“İSTİQLAL UĞRUNDA” KİTABI HAQQINDA BİR NEÇƏ SÖZ

2015-ci ildə Qələmnəşrin çap etdiyi  "İstiqlal uğrunda" kitabına hələ 2009-cu ildə transliterasiyasını hazırlamış, indiki  leksikonumuzdan çıxmış, dəqiq anlaşılmayan 90-dan yuxarı arxaikləşmiş sözlərin, istilahların izahlarını vermiş, eyni zamanda  geniş, analitik  rəy (Son söz) yazmışdım.  Bu irihəcmli, analitik rə”yi ilk dəfə olaraq paylaşıram.

Qaranəfəs oxucu oxusun!

Təngnəfəs oxucu aradan çıxsın!

ƏRƏB QRAFİKASININ FONETİK YARITMAZLIĞI

C.Məmmədquluzadə hələ 1922-ci ildə yazdığı “Molla Nəsrəddin” və “Kürk” adlı felyetonlarında Azərbaycan türkcəsində olan sözlərin ərəb qrafikası ilə oxunuşunu satira atəşinə tutmuşdu.

O, İrəvandan yazırdı ki, Danabaş kəndində yaşayan, hamilə olan bacısı Pəricahanın naxoş oğlu da var idi.

Bir gün Pəricahanın ərindən aldığı məktubda “Pəricahanın uşağı oldu” cümləsini oxuyub dəhşətə gəldi. Ərəb hərflərilə  bu xəbəri həm də “uşağı öldü” kimi də oxumaq olardı. Əgər tel vurub  rusca yazılmış teleqrafla  işin həqiqətini öyrənməsəydi, onda bu bəd xəbəri  ən azı yerində aydınlaşdırmaq məcburiyyətində qalacaqdı.

“Kürk” felyetonunda  isə sövdəgər (parça satan tacir) Məşədi Qulaməli Daş-qalada yaşayan qardaşına 200 tümən pul göndərir ki,  qış vaxtı onun üçün Təbrizə yaxşı qiymətə gedən kürk alıb göndərsin. Qardaşı “kürk” sözünü “kürək” oxuyaraq 3 – 4 kəl arabasıyla hər biri iki qrana  olan (halbuki Təbrizin özündə hər biri bir qranlıq) 1400 ədəd kürək alıb göndərir və onu ziyana salır.

***

Bu günlərdə keçən əsrin əvvəllərində  əski əliba ilə (ərəb hürufatı ilə) çap olunmuş “İstiqlal uğrunda” (Milli Azərbaycan nəşriyyatı. İstanbul, Orxaniyyə” mətbəəsi, 1928, 168 səh) kitabının transliterasiyasını hazırlayarkən C.Məmmədquluzadənin yuxarıdakı felyetonları yadıma düşdü və və həmin felyetonların  qəhrəmanlarının düşdüyü oxşar vəziyyətlə qarşılaşmalı oldum.

Burada ilk növbədə 100 il əvvəlki elitar Azərbaycan cəmiyyətinin, daha doğrusu, Azərbaycan ziyalılarının istifadə etdikləri ədəbi dil normaları (fonetik, leksik, qrammatik, orfoqrafik və orfoepik normaları) və onların bu normalara necə riayət etmələri bu günün prizmasından diqqətimi cəlb etdi.

Məlumdur ki, ərəb əlifbasında tələffüzlə fərqlənən  dörd  Z, üç S və iki H samitləri ilə yanaşı HƏ, VAV və YƏ hərfləri vasitəsilə (təsviri)  yaranan Ə, U və İ saitləri mövcuddur ki, bunlar işləndikləri sözlərin birbaşa leksik mə”nalarını dəyişdirir. Hətta KƏF hərfi üzərinə  üç nöqtə qoyulmaqla  K – N burun samitinə çevrilir. 

Hələ bu nüansı  da əlavə edim ki,  hərəkələrsiz (hərfüstü və hərfaltı xüsusi işarələr: fəthə-zəbər, kəsrə-zir, zəmmə-piş olmadan) yazılan mətnlərdə bə”zən üstəlik orfoqrafik səhvlərə yol verilir, sözlərin dəqiq və düzgün oxunuşu xeyli çətinləşir. M.Füzuli məhz bu mə”nada  əlyazmaların üzünü köçürənləri-kalliqraf mirzələri qəzəblə yad etmişdir:

Qələm olsun əli ol katib-i bədtəhririn

Ki, fəsad-i rəqəmi surumuzu, şur eylər.

Gah bir hərf süqutilə  qılar nadiri nar,

Gah bir nöqtə qüsurilə gözü kur eylər.

