Macəra dolu Amerika və ya “silahlı insident”lərin gündəlik xronikası

Təsəvvür edin ki, uzun zamandan və bir neçə cəhddən sonra “qrin-kard” udursunuz və diyircəkli çamadanlarınızı qablaşdıraraq, yaşamaq üçün ABŞ-a yollanırsınız, bu gün-sabah eyni yolu qət eləmiş müğənni Elarizlə də görüşəcəksiniz, indilikdə isə küçədə qarşınıza çıxan kafedə “bir qısmat” nəsə yemək istəyirsiniz. Sifariş gələnə qədər necə bəxtigir adam olduğunuzu düşündüyünüz yerdə birdən-birə küçədə qiyamət qopur - atışma, qışqırışma, hay-küy, vay-nöfsə. Qəfildən çovumuş güllələrdən biri gəlib yumşaq yerinizə dəyir... Bu da daha bir şanslılıq! (Güllə bir az yuxarıdan da dəyə bilərdi).

Beləcə, Amerika macərası başlayır.

Bu, kiməsə zarafat gələ bilər, amma adı çəkilən ölkədən hər gün silahlı insident xəbərləri gəlir. Elə bir gün olmur ki, hansısa kafedə, barda, məktəbdə, klinikada, marketdə və s. ictimai yerlərdə atışma olmasın, 3-5 adam ölməsin, 7-8-i yaralanmasın.

Statistika göstərir ki, ölən və yaralananların tam əksəriyyəti insidentə aidiyyatı olmayan, iki dəqiqə öncə necə böyük və firavan ölkənin vətəndaşı olmasıyla qürur duyan, yaxud “o vaxt babalarım çox düz edib gəlib Amerikaya yerləşiblər” deyənlərdir (bildiyiniz kimi, bu ölkənin əhalisinin 99+ faizi ya gəlmələrdir, ya da Afrikadan qul gəmilərində zorla gətirilənlər).

Küçə-bazar atışması ABŞ da srağagün də olmuşdu, dünən də olub, bu gün də, hələ sabah da olacaq, biri gün də.

Ölkədə belə hadisələrin müntəzəm baş verməsi artıq Ağ Evdə də narahatlıq doğurur, hətta deyilənə görə, prezident Bayden köməkçilərinə deyib ki, nəsə bir tədbir görmək lazımdır, millət qırılıb gedir.

Bununla belə, bir xeyli adam da bu xüsusda açılan polemikalara qatılaraq deyirlər ki, əndişələnəcək durum yoxdur, ABŞ 50 dövlətin birləşməsindən əmələ gələn böyük dövlətdir, əhalisi çoxdur, ona görə də statistikaya baxsaq, hər ştatda ayda-ildə bir dəfə belə hadisənin baş verməsi normaldır.

Belə baxanda hər şey normaldır, normal olmayan iki dəqiqə öncə ölkəsinin dünya hegemonu olmasıyla, qanunlarla idarə edilməsiylə fəxr edən birinin güllə yeyib yerdə qıvrıla-qıvrıla qalmasıdır.

Bunun əsas səbəbi odur ki, mülki insanların əlində, belində, evinin divarında, maşınının saxlancında milyonlarla odlu silah var. Vaxtilə rus ədiblərindən biri silah haqqında belə deyib: “Teatr tamaşasında pərdə açılanda divarda silah görünürsə, o, mütləq sonrakı pərdələrdə atəş açacaq”.

Amerikada isə odlu silahlar təkcə teatr tamaşalarında deyil, yuxarıda dediyimiz kimi, hər yerdədir və onlar zaman-zaman atəş açırlar.

Əslində problemin sadə bir həlli var: mülki əhalidən silahları kütləvi şəkildə yığmaq, silah satışını yasaqlamaq. Di gəl, silah istehsalçıları və ticarətçiləri, onlara lobbiçilik edənlər buna qarşıdırlar. Qazancları azala bilər. Bəs günahsız insanlar qırılıb gedirlər axı, onlar necə olsun? “Alın yazıları beləymiş” – izahat təxminən belədir.

Məsələyə “meşə çaqqalsız olmaz” deyimindən baxmaq lazımdır. Sadəcə, çaqqallın birinin əlində bıçaq olanda və canavarın biriylə üzləşəndə heç nə edə bilmir, amma çaqqalın tapançası olanda canavarı da öldürə bilir, ayını da.

Ona görə də bir sıra Avropa ölkələri artıq əhaliyə odlu silah satışını məhdudlaşdırırlar. Bizdə bu tendensiya çoxdan var. Qanunsuz silahlar camaatdan müntəzəm yığılır. Allaha şükür, “orqanlarla əməkdaşlıq edən məsuliyyətli vətəndaşlar” bu işdə silahyığanlara lazımi köməklik edirlər və əllərdəki silahlar bir-bir dənlənir.

Təcrübə göstərir ki, əgər bizdə bu xüsusda qoruq-qaytaq, yasaq-filan olmasa, 5 manatı pulu olan hər bir kişi qardaş Türkiyədə olduğu kimi tapança alıb belinə qurşayar və yolda, küçədə biriylə sözü çəpləşən kimi çəkib rəqibinin başına dirəyər ki, sən heç bilirsənmi mən kiməm. Başına tapança dirənən adamın da belində tapançası olsa, o da çıxarar, deyər, bəs sən mənim kim olduğumu bilirsənmi. Son nəticədə hüquq-mühafizə orqanları ölü və yaralının şəxsiyyətini müəyyənləşdirərlər, camaat da bilər ki, onlar kim imiş.

Düzünə qalsa, biz hirs-hikkə sarıdan amerikalılardan çox ötəyik. Nervinni camaatıq biz. Tapançamız olsa, heç kəs qabağımızda lotuluq eləyə bilməz.

Bax, hər gün ordan-burdan süpürləşmə, yumruqlaşma, bəzən də bıçaqlaşma xəbərləri gəlir ha, əgər odlu silahmız olsa, o xəbərlər gəlməz, əvəzində “Bakıda silahlı insident – 2 ölü, 7 yaralı” xəbərləri gələr və xalqımız bundan çox rəncidə olar, ölkənin gündəmi də “quşdan quşa” (quş vuranlar, “quşlayanlar”, “quş”la görüntülənənlər) dəyişməz, tez-tez dəyişər.

Hər halda gözəgörünməzə şükür edək ki, bizə babat hirs-hikkə veribsə də, bir az ağıl da verib, hamının tapança gəzdirməsinin təhlükəli ola biləcəyini başa düşürük.

Amerikaya gəlincə, əvvəl-axır orda silah satışını qadağan edəcəklər. Ona qədər neçə Conun, Treysinin anası ağlar qalacaq, onu heç Bayden də bilmir.