Qismət Mehdiyevin ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu – FOTOLAR

Martın 4-də YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə fotoqraf Qismət Mehdiyevin layihə rəhbəri Aygün Əzizovanın olduğu “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dünya fotolarda” adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Sərgidə fotoqrafın xarici ölkələrə səyahəti zamanı çəkdiyi 30 foto və Bakı şəhərinin gözəl abidələrinin fotoları tamaşaçılara təqdim olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev fotoqraf Qismət Mehdiyevin sərgidə təqdim olunan fotolarının olduqca maraqlı rakuslardan çəkildiyini, texnika fərqliliyini qeyd edib xüsusilə istedadlı gənc fotoqrafın sərgisini “Konstitusiya və Suverenlik İli”nə həsr etməsi təqdirə layiq bir addım olduğunu bildirib və şərəfli peşəsində ona uğurlar arzulayıb.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bildirib ki, xaricdə turizm sahəsində təhsil alıb, eyni zamanda fotoqrafiya sahəsində uğur qazanması Qismət Mehdiyevin əhəmiyyətli dərəcədə uğurlu fəaliyyətin bəhrəsidir. “Bugünkü sərgidə Azərbaycanın hər qarışının dünyada təbliği fotoqraf Qismət Mehdiyevin vətənpərvər gənc olduğunu göstərir. Tezliklə Qarabağımızın da qarış-qarış çəkilişlərini edəcəyini, arzusunda olduğu sənədli filmləri hazırlayıb dünyaya yayımlayacağına inanıram”, – deyə o bildirib. E.İsgəndərova bu yolda vətənpərvər Azərbaycan oğluna uğurlu missiyasında tükənməz enerji, can sağlığı arzulayıb. Qarşıdakı sərgisinin Qarabağın ecazkar gözəlliyindən çəkilmiş fotolardan ibarət olacağını bildirib.

Qismət Mehdiyevin atası Qiymət Mehdiyev və anası Könül Mehdiyeva övladlarının uğurlu sənətkar olacağına öncədən inandıqlarını və hər zaman ona dəstək olduqlarını qeyd ediblər.

Sərgidə fəxri qonaq olaraq Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov və Kuzey Kıbrıs Türk Cumhuriyetinin Azərbaycandakı daimi təmsilçisi Ufuk Turganer, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu filialı və Xəzər rayon filialının rəsm müəllimi Fərəh Babayeva iştirak ediblər.

Sonda ilk fərdi yaradıcılıq sərgisinə görə fotoqraf Qismət Mehdiyev Beynəlxalq Qalereya tərəfindən diplomla təltif olunub, xatirə fotoları çəkilib.

Aygün Oqtay
Fotolar Ayazındır
Operator: Çingiz Abdullayev