Ukraynanın NATO-ya daxil edilməsi Rusiyanı məhvə aparar

“ABŞ demokratiya adı altında dünyanın bir neçə ölkəsini işğal edib və etməkdədir. Bu ölkələrdən biri də Ukraynadır”.

Bunu Reyting.az Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Ukrayna ilə bağlı problemdən danışarkən deyib.

Onun sözlərinə görə, Ukrayna daxilində və bu ölkə ilə bağlı xaricdə baş verən hadisələri şərh edərkən səbəb və nəticəni bir-birindən ayırmaq düzgün olmazdı.

Ukrayna böhranına görə Rusyanı deyil, ABŞ-ı ittiham edən A. Məsiyev bildirib ki, Ukraynanı hazırkı duruma salan siyasi güc mərkəzlərinin fəaliyyəti sanki unudulub: “Dövlətlər öz rahatlığı üçün qonşusunu narahat etməməlidir, yəni öz xoşbəxtliyi üçün başqasını bədbəxt etmək qəbuledilməzdir”.

Rusiya hərbi kontingentini Ukrayna sərhədlərinə cəmləşdirməsi ilə bağlı suala cavabında A. Məsiyev əlavə edib ki, işğalçılığın müasir formasını ABŞ yaradıb: “ABŞ demokratiya ideyası adı altında işğalçılığın müasir formasını həyata keçirir və bu metodla bir neçə ölkəni işğal edib. Demokratiya adı altında rəngli inqilablar edərək həmin ölkələrdə hakimiyyət dəyşikiliyinə nail olur, özlərinə münasib şəxsləri hakimiyyətə gətirməklə həmin dövləti “klonlaşdırır” və iqtisadi-siyasi cəhətdən özündən asılı vəziyyətə salır”. O, buna nümunə kimi Ukraynanı da göstərir: “Heç kimə sirr deyil ki, ABŞ Ukrayna dövlətini “klonlaşdırıb” və ondan Rusiyanın əleyhinə istifadə edir, bir sözlə, Ukrayna ABŞ-ın əlində alətə çevrilib”.

A. Məsiyevin fikrincə, Slavyan xalqlarının birliyi (Rusiya-Ukrayna-Belarus) dünyada güc mərkəzi idi və bu güc Rusiyanın timsalında nümayiş olunurdu. Amma ABŞ bu birliyi dağıtmaq, Rusiyanı parçalamaq üçün Slavyan xalqları arasında düşmənçiliyə nail olmaq üçün hədəf kimi Ukarynanı seçdi və istəyinə qismən nail oldu: “Belarusda ABŞ-ın bu planı baş tutmadı. ABŞ-ın məqsədi Ukrayna xalqını xoşbəxt etmək deyil, sadəcə, bu xalqdan alət kimi istifadə etməkdir. Nəticə olaraq Ukrayna ABŞ tərəfindən cəhənnəmə sürüklənir”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ və onun hərbi qanadı olan NATO rəsmi şəkildə Rusiyanı düşmən elan edib. Belə olan təqdirdə, ABŞ və NATO bütün vasitələrdən istifadə edərək Rusiyanı bir dövlət kimi məhv etməyi qarşıya məqsəd qoyublar. Bu məqsədə çatmaq üçün Rusiya ətrafında gərginlik yaratmaq, Rusiyanı qonşuları ilə münaqişəyə cəlb etmək kimi planlar işə salınıb: “Bu plan Gürcüstanda Saakaşvilinin əli edildi, 2005-ci ildən bəri isə Ukrayanada “klonlaşdırılmış” siyasətçilərin əli ilə həyata keçirilməkdədir. Ukraynanın bütün dövlət və hökumət strukturlarının ABŞ-ın təlimatlandırdığı kadrlar tərəfindən idarə edilməsi də sirr deyil”.

Rusiyaya gəlincə, müsahibimiz deyib:

“Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi ölkələri üçün təhdiddir. ABŞ isə rusların bu çağrışına məhəl qoymur, əksinə, sürətlə Rusiya ilə müttəfiq olan ölkələrdə inqilablar edərək həmin ölkələrin NATO-ya inteqrasiya planlarını sürətləndirir. Bunu Ermənistanın timsalında da görmək olar. Rusiya, təbii olaraq özünü qorumaq, müdafiə etmək üçün əks tədbirlər həyata keçirməli olur. Bu günlərdə Ukrayna sərhədlərində böyük sayda hərbi kontingentin cəmləşdirilməsi də bu planın tərkib hissəsidir”.

A. Məsiyev əlavə edib ki, Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq sammitin məqsədi Donbasdakı müharibənin sona çatdırılması və tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olub.

“ABŞ-dan gələn təlimatlara əsasən, Ukraynada hesab edirlər ki, Donbasda və Luqanskidəki problemlər hərbi yolla həll edilməlidir. Bu məqsədlə ABŞ Ukraynaya misli görünməmiş hərbi yardımlar edir, orada qeyri-rəsmi bazalar yaratmaqla yanaşı siyasi dəstəyini açıq şəkildə nümayiş etdirir. ABŞ bu davranışı ilə Ukraynanı cəhənnəmə sürüklənməyə həvəsləndirir”, - siyasi şərhçi əlavə edib.

A. Məsiyev diqqətə çatdırıb ki, Ukraynada bəzi siyasətçilər Azərbaycanın 44 günlük müharibəsinin nəticəsindən ilhamlanaraq “Donbasda və Luqanskidəki problemlər hərbi yolla həll edilməlidir”,- kimi fikirləri gündəmə gətirirlər: “Amma onlar unudurlar ki, Ermənistan və Azərbaycan arasındakı problemlə, Ukraynadakı problem geosiyasi baxımdan fərqlidir, eyniləşdirmək düzgün olmazdı. Eyni zamanda Rusiya açıq bəyan edir ki, Ukraynanın NATO-ya cəlb edilməsi yolverilməzdir, buna baxmayaraq istər ABŞ, istərsə də NATO rəsmiləri Ukraynanı NATO-da görmək istədiklərini və bunun üçün nə lazımdırsa, etməyə hazır olduqlarını bildirirlər”.

Siyasi şərhçi iddia edir ki, Ukraynanın NATO-ya daxil edilməsi Rusiyanın məhvinə aparan yoldur, Rusiya bunu məqbul saya bilməz: “Rusiyanın geriyə yolu yoxdur, rəsmi Moskvada bilir ki, geri çəkilmək Rusiyanı məhvə aparır. İndiki hərbi-siyasi vəziyyətdə Rusiyanı sakitləşdirə biləcək yeganə yol Ukraynanın NATO-ya inteqrasiyadan imtina etməsi, Qoşulmama Hərakatının üzvü olmaq barədə qərar qəbul etməsidir. Ancaq Ukrayna rəhbərliyi bilərəkdən ABŞ-ın təxribat xarakterli planlarına əməl edirlər. Onlar nəticənin necə olacağını, bu hərəkətlərinin ağrısını Ukrayna xalqının çəkəcəyini ya anlamaq istəmirlər, ya da...”.