Bulaq ona görə axmır ki, kimsə onun suyundan mütləq içməlidir

Elxan AĞAYEV

73 ildir ki, dişimlə, dırnağımla bir ilişəcək axtara-axtara bu zirvəyə qalxmağa çalışırdım. Bu da zirvə! Mənim zirvəm. Çox yorulmuşam. Yoluma davam etmək üçün bir az dincəlim dedim. Hava nə qədər də təmizdir burda. Amma buna baxmayaraq, çətinliklə nəfəs alıram. Yaşıl otların üstündə oturdum. Buraya çatmaq üçün axı çox əziyyətlər çəkmişəm. Bəlkə, məni sıxan bikarçılıq, elə lap istirahətin özüdür. Axı bu dağın başına- indi oturduğum yerə gəlmək üçün istirahətin nə olduğunu bilməmişəm.

Sağa-sola baxıram. Zirvələrin yüksəkliyi fərqli! Yuxarı hərəkət edənlər də fərqli! Biri alpinistlər kimi sərt qayanı adlamağa çalışır, başqa birisi isə atasının çəkdirdiyi kanat yolu ilə hər cür şəraiti olan vaqonetka ilə ətrafındakılara kinayəli təbəssümlə baxa-baxa qalxır. Qarşılaşdığım eybəcər ədalətsiz mənzərəni bir daha görməmək üçün yorğunluğumu unudaraq yoluma davam etmək qərarına gəldim. Dərəyə tərəf-üzüaşağı. Bu nə mənzərə? Tutqun işıqdan başqa heç nə görünmür. Atacağım addımın haraya düşəcəyini bilmək olmur. Məchulluğa doğru elə ilk addımımı atmaq istəyirdim ki, qonşu zirvədən kimsə qışqırdı :

-Tələsmə! Növbən çatanda çağıracaqlar! Özü də, gedənlərdən hələ xəbər gəlməyib.Mən bir neçə aydır ki, buradayam. Hələ səs-soraq yoxdur. Sən də dincəl!

Uşaq deyiləm ki ! Hər şey mənə aydın oldu. Üzü gəldiyim yola tərəf oturdum. Aşağı baxa-baxa keçmişimə döndüm. İlk dəfə valideynlərimlə yamacla irəliləyirdim. Onlar artıq böyüdüyümü görüb əlimi buraxdılar. Öz yollarına davam etdilər. Ailə qurdum. İndi mən 3 övladımla yüksəkliyə can atırdım. Kotana qoşulmuş kəl kimi onları yoxuşa aparırdım. Bəzən yapışmağa bir şey tapmır, ayağım sürüşürdü. Gücüm çatmayanda xanımım köməyimə çatdı, mənə dayaq oldu. Uşaqlar böyüdü. Mən də onlara öz yolları ilə getməyi məsləhət bildim.

Bəzən yolum rahat oldu. Bəzən isə sərt qayalara dırmanmaq üçün o qədər çətinliklər çəkdim ki!

Bu da axırı!

Bikarçılığa yadam. 2020-də yanvarın əvvəlində 74-ə adladım. Hələ ki, vaxtım olduğundan 21 yanvarda You Tube-də ķanal açdım və Azərbaycan dilindən ptoqrama uyğun ardıcıllıqla videodərslər çəkməyə başladım. Bəyənmələr və rəylərdən başa düşdüm ki, hələ kimlərəsə faydalı ola bilmişəm. İzləyicilərim də, abunəçilərim də günbəgün artmaqdadır. Nə mənafe güdürəm, nə də şöhrət axtarıram.

MÜƏLLİMLİK MƏNİM HƏYATIMDIR! Bulaq ona görə axmır ki, kimsə onun suyundan mütləq içməlidir. Bulaq ona görə axır ki, bu onun həyatıdır, onun yaşam tərzidir!

Fikirlərdən ayrılıb yenə gəldiyim yoxuşa nəzər salıram.

Aman Allah, yolumun ətrafımda nə gözəl mənzərələr olsa da, onları görməmişəm. Bax orda axan bulağın, onun ətrafındakı istirahət guşəsinin yanından kor kimi keçmişəm. Hələ bir qədər yuxarıdakı çəmənliyin və çiçəkliyin yanından ötmüş imişəm. Dumanlı şəkildə yadıma düşdü ki, o vaxt bihuşedici ətir burnuma dəydi. Amma mən irəli tələsirdim! Ətir nəyimə gərəkdi!

Kaş o vaxt indiki ağlım ola idi. O anları geriyə qaytarmaq mümkünmü?! Hay, hay! Keçdi! Hə, bu da axırı! Düşünürəm. Ani olaraq gözüm önünə gələn məqamları bölüşmək istədim. Həyatımın elə qəribə anları gözlərimdə canlandı  ki!

Mən 1-ci sinfə gedəndə anam iflic oldu.Yatağından qalxa bilməyən anamı 7-ci sinifdə itirdim. Həyatdır, olası haldır. Məni bir şey yandırır ki, anamın sağlam görünüşünü heç cür təsəvvürümdə canlandıra bilmirəm. Elə son zəif və arıqlamış halında yadımda qalıb. Yeganə şəkli də xəstə dövrünə aiddir.

