonuncu əlillik təyinatımın müddəti 2024-cü il 30 iyun tarixində başa çatmış,təkrar müayinə üçün qanunvericiliklə təsbit olunmuş qaydalar çərçivəsində Bakı şəhəri,34 saylı poliklinika tərəfindən mənim 1 il ərzində stasianar müalicə və ambulator müayinələrim, həkim diaqnozları, analiz nəticələri əsasında 03.07.2024-cü il tarixində B00203523JCZ kodla 88 saylı tibbi forma Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. 05.07.2024-cü il tarixində 1 saylı TSEK-də mən komissiya sədri və əməkdaşları tərəfindən baxışda olmuşam, xəstəliyimi təsdiq edən sənədlər onlar tərəfindən əhatəli şəkildə araşdırılmış, mənə xəstəliyimin olduğunu,sənədlərimin əlillik təyinatına imkan verdiyi söylənilmiş və bunun əsasında aktlaşdırma işləri həyata keçirilərək Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. 08.07-2024-cü il tarixində mən yenidən baxış üçün Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə dəvət edilmişəm. Mən özümlə bütün stasionar və ambulator müalicə və müayinə sənədlərim götürsəm də, məni qəbul edən ekspert xanım Fərzəliyeva Samirə bu sənədlərə heç bir məhəl qoymadan məni göz, ayaq dopleri və spidometriya müayinəsinə göndərmişdir. Onun məni qəbul edərkən  təyin olunan əsas diaqnoza deyil başqa xəstəliklər axtarışına çıxmasına etiraz etsəm də, buna məhəl qoymamışdır. Bunun nəticəsi olaraq əsas diaqnozuma deyil,yanaşı xəstəliyi əsas diaqnoz götürərək imtina verilməsinə nail olmuşdur", - deyə o əlavə edib.

M.Həsənov qeyd edir ki, 04.09.2024-cü il tarixində  müraciətlərinə baxılmaq üçün Agentlk rəhbərliyinin qəbuluna dəvət edilib:

"İlkin olaraq məni Samirə Fərzəliyevanın qəbuluna yönəltdilər. Mən bu xanımın xidmətindən imtina etmək qərarına gəldim. Ona sadəcə sual verdim ki, nədən mənim əsas diaqnozumu deyil, yanaşı diaqnozu əsas götürmüşünüz? Cavab budur:  “Sən kimsən, məndən hesab sorursan” deyib hikkə ilə öz əməlini müdafiə etməyə, hətta “əcəb edib belə etmişəm”, deyə amiranə cavab verdi. Mən ona bildirdim ki, bu haqsızılığı aradan qaldırmaq üçün məhkəməyə müraciət edəcəm. “Nə istəyirsən, onu elə, mənə nə edə bilərsən?” deyib hikkə ilə otağına daxil oldu.

Samirə Fərzəliyevanın qəbulundan imtina etdiyim üçün məni Rzayev Qulam adlı həkimə yönəltmişdilər. Qulam da yalnız  bir sənədimə gözucu baxaraq, spidometriya müayinəsinə göndərdi. Halbuki, Qulam ekspert rəhbərlik qəbulunda həkimim kimi iştirak etməli, mənim bütün diaqnoz və sənədlərimlə tanış olmalı idi. Təəssüf ki, “İş yoldaşı” məsələsi öz işini görmüşdü. Mən vətəndaş qəbulunda sədr müavini  Ramin Rzayevlə onlayn görüşdüm. Məni çox diqqətlə dinlədi, əmin etdi ki,lazımı köməklik göstəriləcək. Mən çıxdığım üçün Qulam adlı ekspertin Ramin müəllimə nə məruzə etdiyindən xəbərdar olmadım. Çünki qəbulun nəticəsini mənə Qulam bildirməliydi. O isə təcili aradan çıxdı və birbaşa Samirə xanımın əyləşdiyi mərtəbəyə qalxdı. Nəticə isə Samirə xanımın qələbəsi ilə başa satdı".

Sonda Həsənov Məzahir qeyd edib ki, uzun illər rəsmi dövlət mətbuat orqanlarında çalışmış, Azərbaycan Jurnalistlər Birliyinin, Yeni Azərbaycan Partiyasının üzvüdür.

İlkxeber.org yazıda adı keçən şəxlərin və qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir.