“Dünyanın zəngin adamları” haqqında

Pərvanə Bayramqızı

Keçən il təşəbbüs irəli sürüb, yarızarafat-yarıgerçək elan vermişdim ki, kitabxana, kitabxanaçılıq mövzusunda tərəfimdən şeir müsabiqəsi elan olunur. Qatılmaq istəyənlər üçün yaş, vaxt məhdudiyyəti qoyulmur.  Şeirləri profilimə göndərə bilərsiniz. Əvvəllər çap olunmuş olsa da qəbul edilir. Toplayıb oxuyacam, müəlliflərə təşəkkür edəcəm. Qonorar vəd verilmir. Mənəvi gözəlliklərə üstünlük verənlər qoşulsunlar.
Onu da qeyd etmişdim ki, peşələrin əksəriyyətinə şeir yazılıb. Müəllim, həkim, təyyarəçi, dənizçi, dərzilik və s. sənətinə aid xeyli ədəbi nümunələr tapmaq olar. Polisə,  şairliyin özünə də həmçinin. Sağıcıya belə sovet dönəmində şeir yazılıb. Uşaqlardan soruşanda, böyüyəndə hansı peşəyə yiyələnəcəksən, populyar ixtisasların adlarını çəkirlər. Kitab olan yerdən – kitabxanadansa qaçırlar.
Güldən, bülbüldən yazanları demirəm, cəmiyyətin problemini dərd edən vicdanlı qələm adamları nə əcəb iniyədək bu mövzuya laqeyd qalıblar, bilmirəm. Səməd Vurğunun "Azərbaycan" şeirinin bəsit olduğunu yazıb hərə bir irad tutur, amma Azərbaycandan danışanda hamı o şeiri söyləyir. "Azərbaycan" şeiri Azərbaycanın təbiətinin, Azərbaycana sevginin təbliğatçısıdır. Kitabxanaya, kitabxanaçılığa aid də maraqlı bir şeir yazılsa əla olar. Kitabxanaçı deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar.  Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər.
Özüm də bu mövzuda müsahibə vermişəm, ziyalılara da suallar yazıb cavablarını işıqlandırmışam. Bununla yanaşı, hekayə, məqalə, köşə yazıları, statuslar da yazmışam. Qalıb şairlərin köməyi.
Sonda mövzuya müraciət etməyin istəyə bağlı olduğunu bildirmişdim.
Oxucu qıtlığından gileylənməmək, kitabxanaçılıq haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif etmişdim. Adamları “təhdid” də eləmişdim: gülməyi tutanlar, mənasız iş sayanlar "laqeyd vətəndaşın millətə zərəri" maddəsi ilə mənəvi məsuliyyətə cəlb ediləcəklər.
Bahəddin Həzi təəssüratını bölüşməklə dəstək olmuşdu: özüm şahid olmuşam Amerika Birləşmiş Ştatlarında kitabxanaçılar həkimlər, hüquqşünaslar kimi sevilirlər. Orda bu peşəyə maraqla, hörmətlə yanaşırlar.  
“Müsabiqəyə” həvəslə qoşulanlar oldu. Əfşan Yusifqızı, Elmira Cəfərqızı, Şəlalə Xəlilova, Əlirza Həsrət şeiri mənə həsr etdilər. Mənsə ümumilikdə kitabxanaçılıq peşəsini nəzərdə tutmuşdum. Hər halda sağ olsunlar, mövzuya laqeyd qalmadılar. Təvazökarlıq edib həmin şeirləri mətnə yerləşdirmirəm. Bu gün peşənin təbliğatı məqsədi ilə Əşrəf Veysəllinin, İbrahim İlyaslının, Nəriman Həsənzadənin şeirlərini oxuculara təqdim edirəm. İ.İlyaslının kitabxanaya, kitabxanaçılıq peçəsinə böyük dəyər verdiyini vurğulamağı özümə borc bilirəm. O, bir çox adam kimi kitabxanaçının yalnız kitab verib, kitab alan olmadığından xəbərsiz deyil. Kitaba olan münasibətimi də bilir: – Sizdə kitabı olmaq müəllifin mənəvi qazancıdır – deyir.  Statusların birində: "Kitabı ver kitabçıya..." yazmışdım, o da: "birini də üstəlik"  deyə fikrimi davam etdirmiş və kitabını kitabxanaçıya çatdırmışdı.
Kitabxanaçı haqqında yazan bütün müəlliflərə xoş hisslərimi yetirirəm.

