Hulusi Akar şəhid tankçı Valeh Məmiyevin ailəsinə məktub göndərdi, onları Türkiyəyə dəvət etdi

Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan ordusunun şəhid tankçısı, baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. Virtualaz.org TRT Avaz-a istinadən xəbər verir ki, Hulusi Akarın məktubunu Məmiyevin Yardımlının Kürəkçi kəndində yaşayan ailə üzvlərinə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani çatdırıb.

Baş leytenant Valeh Məmiyev ötən ilin avqustunda Türkiyə-Azərbaycan birgə təlimlərində göstərdiyi nailiyyətə görə Hulusi Akar tərəfindən mükafatlandırılıb. Mükafatı təqdim edərkən Akar əsgərlərə deyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox gözəl. Lakin başlıca vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı azad etmək olmalıdır. Buradakı nailiyyətlərinizi döyüş meydanında da sübut etməlisiniz”.

Tank taqımının komandiri Məmiyev isə Akara cavab verib: “Biz baş komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”.

Müharibənin başa çatmasından sonra Bakıya səfər edən Hulusi Akar Müdafiə Nazirliyinin Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş sərgisi ilə tanış olarkən Valeh Məmiyevlə görüşərkən çəkilmiş fotosunu da görüb və təsirlənib.

İndi Akar şəhid tankçının ailəsinə yazır: “Şanlı Azərbaycan ordusunun Ermənistan işğalı altındakı torpaqlarını qurtardığı 44 günlük dastansayağı mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması xəbəri bizləri dərindən məyus edib. Baş leytenant Valeh vətən torpaqlarını işğaldan azad etmək barədə verdiyi sözə əməl edib, Qubadlı rayonunun azad edilməsindən sonra şəhadət məqamına yetişib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları qətiyyən unudulmayacaq”.

Məktubunda müdafiə naziri Türkiyənin son imkanlarına qədər Azərbaycanın yanında olacağını bildirib və Valeh Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Valeh Məmiyevin qardaşı Vüsal Məmiyev məktub üçün Akara təşəkkür edib və son damla qanına qədər döyüşərək sözünü tutan qardaşı ilə qürur duyduğunu vurğulayıb. Məmiyevlər ailəsi də Akara cavab məktubu yazıb.

Valeh Məmiyev yaralı halda hospitala çatdırılıb, orada “mən artıq məqsədimə çatdım, qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun” deyib və bir müddət sonra şəhid olub.