Yəni sur sözündəki sin hərfinin üzərinə üç nöqtə əlavə etdikdə şur, nadirdən d hərfi  düşərkən nar, gözdəki ze hərfinin üzərindən nöqtə buraxılarsa, kor kimi oxunar  və təbii ki, bu kobud orfoqrafik xətalar kobud da leksik mə”na təhriflərinə gətirib çıxarar. Bu baxımdan da əski əlifba ilə yazılan kitabın mətnini oxuyarkən orfoqrafik və orfoepik  normaları özündə birləşdirən fonetik normanın ara-sıra analoji hallarla qarşılaşdığını görürük. Beləliklə, məhz samitlər üzərində  qurulan  ərəb qrafikası ilə Azərbaycan türkcəsinin fonetik normasını tam əhatə etmək olmur. Məs. kontekstdən asılı olmasa, burada illəryıllar, yeyillər, yeyəllər; könüldən – konuldan, kökəldən; günlərdən – köklərdən və s.şəkildə, yə”ni ən azından üçvariantlı  - başqa-başqa semantikada  oxumaq olur. Bu da danışıq səslərinin  fərqli tələffüzünü, sözlərin çoxvariantlı orfoqrafiyasını yaradır.

Əslinə qalanda burada orfoqrafik normanın konkret hüdudları bilinmir və ixtiyari sözlərin ardıcıllığı qrammatik normanın varlığını şübhə altına alır. Bütün bunlara baxmayaraq, çox da uzaq tarixi  keçmişdə olmayan mətnin doğma sözlərini, vaxtilə bu sözlərlə danışmış xalqın isti nəfəsini hiss etmək, oxuyub anlamaq ( bə”zi qəliz  ərəb-fars tərkibləri istisna olunmaqla) mümkündür.

Ümumiyyətlə, ərəb hürufatında dilimizin 9 sait səsindən beşini – e, ö, ü, o, ı  saitlərini bildirən konkret hərf-işarə (hərəkə) yoxdur. Elə buna görə də yuxarıda adı çəkilən saitlərlə zəngin olan leksemlərin düzgün oxunuşunda  xeyli əngəllər yaranır.

Təbii ki, ərəb qrafikası ilə yazılmış tarixi, elmi, ədəbi-bədii əsərlərin oxunuşunda  daha ciddi qüsurlara yol veriləcəyi istisna deyil. Xüsusilə, müstəqil dövlətimizlə bağlı olan dil abidələrində  (bu, min ildən artıq bir dövrü əhatə edir)  işlənən, çoxdan arxaikləşib sıradan çıxan, leksik mə”naları lüğətsiz başa düşülməyən  külli miqdarda türk mənşəli sözlər (təəssüf ki, bu sözlərin izahlı lüğətinə  rast gəlmək olmur) mövcuddur.

Buna görə klassik ədəbiyyat nümunələrində rast gəlinən söz və ifadələrin qeyri-dəqiq, yanlış oxunuşundan  heç kəs sığortalanmayıb. Belə ki,  şərqşünas F.Dits tərəfindən 1815-ci ildə Drezden kitabxanasında tapılıb elm aləminə bəlləndirilən, ərəb qrafikasıyla yazıya alınması XV əsrə aid edilən baş kitabımız “Kitab-i Dədə Qorqud” mətnində  ayrı-ayrı qədim, köhnə sözləri (arxaizmləri) tam dəqiqliklə oxumaq mümkün olmur. Çünki ana dilimizi samit səslər üzərində qurulan ərəb qrafikası tam əhatə edə bilmir.  Daha doğrusu,  ərəb qrafikası  ilk növbədə ərəb dilinin özü üçün daha münasib və mükəmməldir. Deməli, fonetik normadakı qüsurlar (fonemlərin ərəb qrafikası ilə  tam əhatə edilməməsi və ahəng qanunun pozulması) leksik normaya da  mənfi tə”sir göstərir və nəticədə qrammatik norma  qarşısıalınmaz, labüd  çətinliklərlə üzləşir. Beləliklə, bə”zi hallarda nə mətnin dil-üslub xüsusiyyətlərini, nə də ümumiyyətlə, adi məzmununu başa düşmək olur. Məhz bu çatışmazlıqlara görə hələ XIX əsrdə (maarifçilik dövründə) həm çar Rusiyasının tərkibində  olan Şimali Azərbaycanda, həm də İranda Azərbaycan türkcəsində əlifba islahatına keçilməsi  zərurəti yaranmışdı və hər iki ölkədə yaşayan eyni xalqın  ziyalıları  mütərəqqi latın qrafikasının tətbiqinin  əhəmiyyətli olmasını  dövlət başçılarına inandırmağa  cəhd göstərirdilər.  

