“ADIMI DƏYİŞİB VƏTƏN QOYARDIM”

“Eh Vətən, bir yol da görsəydim səni,

Dünyanın hüsnünü səndə duyardım.

Qınamasaydılar dostlarım məni,

Adımı dəyişib Vətən qoyardım”.

Bu misralarda gizlənən həsrətin ağırlığına ürəyin gücü necə çatıb? Həcmi ölçülə bilməyən ayrılıq ağrı-acısını necə gəzdirib?  Misraları oxuduqca qollarımı var gücümlə açıb Vətəni qucaqlamaq, qollarım arasında saxlamaq keçir qəlbimdən…duyğularım vücudumu titrədir, Vətəndə olduğum halda Vətən üçün darıxıram…

Vətən həsrətini misralara köçürən Əli Tudə şair, nasir, publisist, tərcüməçi və siyasi xadim kimi fəaliyyət göstərsə də ictimaiyyət onu ən çox şair kimi tanıyır. Onun yaradıcılığında vətənə məhəbbət. zülmə nifrət, azadlıq uğrunda mübarizəyə çağırış, Azərbaycanın bütövlüyünün bərpası və vətən həsrətini özündə əks etdirən tarixi, elmi-mədəni hadisələr barədə məlumatlar xüsusi yer tutur.

Filologiya üzrə fəlsəfə doktoru, dosent,  Ağahüseyn Şükürov tərəfindən ilk dəfə 2014-cü ildə Əli Tudənin yaradıcılıq yolu, poeziya, nəsr və publisistikası, ictimai-demokratik fəaliyyəti, ədəbi düşünсə və mülahizələri, əsərlərinin bədii təsvir və ifadə vasitələri, dil-üslub xüsusiyyətləri barədə  tədqiqat aparılmışdır.  Bu yazıda isə ədibin poeziyasının vətən həsrəti və Azərbaycanın bütövlüyü uğrunda fəal mübarizəyə çağırış motivləri barədə mülahizələri qismən diqqətə çatdırılır.

Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. Ailəsi əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Çanaxbulaq kəndindəndir. XX əsrin ilk illərində Bakıya köçmüşlər. Onun taleyinə ata və anasını çox erkən yaşlarında itirmək və nənə himayəsində böyümək yazılıbmış...

Əli Tudənin yaradıcılığında müxtəlif illərdə qələmə aldığı “Azərbaycan torpağı”, “Xalq”, “Vətən bayatıları”, “Azərbaycan olmasa”, “Vətənin vüqarı”, “Vətən məhəbbəti”, “İstiqlal şəhidləri”, “Azərbaycan” və s. şeirlərində Vətən həsrəti, Vətənə məhəbbət duyğuları və ayrılıq motivli şeirlər əhəmiyyətli yer tutur. Onun “Vətən həsrəti”, “Təbriz notları”,“Dözüm”, “Şəhid arzular”, “Ayrılıq”, “Ay Araz”, “Təbriz yadıma düşdü”, “Savalanın quzey qarı”,“Etiraz”, “Hanı”, “Sərhəd”,“Qürbət bayatıları”, “Səfər arzusu”, “Təbrizdə qış səhəri” və s. şeirləri ayrılıq mövzusundadır və özünəməxsusluğu ilə fərqlənir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Onun, Vətənin birliyi və müstəqillik arzusu başlıca yer tutan bu şeirlərində cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır.

Əli Tudənin həyatı və yaradıcılığı haqqında 2024-cü ildə Tarix üzrə Fəlsəfə Doktoru, dosent Əli Fərhadovun müəllifi olduğu, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunmuş “AZƏRBAYCAN” QƏZETİNDƏ (1947-1949) PUBLİSİSTİKA, MƏDƏNİYYƏT VƏ İCTİMAİ-SİYASİ, İQTİSADİ MƏSƏLƏLƏR adlı monoqrafiyada da bəhs olunmuşdur. Əli Tudənin yaradıcılığının “Azərbaycan” qəzetində (1947-1949) ərəb əlifbası ilə dərc olunması haqqında hal-hazırda MATM-də saxlanılan qəzet toplusunda  məlumat mövcuddur. “Azərbaycan” qəzetinin 27 noyabr 1948-ci il buraxılışında Üzeyir Hacıbəyliyə həsr etdiyi “Sənin nəğmən” adlı şeiri də ərəb əlifbası ilə dərc olunuşdur:

“Dedilər: “ Bu dünya bir tamaşadır”

Xeyr! Həyat axır bir bulaq kimi.

Zaman hünərsizi çox az yaşadır,

Gec gəlib-tez gedən bir qonaq kimi...

* * *

Gözündə yaş donmuş Təbriz gözəli,

Sənin təranənlə güldi, sevindi;

Döyüş təlimini mənim də xəlqim,

Sənin “Koroğlu”ndan öyrənir, budur”,- misralarında bütöv Azərbaycan xalqının əzmini tərənnüm etmişdir.

 Ömrünün sonuna qədər Şimali Azərbaycanda mühacirət həyatı yaşayan Əli Tudənin Təbriz həsrəti boylanır “Durnalar” şeirinin misralarından:

Yenə axşamüstü qaş qaralanda,

Hara gedirsiniz, hara durnalar?

Düzülün göylərdə bir təsbeh kimi,

Seyr edin, qayıdın bura durnalar!

 

“Mənim Təbrizimin ulduzı batdı,

Aylar dolandıqca bir il yaratdı.

Nə əlim yetişdi, nə səsim çatdı,

O bədbəxt, o əsir yara durnalar!

 

Bu iki torpağın çiçəyi birdir,

Eyləyən arzusu, diləyi birdir,

          Sinəsi ayrısa, ürəyi birdir,

         Ona xal salmasın yara, durnalar!

 

Bizi bir isidir bu günəş, bu ay,

Nə zalım, nə rütbə, nə tac, nə saray,

Nə hicran, nə sərhəd, nə körpü, nə çay,

Bizə çəkə bilməz ara, durnalar!  

Vətən üçün fəryad edən, ayrılıq acısını misralara köçürərək vətən sevgisini izhar etməkdən yorulmayan şair,

Dilim yorulmadı Vətən deməkdən,

Yox, yalnız əridi bədənim mənim.

Uçan qaranquşdan, əsən küləkdən,

Soruşdum necədir Vətənim mənim?- deyə yerdən, göydən, səmadan, küləkdən, günəşdən vətəni soraqlayırdı.

Əli Tudə misralarında Vətən həsrətini tərənnüm etsə də qovuşa bilmədi. Xalqımıza tezliklə bütöv Azərbaycanın vətəndaşı olmaq hissini yaşaması diləyi ilə ruhuna dərin ehtiramla...

 

Gülqədəm Qaraman Mirzəzadə