Putinin dediyi oldu - Bayden təyyarəyə qalxarkən yıxıldı VİDEO

Ərdoğan Rusiya prezidentini müdafiə etdi

Xəbər verildiyi kimi, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra iki ölkə arasında gərginlik artıb. Bundan sonra Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün Moskvaya geri çağırıb.

Rusiya prezidenti Vladimir Putin isə məsələyə iki dəfə münasibət bildirib. Əvvəl o, bunları deyib: "ABŞ-dan olan həmkarımın bəyanatına gəldikdə. O dediyi kimi, biz, doğrudan da şəxsən tanışıq. Ona nə cavab verərdim? Mən ona deyərdim, sağlam olun! Mən ona sağlamlıq arzulayıram. Bunu ironiyasız, zarafat olmadan deyirəm. Uşaq vaxtı, biz həyətdə bir-birimizlə mübahisə edən zaman deyirdik: kim deyirsə, o özdür".

Putin vurğulayıb ki, hər bir xalqın tarixində "xeyli sayda dramatik və qanlı hadisələr var". "Biz digər insanları və digər xalqları qiymətləndirəndə həmişə sanki güzgüyə baxıb, öz problemlərimizi başqların üzərinə qoyuruq", - deyə Putin qeyd edib. Putin sağlamlıqla bağlı dediyi əslində, ABŞ prezidentinin sağlığında ciddi problemlər olduğu kimi izah edilib.

Rusiya prezidenti həftəsonu dincəlməyə gedərkən isə amerikalı həmkarı Co Baydenə müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun Rusiya və ABŞ xalqları üçün maraqlı olacağını bildirib.

V.Putin “Rossiya 24” telekanalının efirində bunları deyib: “Mən indicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Mənə elə gəlir ki, bu, Rusiya xalqı, ABŞ xalqı və bir çox digər ölkələr üçün də maraqlı olacaq”, - deyə Putin bildirib.

Putinin bu təklifinə Ağ Evdən cavab gecikməyib: “Hələ heç nə demək olmaz. Sabah(bu gün-red) prezident məşğuldur. Onun Corciyaya səfəri var”. Bundan başqa, Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib ki, ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.

Putinin açıq görüş təklifindən sonra isə Baydendə bir həyəcanlanma hiss olunmağa başlayıb. Belə ki, o çıxışında vitse-president Kamala Harrisi “president” adlandırıb. Bu da 78 yaşlı prezidentin səhhəti ilə bağlı mövzunu yenidən gündəmə gətirib.

ABŞ prezidenti Bayden Corciyaya gedəndə isə təyyarənin nərdivanı ilə qalxarkən bir neçə dəfə yıxılıb. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

Bayden yıxıldıqdan sonra ayağa qalxıb, zədələnmiş ayağını ovuşdurub və onu yola salanlara əlini yellədib.

Təyyarəyə minməzdən əvvəl Amerika prezidenti jurnalistlərin Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini soruşduqda, "Hər şeyin vaxtı var" cümləsi ilə cavab verib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin tənqid edib: "Birləşmiş Ştatların Prezidenti Co Baydenin rusiyalı həmkarının ünvanına səsləndirdiyi fikirlər prezidentə yaraşmayan ifadələrdir.

Bir ölkə prezidentinin Rusiya kimi bir dövlətin başçısına qarşı belə bir ifadə işlətməsi doğrudan da qəbul edilən, udulan deyil. Mənə görə cənab Putin çox ağıllı və qəşəng bir cavab verərək lazım olanı etmişdir", - deyə Ərdoğan bildirib.