Boşanma və alimentlə bağlı YENİ QAYDALAR bəlli oldu - Bundan sonra...

Mehriban Zeynalova: “Yeni qanun həm uşaqların hüquqlarını qorumağa, həm də valideynlər arasında yaranan münaqişələri azaltmağa xidmət edəcək”

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib. Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev  Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb: “Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək.  Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.

Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əməkhaqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əməkhaqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.

Mütəxəssislər qeyd edir ki, yeni qaydalar əsasən uşaqların valideynləri ilə vaxtında ünsiyyət qurmasına şərait yaradır, onların hüquqlarının qorunmasını sürətləndirir və mübahisələri azaldır, valideynlər arasında əlavə hüquqi mübahisələrin qarşısını alır. Həmçinin uşağın rifahına yönəlmiş bu dəyişikliklər uşaqların həm emosional, həm də sosial inkişafına müsbət təsir göstərəcək.

Əvvəllər uzun və mürəkkəb məhkəmə prosesləri ilə həll edilən məsələlər indi daha qısa prosedurlar vasitəsilə həll olunur. Valideynlərin uşaqla ünsiyyətin vaxtı, yeri və müddəti ilə bağlı dəyişikliklər üçün yeni iddia qaldırmaq məcburiyyətində olmaması məhkəmə işlərinin yüklənməsini azaldır, valideynlərin vaxt və maddi vəsaitlərinə qənaət edir, vətəndaşların hüquqlarının daha çevik təmin edilməsinə imkan yaradır.

Aliment məbləğinin əməkhaqqının müəyyən misli ilə müəyyən edilməsinə gəldikdə, minimum əməkhaqqı artdıqca alimentin avtomatik indeksasiyasını təmin edir, alimentin artırılması üçün yeni iddiaların qaldırılmasını lüzumsuz edir.

Beləliklə, yeni dəyişikliklər ailə məsələlərinin daha mədəni şəkildə həllinə və valideynlər arasında qarşılıqlı razılaşmaların təşviq edilməsinə xidmət edir.

Mehriban Zeynalova: Valideyn tək başına davranışını dəyişə bilmirsə, ona kömək etmək lazımdır

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məhkəmə qərarları uşaqla bağlı məsələləri həll etsə də, bir çox hallarda prosesin icrası qəyyumluq şöbələri və digər qurumların üzərinə düşürdü ki, bu da əlavə problemlər və çətinliklər yaradırdı. Miqrasiya qurumlarına da tez-tez uşaqla ünsiyyət hüququ ilə bağlı şikayətlər daxil olurdu. İndi isə məhkəmə prosesində bu cür məsələlərin tam həllini tapması çox müsbət bir addımdır. Əsas problemlərdən biri, valideynlərdən birinin uşağa ünsiyyət imkanı yaratmaması idi. Eyni zamanda alimentin vaxtında ödənilməməsi də uşağın həyatına və valideynlə münasibətinə mənfi təsir edirdi. Bəzi hallarda, valideynlər alimenti ödəməməklə və ya uşağı digər valideyndən uzaq tutmaqla qisas almağa çalışırdılar. Bu cür vəziyyətlər uşağın psixologiyasına ciddi mənfi təsir göstərir, onların körpəlikdən etibarən travmalar yaşamasına səbəb olur və gələcək həyatlarında problemlər yaradır.

Valideynlər bəzən uşaqlarına psixoloji təzyiq göstərərək digər valideyn haqqında mənfi fikirlər formalaşdırır və onları bir-birinə qarşı qoyurlar. Bu davranışlar uşaqların emosional və sosial inkişafına zərbə vurur. Beləliklə, əsas əziyyəti uşaqlar çəkir.

Bu baxımdan, qanunvericilikdə edilən dəyişikliklər olduqca əhəmiyyətlidir. Artıq əlavə məhkəmə proseslərinə və bürokratik prosedurlara ehtiyac qalmayacaq. Alimentin artırılması məsələsində də valideynlər məhkəməyə yenidən müraciət etməli olmayacaqlar, çünki alimentin məbləği avtomatik olaraq minimum əməkhaqqının artımına uyğun şəkildə tənzimlənəcək.

Uşaqla ünsiyyət hüququ ilə bağlı əlavə prosedurların ləğv edilməsi də həm valideynlər, həm də uşaqlar üçün daha rahat bir mühit yaradacaq. Əvvəllər ənənəyə görə, uşaq ananın himayəsinə verilərkən valideynlərin uşağın mənafeyini nəzərə alaraq öz aralarında razılığa gələcəkləri düşünülürdü. Lakin təcrübə göstərdi ki, çox vaxt bu razılıq əldə edilmir, çünki valideynlər şəxsi maraqlarını ön plana çıxarır və emosional gərginlik səbəbindən uşağın mənafeyini unudurlar.

Bu səbəbdən, qanunda edilən dəyişikliklər ailə hüququ sahəsində mühüm irəliləyişdir. Bu dəyişikliklər həm uşaqların hüquqlarını qoruyur, həm də valideynlər arasında yaranan münaqişələri azaltmağa xidmət edir. Beləliklə, bu qərarlar ailə münasibətlərində daha ədalətli və mütərəqqi bir yanaşmanın tətbiqini təmin edir".