Səadət Şıxıyeva: “Bir qrup alim ictimaiyyətə məlumat vermədən, müzakirəyə təqdim etmədən günün birində qərar verdi ki, apostrof dildən çıxarılır”
Azərbaycan orfoqrafiyasında zamanında bir qayda ilə mövcud olan apostrof işarəsi 2003-cü ildə yeni orfoqrafiya lüğəti əsasında ləğv olunub.
Son günlər sosial şəbəkələrdə, ayrı-ayrı çıxışlarında bir çox dilçi, ədəbiyyatşünas, şərqşünas alimlər, tədqiqatçılar qeyd edirlər ki, bəzi titullu alimlərin təklifi ilə apostrofun sıradan çıxarılması dilimizin yazılışında və tələffüzündə ciddi boşluqlar yaranması ilə nəticələnib. Bir çox alimin fikrincə, apostrofun bərpası ilə bu boşluqlar aradan qalxa bilir. Bir sözlə, hazırda Azərbaycanda apostrofun yenidən qaytarılması məsələsi aktuallaşıb. Bəzi dilçilər deyirlər ki, apostrofun götürülməsi dilin başına oyun açanların əməli olub ki, onlar bunu dildə gedən islahatlardan biri kimi qeyd ediblər, halbuki, bu, orfoqrafiya və orfoepiya qaydalarının pozulmasına şərait yaradıb.
Mütəxəssislərin qeyd etdiyinə görə, apostrof yazıda istifadə edilən hərfüstü işarə olub və Azərbaycan dilində kiril əlifbası ilə yazılarda apostrof iki məqsədlə işlədilirdi: saitin uzun tələffüz olunmasını göstərmək üçün və ərəb mənşəli sözlərdə saitin aydın tələffüz olunmasına imkan yaratmaq üçün. Birinci məqsədlə apostrof saitdən sonra, samitdən əvvəl, ikinci məqsədlə samitdən sonra, saitdən əvvəl qoyulurdu.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, apostrofun götürülməsi dilimizə böyük zərbə vurub. “Mənə belə gəlir ki, o vaxt apostrofu tamamilə qanunsuz götürüblər. O zamankı vəziyyətdən istifadə edən bir qrup alim ictimaiyyətə məlumat vermədən, müzakirəyə təqdim etmədən günün birində qərar verdi ki, apostrof dildən çıxarılır. Guya məqsəd o idi ki, bununla Azərbaycan və Türkiyə türkcəsi yaxınlaşır, Türkiyə türkcəsində latın qrafikasında apostrofdan istifadə edilmir. Bu tamamilə absurddur. Mən 2018-ci ildən üzü bu yana apostrof məsələsini gündəmə gətirirəm. Belə başa düşürəm ki, o vaxt bir qrup dilçi alim Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında bir yaxınlıq yaratmaq, guya dillər arasındakı imladakı fərqi götürmək niyyətilə bunu etdilər. Amma çox uğursuz cəhd idi. Təvəvvür edin ki, Türkiyə türkcəsində apostrof götürüldüyünə görə klassik mətnlər çox təhrif olunmuş şəkildə ifadə olunur. Özü də Türkiyə türkcəsində bizim istifadə etdiyimiz bəzi sözlər istifadə olunmur, o sözlərin qarşılığında özləri yeni sözlər gətiriblər. Biz o sözləri istifadə ediriksə, artıq o sözlərin vurğusunu, çəkisini göstərən apostrofa ehtiyacımız var. Türkiyə türkcəsində apostroflu sözlərin bir qismi canlı danışıq dilində, ədəbi dildə istifadə olunmur, amma bizdə istifadə olunur. Yəni o sözlərin sayı da çox deyil. Amma təsəvvür edin ki, bu gün apostrof götürülüb, artıq o sözləri ifadə edəndə onlar eybəcər bir şəkil almış olur. Bunlar deyirlər ki, bu, ərəb mənşəlidir, buna görə də apostrof götürülməli idi. Bir məsələni bilmək lazımdır ki, apostrof işarə deyil, o hərfdir. Apostrof o sözə gətirilən məna yükünü göstərir. Məsələn, elə sözlər var ki, onları apostroflu və apostrofsuz yazanda məna fərqi olur. Amma artıq bu götürülüb, artıq səy-cəhd göstərmək sözü ilə səy-dəli sözü, Quran (Qurani Kərim) sözü ilə quran (dilimzidəki qurmaq sözü) sözü arasında məna itib. Bu məna yalnız yazılı şəkildə itməyib, həm də o sözlərin mənası da çəkisizləşib, o sözlərin mənası arasında lüzumuz bir omonimlik yaranıb. Əslində, onlar omonim sözlər deyil, fərqli sözlərdir, yazılışı da, anlamı da fərqlidir. Yəni apostrofun götürülməsi ilə dildə bir hərc-mərclik yaranıb, bu baxımdan apostrofun bərpasına ehtiyac var. Bu, dil mədəniyyəti baxımından lazımdır, apostrofun olmaması dili çox korlayır. Təsəvvür edin ki, bu gün uşaqlara başa salmaq olmur ki, söz “məəna”dır, “məna” deyil. Yəni apostrof sait səsdən sonra o səsin ikiliyini, qoşalığını ifadə edir, samitdən sonra gələndə isə oradakı durğunu ifadə edir. Amma bu gün apostrof götürüldüyünə görə tam hərc-mərclik yaranıb. Yenə də deyirəm, heç bir əlaqəsi olmayan sözlər yenə də omonimə çevrilib, anlamını itirib, səs itib, məna itib. Yəni buna nə ehtiyac vardı?”.
