Müasir gəncliyə və milli köklərə bağlı namizəd

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçki xalqımızın öz siyasi iradəsini ortaya qoyması üçün növbəti fürsətdir.

 Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun böyük qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması müstəqil dövlətimizdə ilk dəfə parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsinə  imkan yaradıb. Bu seçkilərdə bizim üzərimizə düşən vəzifə isə vətəndaş olaraq məsuliyyətimizi anlamaq, hədəflərimizi düzgün müəyyənləşdirmək, yüksək potensialı ilə parlaq gələcək vəd edən namizədə səs verməkdir.

80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd, Lerik rayonunda doğulub boya-başa çatan, daha sonra alimlik zirvəsinə qədər yüksələn və ölkəmizi təkcə Vətəndə deyil, sərhədlərimizdən kənarda da layiqincə təmsil edən Vasif Qafarov məhz belə namizədlərdəndir. Azərbaycanın tarixi həqiqətlərini üzə çıxarmaq və dünyaya yaymaq amalı ilə yaşayan, bu istiqamətdə yorulmadan tədqiqatlar aparan, konkret elmi nəticələr ortaya qoyan,12 kitabın və 100-dən çox elmi məqalənin müəllifi olan tarix elmləri doktoru Vasif Qafarov həm də 80 saylı Lerik - Astara seçki dairəsinin seçicilərinin səsini qazanmaq, Azərbaycanın, o cümlədən də Lerik və Astara rayonlarının tərəqqisi naminə çalışmaq arzusunu reallaşdırmaq üçün yola çıxıb!

Əlbəttə ki, hər bir vətəndaşın arzusu onu təmsil edən millət vəkilinin savadlı, dünyagörüşlü, vətənsevər, ictimai-siyasi proseslərdə fəal iştirak edən, eyni zamanda onun rifahı üçün çalışan, problemlərindən xəbərdar, dərdlərinə bələd vicdanlı, ədalətli insan olmasıdır. Vasif Qafarov bütün bu keyfiyyətlərin daşıyıcısı olmaqla yanaşı, həm də zəhmətkeş, sadə və təvazökar insandır.

İnanırıq ki, zəngin tarixi, yetişdirdiyi istedadlı övladları, qəhrəmanları, alimləri və tarixi şəxsiyyətləri ilə seçilən Lerik və Astara rayonlarının seçiciləri Milli Məclisə layiq olduqları millət vəkilini - Vasif Qafarovu seçəcəklər. Bu doğru seçim 80 saylı Lerik - Astara seçki dairəsinin seçicilərinə onların hər zaman əllərinin çatdığı, sözlərinin yetdiyi bir millət vəkili qazandıracaq. Onlar öz sosial problemlərinin həlli, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində daim xüsusi diqqət və qayğı hiss edəcəklər. Vasif Qafarovun seçki platformasının əsasında Lerik və Astara rayonlarına investisiyanın cəlb olunması, turizmin inkişafı, məşğulluğun və kiçik sahibkarlığın dəstəklənməsi, maldarlığın, əkinçiliyin, bağçılığın, arıçılığın müasir standartlar səviyyəsinə yüksəldilməsi, içməli su probleminin aradan qaldırılması dayanır. Həmçinin əhalinin davamlı qaz, su, elektrik enerjisi ilə təminatı, qazlaşdırılmayan kəndlərin qazlaşdırılması, yolların abadlaşdırılması, təhsil, səhiyyə, mədəniyyət sahələrinə dəstək göstərilməsi və s. onun başlıca hədəflərindəndir.

Vasif Qafarov həm də gənclərin müasir, milli köklərə bağlı, vətənpərvərlik ruhunda tərbiyə olunması, elmə və təhsilə həvəsləndirilməsi, idmana və sağlam həyat tərzinə bağlılığının artırılması kimi çoxsaylı hədəflər müəyyənləşdirib.

Əgər qeyd edilənlərin və hətta daha artığının sadəcə vəd olaraq qalmasını istəmirsinizsə, 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edin və ən layiqli namizədinizə səs verin!

Vasif Qafarovun dərin elmi bilikləri, savadı, zəkası, vətənə, dövlətə, millətə bağlılığı, ziyalılığı, potensialı onu deməyə əsas verir ki, o, ona göstərəcəyiniz etimadı maksimum səviyyədə doğruldacaq.

İlham Fərzəliyev