Kobudluğa yadam! Həmişə nəzakətli və diqqətli olmağa çalışmışam.

Məndən 4 yaş kiçik bir bacım vardı. Elə gözəl və şirin qız idi ki! Uşaq vaxtı bir dəfə mən kitab oxuyanda o qədər məni narahat etdi ki, onun çağırışına ,,zəhrimar", ,,azar" cavabını verdim. Ağladı və bir gün sonra 6 yaşı tamam olmamış qəflətən vəfat etdi. Uzun müddət özümə gələ bilmədim və onun ölümündə özümü günahkar hesab etdiyimdən vicdan əzabı çəkirdim. Lap elə bu yaşda da bu üzüntüdən xilas ola bilmirəm. Ona görə də indinin özündə də(məni tanıyanlar bilir) kobud davranışa yadam. Hərdən fasebookda da dostların bir-birinə diqqətsizliyi və kobud sözləri ilə barışa bilmirəm. Mənim əzizlərim, həyat çox qısadır. Mehriban olaq ki, sonradan bu halları xatırlayanda iztirab çəkməyək! Bir an  səbrimizi boğmağı bacaraq. Fasebookda indiyədək 3 dəfə gözləmədiyim cavab almışam. Cavab vermədən meydandan çəkilmişəm. Bu məgər mənə hörmətsizlik gətiribmi?

Burda-bu yüksəklikdə vaxt elə sürətlə keçir ki! Heç cavanlıqda adam zaman haqqında düşünmür!

O vaxtlar övladlarıma çox vaxt ayırsam da, indi görürəm ki, heç doymamış imişəm. İndi onlar(1 qız, 2 oğlan) 38-44 yaş arasındadırlar. Hər görüşəndə üzümdən öpürlər. Öpmək istəyiəm, ancaq öpə bilmirəm. Nə edim, beləyəm də! Elə istəyirəm ki, onların uşaqlığı bir an da geri dönsün. Əllərimi boyunlarının altına keçirib yatağın içində qucağıma alım, sinəmə sıxıb lap doyunca öpüm, öpüm və yenə də öpüm! Heyif ki, mümkünsüzdür.

Nə qədər ki gəncsiniz, özünüzü doyuzdurun! Utana-utana birini də deyim. Ancaq gülməyin. Mən ömrümdə bir dəfə də olsun qol qaldırıb oynamamışam. Buna görə övladlarımdan utanıram. Axı onların toyunda da bunu etmədim. Xəcalətini çəkirəm. İndi ha peşmançılıq keçirim, nə xeyri!

Həəə! Sizlər də bu yoldasınız, öz yolunuzda! Sizlər də zirvəyə tələsirsiniz-öz zirvənizə!

Gənclərə səslənirəm! Həyatınızı məqsədlərə qurban verməyin ! Həyatı yaşayın ! Gözəlliklərindən faydalana-faydalana yaşayın ! Sonraya təxirə salmayın ! Sonralar nə həvəsiniz qalacaq, nə də gücünüz! Və görəcəksiniz ki, sonraya saxladığın indi sənin üçün ən əhəmiyyətsiz bir şeydir. Bəlkə, yuxarı tələsərkən elə ən böyük uğurunuzun və səadətinizin yanından saymazyana keçmisiniz ?! Bu ona bənzəyir ki, maşını idarə edən sürücü bütün diqqəti yolda olduğundan kənardan ona əl edən ən yaxın dostunu görmədən ötür. İşinizi sevin ! Sevmədən məqsədsiz yaşamaq fəlakətdir! Müəyyən problemləri həll etmək üçün özünüzü çox zora salmayın! Onsuz da, bir problemi aradan qaldırmağa çalışarkən başqa problem yaranacaq və bu ömrünüz boyu davam edəcəkdir. Ona görə də enerjinizi xərcləməkdə israfçılıq etməyin! Yoxsa, gələcəkdə korluğunu çəkməli olarsınız!

Bir də, sağlamlığınızı heç vaxt heç nəyə-hətta ən ali məqsədinizə (ailənizdən qeyri) qurban verməyin! Qurban verməyin! Çox haqlı olaraq soruşa bilərsiniz: etmədiklərimə görə  peşmanammı? Yox, qətiyyən peşman deyiləm! Ancaq nə gizlədim, bəzi şeylərə görə təəssüflənirəm! Bu da axırı!

Şükür ki, enerjim, az da olsa, qalıb. Hələ dərs keçə bilirəm! Hələ videodərslər çəkərək kimlərəsə fayda verə bilirəm! İzləyicilərimin izahlarımdan sonsuz razılıqları və minnətdarlıqlarını xoş sözlərlə ifadə etmələri, davam etdirmək xahişləri əminliyimi artırır, mənə güc verir. Lazımamsa, demək, yaşayıram!

Növbəmə nə qədər qalır, bilmirəm. Hələ də faydalı iş görə bilirəmsə, demək, varam!

YAŞAYIRAM !

Elxan AĞAYEV