S.Şıxıyevanın sözlərinə görə, hazırda bir çox Avropa dillərində, o cümlədən də Türkiyə türkcəsində apostrof işarə kimi istifadə olunur, amma başqa məqamlarda. “Hal şəkilçisini, ümumiyyətlə, şəkilçini ayırmaq üçün istifadə edilir. Biz nə üçün istifadə etməyək ki? Biz apostrofu götürməklə yazılışı eyni olmayan sözləri süni şəkildə bərabərləşdirmiş olduq. Yəni tələffüzümüz korlanır, belə deyək, sözün sürətlə dinləyiciyə çatdırılması məqamında da çətinliklərlə üzləşirik. Əslində, apostrof ərəb əlifbası ilə yazılışda “eyn” hərfinin və “həmzə”nin qarşılığıdır. Yəni ərəb əlifbası ilə yazanda biz apostrofu işarə kimi yazmırıq, çünki o konkret hərfdir. “Eyn” hərfidir, bəzən də “həmzə” dayağıdır, “həmzə” sözünün üstünə hərəkə qoyulur və bilirsən ki, bəli bu apostrofludur. Amma daha çox “eyn” hərfinin qarşılığıdır. Təsəvvür edin ki, sözü müasir latın əlifbasına çevirəndə birdən-birə bir hərfi ixtisar edirlər. Buna nə ehtiyac var idi ki? Apostrofun götürülməsi dildə də, yazı da da təhrifə gətirib çıxarır, nitq mədəniyyətini korlayır, klassik mətnlərimizi tədris edəndə qarşımıza çoxlu çətinlik çıxarır. Yəni apostrof dildə ehtiyac olan hərfdir. Bilmirəm, sizin yadınıza gələrmi, biz orta məktəbdə oxuyanda deyilirdi ki, Azərbaycan dilində 32 hərf, 1 apostrof var. Yəni apostrof hərf kimi hərflər sırasında yer alırdı. Amma sonra apostrofu işarə statusuna saldılar, sonra da dildən çıxardılar və bu da təhrifə gətirib çıxardı” - deyə S.Şıxıyeva qeyd etdi.
Qeyd edək ki, 2015-ci ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov apostrofun yenidən Azərbaycan əlifbasına salınması təklifi ilə çıxış edib. Alimin həmin dövrdə mətbuatda qeyd edilən fikirlərinə diqqət çəkək: “Əvvəllər “sənət”, “Cəfər” sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı”.
İ.Məmmədov qeyd edirdi ki, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. O, həmçinin, bildirirdi ki, lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.
İ.Məmmədov hesab edirdi ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: “Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud “bəzən” (zərf – bəzi vaxtlarda) və “bəzənmək” sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxarılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir”.
İ.Məmmədov əlavə etmişdi ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanması çox lazımdır.
Mötəbər bir dilçi alimin fikirlərini də xatırlatmaqla o qənaətə gəlmək olar ki, apostrofun bərpa edilməsi istiqamətində addımlar atılmasına gerçək bir ehtiyac var.
Hər halda, bu vacib məsələnin elmi ictimaiyyətin, dilçilərin müzakirəsinə verilməsi qaçılmazdır. Çünki artıq məsələ gündəmdədir və apostrofun yenidən dilimizə qaytarılması fikrini müdafiə edənlər çoxdur.
(baki-xeber.com)