Azərbaycan hər zaman müsəlman aləminin dəyərli üzvü olub

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Təsadüfi deyildir ki, dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO,  İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri tərəfindən də yüksək dəyətləndirilir. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir, eyni zamanda bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik. Buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. Bu seçimin səbəblərinə nəzər salsaq, ölkəmizin iqtisadi potensialı, hərbi gücü ilə yanaşı İslam Həmrəyliyi ilə bağlı siyasətimizin rolunun kifayət qədər olduğunu müşahidə edə bilərik.
İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Son günlərin hadisələri ilə bağlı qeyd etmək istərdim ki,  Suriyada Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycandır ki, oraya humanitar yardım göstərdi. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti bu yaxınlarda Suriyaya səfər etmişdir. Suriyada baş verən dəyişiklikdən sonra Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir.

Ülviyyə Ağayeva
Milli Məclisin deputatı