Türkiyə və Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşularsa...- Politoloqdan ilginc açıqlama

“Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının genişlənməsinə gətirib çıxara bilər ki, bunun da nəticəsi elə Turan İttifaqının iqtisadi inteqrasiyası deməkdir”.

Bu sözləri İlkxeber.org.-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib.

Onun sözlərinə görə, təxminən 300 milyona yaxın türk soyundan olan insanlar dünyanın müxtəlif bölgələrində yaşamaqdadırlar: “Müstəqil dövlət quruşuna malik, BMT tərəfindən tanınan 6 türk dilli dövlət fəaliyyət göstərməkdədir (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan). 34-dən artıq dövlət qurumuna malik olmayan, müxtəlif dövlətlərin ərazisində kompakt şəkildə yaşayan türk soyundan olan xalqlar var: Axısqa türkləri, Sarı uyğurlar, Urum-Qıpçaqlar, Altaylılar, Xorasan, Balkarlar, Başqırdlar, Çulumlar, Çuvaşlar, Krım tatarları, Dolqanlar, Qaqauzlar, Qaraçaylılar, Qəraimlər , Qaraqalpaqlar, Xakaslar, Krımçaqlar, Qumuqlar, Noqaylar, Qaşqaylar , Salar Tatarlar, Naqaybaklar, Sibir Tatarları, Türkmanlar, Kipr türkləri, Qərbi Frakiya türkləri, Tuvinlər, Uyğurlar, Çelqanlar, Kumandılar, Telengitlər, Teleutlar, Güney Azərbaycan türkləri və s.

Müasir texnologiya inkişaf etdikcə dünya xalqlarının inteqrasiyası sürətlə inkişaf etməkdədir, bu xalqların içərisində türk dilli xalqların özünə məxsus yeri görünməkdədir. Böyük Türk dövləti (Osmanlı) keçmişdə güc və ədalət üzərində bərqərar olunmuşdur. Türk xalqı tarixən haqlının haqqını vermiş, haqsıza həddini göstərmişdi, tarix boyu bu prinsip üzərində siyasət yeritmiş və böyük Osmanlı dövlətini yaratmışdı. Yaşadığımız bugünkü dünyamızda ədalət prinsipləri pozulub, belə ki, haqlı olan haqsız çıxarılır, haqqı olmayan istədiyini əldə edir.

Bir sözlə, güclü zəifi məhv etməyə çalışır. Dünyada yaranmış mövcud siyasi şərait diktə edir ki, türk xalqının prinsipləri yenidən işə düşsün, yəni haqlının haqqını vermək, haqsıza həddini göstərmək zamanı gəlmişdir”.

A.Məsiyevin sözlərinə görə, məhz bu prinsiplərin bərqərar olması üçün, türkdilli xalqların birliyinin təmsil olunduğu yeni siyasi-iqtisadi güc mərkəzinin yaranmasına ehtiyac var: “Bu birliyin təməl prinsipi turançılıq ideologiyasının əsasları üzərində formalaşmalıdır və Turan İttifaqı formatında inkişafına nail olunmağın zamanı gəlib.

Turançılıq ideyası türk dilli xalqlar arasında bəşəri dəyərləri özündə əks etdirən, xalqların mədəni, mənəvi-əxlaqı dəyərlər çərçivəsində inteqrasiyasına nail olunmalıdır. Turan ittifaqının siyasi birliyi türk dilli xalqların mənəvi inteqrasiyası ilə paralel, iqtisadi inteqrasiyasından vacib amillərdəndir. Bildiyiniz kimi türkdilli respublikalar və xalqlar coğrafi baxımdan əsasən Rusiyanın siyasi nüfuz dairəsindədir.

İlk baxışda Turan İttifaqı Rusiya tərəfindən qısqanclıq yaratmamaq üçün Türkiyə-Rusiya münasibətləri dostluq və əməkdaşlığı daha da möhkəmlənməlidir. Siyasi əlaqələrin daha da inkişafı vacib amillərdəndir ki, bu da indiki zamanda həyata keçirilir. Türkiyə-Rusiya münasibətlərinin daha da inkişafı üçün türk dilli dövlətlərin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Rusiyanın Qazaxıstanın və Belarusun təşəbbüsü və təsisçiliyi ilə yaradılan Avrasiya İqtisadi Birliyi fəaliyyətdədir, Rusiya bu iqtisadi birliyin genişlənməsində maraqlıdır.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan Avrasiya İqtisadi Birliyinə daxil olması türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının genişlənməsinə gətirib çıxara bilər ki, bunun da nəticəsi elə Turan İttifaqının iqtisadi inteqrasiyası deməkdir.

Bir sözlə, Turan İttifaqının siyasi birliyi Avrasiya İqtisadi Biliyindən keçir. Türkiyə və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması Qarabağ probleminin həllinə bağlı olan məsələlərdən biri idi, AİB-nin əsasnaməsinə görə birliyə daxil olan dövlətlərin sərhədləri bir-birinin üzünə açıqdır. Bu baxımdan Qarabağ probleminin həlli vacib məsələ idi. 10 noyabr 2020-ci il tarixli imzalanmış məlum sənəd faktiki Qarabağ problemin həlli deməkdir, imzalanmış sənədin müddəalarından biri də Zəngəzur dəhlizinin açılmasıdır ki, bu yol məhz Turan İttifaqının iqtisadi-siyasi yolunun olması deməyə əsas verir. Türkiyə dövləti türkdilli xalqların birliyinin yaranmasında (Turan İttifaqının) məsuliyyət daşımalıdır.

Necə deyərlər, bir növ siyasi lokomotiv rolunu oynamalıdır. Dünya siyasətində Türkiyə bir dövlət olaraq türkdilli respublikaların mənafelərinin qoruması məsuliyyətini üzərinə götürməli, türkdilli dövlətlər isə bu məsələdə Türkiyə dövlətinə dəstəyini əsirgəməməlidirlər. Dünyada yeni güc mərkəzinin yaranması Türkiyə-Rusiya münasibətlərinin dünya siyasətində oynadıqları roldan asılıdır. Bu gün belə bir birliyin yaranması üçün tarixi şərait yaranıb. Türkiyə və türk dilli respublikalar Avrasiya İqtisadi Birliyinə daxil olmaqla yeni güc mərkəzinin iqtisadi dayağını möhkəmləndirilmiş olardı.

İqtisadiyyat siyasəti, siyasət isə iqtisadiyyatı balanslaşdırdığına görə, bu dünyanın siyasi güc mərkəzinin yaranması deməkdir.

Başda ABŞ olmaqla qərb dövlətləri, o cümlədən Ermənistan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına mane olmaq istəyirlər. Bu münasibətin qarşısını almaq üçün bütün vasitələrdən, sanksiyalardan, təxribat etməkdən belə çəkinməyəcəklər.

Necə ki, hazırda hər vəchlə mane olmaqdadırlar. Türkiyə-Rusiya dostluğu, əməkdaşlığı Slavyan və Türkdilli xalqların birliyi deməkdir, bu isə dünyanın yeni nizamı deməkdir”.