Bayden-Putin görüşündə Çinə qarşı birgə hücum planı: Politoloqdan maraqlı şərh

“Dünyada yaranmış geosiyasi durumun real təhlili göstərir ki, ABŞ və Rusiya arasında yaranmış qarşıdurmanın yaratdığı gərginlik SSRİ dönəmindəkindən daha pisdir. ABŞ və müttəfiqləri Rusiyanı özünə düşmən elan edib. Bu istiqamətdə xarici siyasətlərini də müəyyən ediblər. Belə ki, Rusiyanı bir dövlət olaraq parçalamaq və sərvətlərini ələ keçirməyi, Rusiyanın dünyanın siyasi arenasında oynadığı rolu aradan qaldırmağı qarşılarına ali məqsəd kimi qoyublar, hətta bunu açıq şəkildə, nümayişkaranə göstərməkdədirlər”.

Bu sözləri Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu niyyətini Rusiya gözəl anlayır və buna adekvat reaksiya verməyi, eyni zamanda özünü müdafiə tədbirləri görməyə vadar edir: “Bu məqsədlə Rusiya Yaxın Şərqdə, Ukraynada, Belarusda, o cümlədən Cənubi Qafqazda öz maraqlarını qorumaq naminə radikal addımlar atmaq məcburiyyətində qaldı. Rusiyanın atdığı bu addımlar ABŞ-ın qeyd etdiyim bölgələrdə planlarını pozmasına səbəb oldu. Belə olan təqdirdə ABŞ üçün iki yol qalır: birincisi, ya Rusiyanın bu addımlarına qarşı radikal qərarlar verməli, yəni bu konflikt hərbi münaqişə olsa belə Rusiya ilə birbaşa konfliktə girməli, ikincisi isə dialoq başlatmaqla maraqları uzlaşdırmaqdır.

1614335921_41412a42a029f2af30e366e5fdddc244.jpg (83 KB)

NATO-nun baş katibi Yens Stoltenberq də CNN telekanalına müsahibəsi zamanı bəyan edib ki, Şimal Atlantika Alyansı rəsmi Moskvanı düşmən və ya rəqib hesab etmir. NATO rəsmisinin belə açıqlama verməsi də təsadüfü deyil. Rusiyanın hərbi qoşun birləşmələrinin Ukrayna sərhədləri yaxınlığında döyüş vəziyyətinə gətirilməsi ABŞ və Qərbə bir mesaj idi ki, yerinizi bilin. Rusiya ilə hərb dilində danışmaq siyasi avantürizimdir”.

Politoloqun fikrincə, NATO-nun hərbi-siyasi fəaliyyəti, Rusiya sərhədi yaxınlığında fəallaşması birbaşa təhdiddir: “ABŞ prezidenti Baydenin məlum açıqlamasında Rusiya prezidentini qatil adlandırmasını Putin unutmayıb.

Bu məsuliyyətsiz ittiham heç bir siyasi etikaya, ABŞ kimi nüfuzlu dövlətin rəhbərinə yaraşmayan, əsassız və məsuliyyətsiz bir iddia idi. Bu açıqlamanın bilərəkdən verildiyini düşünürəm.
Əsası olmayan, qərəzli verilmiş məlum açıqlama dövlətlər arası münasibətlərin daha da gərginləşməsinə hesablanıb. Bu bəyanatı verən Bayden qısa bir zaman keçmədən Putinin əlini sıxması siyasi baxımdan onun zəifliyi anlamı yaradır, eyni zamanda mənəvi baxımdan qəbuledilməzdir”.

A.Məsiyev hesab edir ki, Baydenin Putinlə nəzərdə tutulmuş Avropa görüşündə ABŞ-Rusiya münasibətləri, o cümlədən dünyanın geosiyasi vəziyyəti müzakirə predmeti olacaq: “Rusiya üçün Ukrayna, Cənubi Qafqaz xüsusi əhəmiyyət daşıdığı kimi ABŞ üçün də Yaxın Şərq və o cümlədən Türkiyə xüsusi əhəmiyyət daşıyır. Rusiya-Türkiyə münasibətlərinin ikitərəfli hərbi-siyasi maraqlarının uzlaşması, eyni zamanda ikitərəfli iqtisadi-siyasi anlaşmalar ABŞ-ı çox narahat edir. Bundan başqa ABŞ və Rusiya dövlət başçılarının görüşünün nəzərdə tutulduğu bir zamanda ABŞ və İngiltərə xüsusi xidmət orqanları COVİD-19 virusunun Çinin gizli laboratoriyalarında yaradıldığı barədə kəşfiyyat məlumatlarının rəsmi şəkildə mətbuatda dövriyyəyə buraxılması təsadüfü deyil.

ABŞ və Qərb dövlətləri Çini COVİD-19 virusunu bilərəkdən yaydığını bəyan ediblər, bu məqsədlə Çinə sanksiyalar tətbiq etmək, iqtisadi-siyasi baxımdan Çini çökdürməyi planlaşdırırlar. Bir sözlə, ABŞ COVİD-19 virusundan siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir və bunu gizlətmir.
Düşünürəm ki, ABŞ prezidenti Bayden həmkarı Putinlə dünyanı cənginə alan COVİD-19 virusu barədə ciddi müzakirələr apara bilər, bunun nəticəsi kimi Çinə qarşı birgə fəaliyyət göstərməyi xahiş edə bilər”.