Kitabxanaçı
Qarışar başları uca işlərə,
Uca kürsülərdən gəlməz səsləri.
Səhifə-səhifə yetişdirərlər
Uca kürsülərə qalxan kəsləri.

Asta yeriyərlər, usta dinərlər,
Nur yağar mənalı baxışlarından.
Yerdən ucalarlar, göydən enərlər
Bəşərin həqiqət naxışlarına.

Onlar kitabları əzizləyəntək
Kitablar da sevər xirudarını.
Mən sevib tanıdım, tanıyıb sevin
Dünyanın bu zəngin adamlarını.
Ibrahim İlyaslı

Kitabxanaçı qız
Sənin iş yerinə gəlirəm hər gün,
Əgər bu günahsa, günahımdan keç.
Bəzən bir kəlməni söyləmək üçün
Bir insan ömrü də bəs eləmir heç.

Daha kitablar da yetişmir dada,
Məndə də o dözüm, o tab qalmayıb.
Sənin işlədiyin kitabxanada
Məni tanımayan kitab qalmayıb.

Ölürəm dərdindən ölməkdən ötrü,
Sən mənə ölməyi unutdurmusan.
Təkcə bir kəlməni deməkdən ötrü
Bütün kitabları oxutdurmusan.

Nə mənim qəlbimdə cəsarət, nə də
Sənin ürəyində bir insaf qalıb.
Ancaq bu kitablar əhatəsində
Hələ yazılmamış, çap olunmamış,
Hələ oxunmamış bir kitab qalıb.
Əşrəf Veysəlli

Kitabxanaçı
Limon xanım gözəl-göyçək
Kitabxana işçisiydi.
İşçilərin incisiydi,
bəlkə lap birincisiydi.
Qara uzun hörüyünü
Gah açardı, gah yığardı.
Açanda biz tanımazdıq,
yığanda biz darıxardıq.
Oxu zalı işıqlıydı,
Ütülüydü ag pərdələr.
Oxucusu aspirantlar,
Müəllimlər, tələbələr.
Kitabları gətirərdi,
Yoxlayardı sifarişi.
Biz oxuyub qurtarardıq,
Qurtarmazdı onun işi.
Müdriyyət çağırsaydı,
Bizdən izn istəyərdi.
Sevinəndə bölüşərdi,
qəmlənəndə gizlədərdi.
— Limon xanım!
— Bəli, buyur.
–Limon xanım, filan kitab.
Stol üstə qoyulardı,
Toz altında qalan kitab.
Çağırmamış gedər-gələr,
əli işdən soyumazdı.
Oturmaqdan biz bezərdik,
Işləməkdən o doymazdı.
Dodaqaltı deyinərdi,
yəqin bir ehtiyat üçün:
gizlin kəsib aparırlar
qəzetləri sitat üçün.
Tariximiz çıxır yoxa,
Sonuncu xəbər itirdi.
Müəllimlər pıçıldaşır,
aspirantlar eşidirdi.
Ali məktəb diplomunun
Qazancı az, yeri dardı.
Bir təşəkkür eşitsəydi,
Neçə sagol, qaytarardı.
Oxudular, dagıldılar,
Hərəsi bir alim oldu.
Bu, elmlər namizədi,
O, əməkdar xadim oldu.
Unuduldu Limon xanım,
Unuduldu kitabxana.
Biri təbrik göndərmədi
Ad günündə o qadına.
Saç ağardı Limon xanım,
Eynək taxdın ala gözə.
Çağır Aşıq Ələsgəri,
“Yandı bağrım, döndü közə”.
Nəriman Həsənzadə