“Bayraktar”: Azərbaycan neçəyə alıb, düşmənə nə qədər ziyan vurub - Rus nəşri

“Türkiyə və Azərbaycan 2020-ci ilin payızdakı Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının döyüş bacarığı ilə bağlı statistikasını öyrənməyə davam edir”. Rusiyanın mk.ru saytı belə yazır.

“44 gün ərzində Azərbaycan ordusu, erməni qoşunlarının təxminən dörddə bir əsr boyu işğalda saxladığı Dağlıq Qarabağa bitişik bütün bölgələrini tamamilə azad etdi. Bakı və Ankaraya görə, Türkiyə pilotsuz təyyarələri olan “Bayraktar TB2” qələbəyə böyük töhfə verdi. Bundan əlavə, müharibədə Azərbaycan tərəfi İsrailin qabaqcıl silah-sursatından da fəal şəkildə istifadə edib” deyə, xəbərdə bildirilir.

Mk-ru yazır ki, internetdə “Bayraktar TB2” pilotsuz təyyarələrinin Qarabağ müharibəsinin ilk 24 günündə döyüş meydanında göstərdiyi nəticələrinin əks olunduğu cədvəl yayımlanıb. “Burada pilotsuz təyyarələrin köməyi ilə məhv edilmiş erməni hərbi texnikasına dair məlumatlar var. 24 günlük döyüşdə “Bayraktar TB2” 114 tankı məhv edib. Bildiyiniz kimi, bir tank taborunda təxminən 30 tank var. Yəni pilotsuz təyyarələrin köməyi ilə üçdən çox tank batalyonu məhv edilib” deyə, bildirilir.

“Bayraktar TB2” bundan başqa 43 piyada döyüş maşını (BMP) və zirehli maşın(BTR), 141 iri çaplı top, 42 səyyar radarları və zenit qurğusunu məhv edib.

Pilotsuz təyyarələr, həmçinin 249 hərbi texnika, texnika üçün 44 sığınacaq və komanda məntəqələrini sıradan çıxarıb”.

Rus nəşri bildirir ki, 6 pilotsuz təyyarə və 3 idarəetmə stansiyasını özündə birləşdirən bir “Bayraktar TB2” təxminən 70 milyon dollara başa gəlir. “Türk pilotsuz təyyarələrinin döyüş effektivliyinə dair verilən məlumatlar doğrudursa, Bakının onların alınması üçün xərcləri buna dəyər idi. Düşmənə vurulan ziyan “Bayraktar”a çəkilən xərclə müqayisəyə gəlməz. Çünki elə bir tank bir neçə milyon ABŞ dollarına başa gələ bilir” deyə, xəbərdə bildirilir.

“Bayraktar TB2” - ortahündürlüklü əməliyyat-taktiki pilotsuz uçan zərbə aparatıdır. Makina şirkətinin istehsalı olan bu aparat uzun müddət səmada qala bilir. 2014-cü ilin avqust ayında TB2 taktiki ortahündürlüklü PUA sinifində uçuş müddəti üzrə dünya rekorduna imza atıb. TB2 8 kilometr hündürlükdə 24 saat 34 dəqiqə qalmağa müvəffəq olub.

bayraqdar.jpg (33 KB)

“Bayraktar” PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. “Bayraktar TB2” modelinin texniki xarakteristikaları belədir:

Uzunluğu: 6,5 metr

Qanadların genişliyi: 12 metr

Maksimal uçuş çəkisi: 650 kiloqram

Yükgötürmə qabiliyyəti: 55 kiloqram

Maksimal sürəti: 222 km/saat

Kreyser sürəti 130 km/saat

Fəaliyyət radiusu: 150 kilometr

Tavanı: 8200 metr

Avtonomluğu: 24 saat

Bayraktar TB2 modeli Rotax 912 daxili yanma mühərriki ilə təchiz edilir, onun korpusu kompozit materiallardan hazırlanır. PUA avtomatik qalxış və eniş sistemləri ilə təchiz edilir.

TB2 idarəolunan tank əleyhinə raketləri və aviasiya bombalarını daşıya bilir. Məsələn, UMTAS tank əleyhinə raket kompleksi 2015-ci ildə uğurla sınaqdan çıxarılıb. Bu gün Qarabağda məhv edilən düşmən tankları bir daha bu faktı sübut edir.

Asqısında dörd raket olan Bayraktar TB2 pilotsuz uçan aparatı 12 saat səmada qala bilər. Bu , havada daima növbədə olmağa, hədəflərin aşkarlanması halında tez bir zamanda cəbhə xəttinə yaxınlaşaraq raket zərbəsi endirməyə imkan verir. Qeyd etmək lazımdır ki, SPUA hərbi aviasiya ilə müqayisədə daha çevikdir və dar zaman çərçivəsində hədəfləri effektiv şəkildə vurmağa imkan verir.

“Bayraktar TB2” PUA-sı ilk dəfə 2016-cı ildə kürd terrorçu dəstələrinə qarşı tətbiq edilib. İlk döyüş tətbiqi PUA-nın xarakteristikalarını təsdiq edib. 2019-cu ildə TB2-dən Liviyada Haftarın qoşunlarına qarşı istifadə edilib. 2020-ci ilin fevralında TB2-dən Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətində həyata keçirilən “Bahar qalxanı” əməliyyatında geniş şəkildə istifadə ediblər.