Çin kommunistləri YAP-a 10 min vaksin göndərir

Çin kommunistləri Yeni Azərbaycan Partiyasına koronavirusa qarşı 10 min doza vaksin göndərir. Virtualaz.org xəbər verir ki, bu haqda YAP-ın rəsmi saytında yer alan məlumatda bildirilir.

Məlumata görə Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib. Bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri cənab Can Cenkun bildirib.  ÇKP MK-nın nümayəndəsi qeyd edib ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı kütləvi peyvənd kampaniyasında Çinin “Sinovac” şirkətinin istehsalı olan vaksinlərdən istifadə olunur.