Bu danılmaz faktdır ki,  dilimizə keçmiş külli miqdarda  ərəb mənşəli sözlərin oxunuşunda  leksik normanın pozulması halları qeyri-ixtiyari baş verir. Ərəb dili bilməyənlər (həmin qrafika ilə  hər hansı bir dildə yalnız mətni oxuyanlar)  əsasən elmi-ədəbi əsərlərdə  işlənən ərəb mənşəli  qəliz sözləri təbii ki, dəqiq və düzgün oxuya bilmirlər. Fikrimizi sadə, ancaq populyar bir misalla əsaslandıraq. Üç samit hərf birləşməsi – MLK üzərində qurulan  ərəb mənşəli söz kökləri Azərbaycan türkcəsində  ən azından üç transkripsiyada – üç mə”nada oxunur: 1 Mülk (əmlak); 2.Mələk; 3.Məlik (torpaq sahibi, hökmdar). Fərhəng-i Əmid”  adlı fars izahlı lüğətində  bu söz beş cür oxunur, yuxarıdakı mə”naları ilə yanaşı, əlavə iki mə”nanı da əhatə edir. Hələ onu demirəm ki, flektiv (sözün səs tərkibinin dəyişməsilə) dillərdən sayılan  ərəb dilinin bir neçə babda  olan sözləri – təf”ilələri həm türk,  həm də fars dillərində bu gün də geniş şəkildə  işlənməkdədir. 

Məsələn, bu kitabda öz zamanında  ədəbi dildə işlənmiş  elə ərəb mənşəli sözlər vardır ki, bu gün həmin sözlərin tərcümələrini vermək  zərurəti yaranmışdır. Məsələn:  tə”yid olunantəkid olunan, nəşidələrnəşrlər, todi etdiyimizvə”d etdiyimiz, əsli və fariq - əsas və fərqli, məhfilməclis, qareləroxucular, müqabilə etdiqarşıladı və s.

Hətta yaxın sovet dvründəki neologizmlər – kolxoz, sovxoz, pioner, komsomol və s. artıq arxaikləşmişdir. Azərbaycanın müstəqillik qazandığı  1991-ci ildən  indiyə qədər dilimizə  xeyli miqdarda siyasi, iqtisadi, ticari, mədəni və s. terminlər  daxil olmuş və daxil olmaqdadır. Hər birin leksikasında  yeniləşmənin, yeni sözlərin meydana gəlməsi  təbii prosesdir. Biz də bu təbii proseslərdən  qorxmamalı, əksinə, dilimizin saflılığının keşiyində dayanmağı bacarmalıyıq.

Əsas odur ki, dilimizin fonetik-qrammatik qanunauyğunluqları, demək olar ki, dəyişilməz qalır. Mən dilimizin bu qanunlarının  sarsılmazlığını poetik nümunələrin təhlilində  oxucularımızın diqqətinə başqa bir rakursdan çatdırmağa çalışacağam.  Ancaq əvvəlcə linqvistik  təhlilin yekunu olaraq,  dilimizin qüdrət və gözəlliyinin  aşağıdakı bəzi məqamlarına  da aydınlıq gətirməyi özümə borc bilirəm.

GÖZƏLLİK TAXTINDA ƏYLƏŞƏN SÖZLƏR

Mən bədbinlərdən və şəkkaklardan  fərqli olaraq optimistəm. Böyük və keşməkeşli tarixi yol keçib, assimilyasiyalardan, yad tə”sirlərdən, küncə sıxışdırılmalardan, hətta öz doğma düşmənlərindən qurtularaq  üzü gələcəyə əzəmət  və qüdrətlə addimlayan  doğma dilimi dəlicəsinə sevdiyimi gizlətmirəm. O, mənim Leylim, mən onun Məcnunuyam. Ancaq bu dili məhdud subyektiv, şəxsi məhəbbətlə özəlləşdirmək olmaz. Olsa-olsa, mən o bütöv eşqin zərrələrindən biriyəm. Bütöv – zərrələrin cəmidir. Zərrələr bütövə can atdığı kimi, bütöv də zərrələrsiz yaşaya bilməz. Ana dilimiz əsrlərcə  bu dildə danışmış, indi də bu dildə danışan, gələcəkdə də bu  dildə danışacaq  eynidilli sələf və xələflərin  zaman və məkan ölçülərinə  sığmayan, qiyamət gününəcən yaşamağa hesablanmış qüdrətli nitq, təmas dilidir. Bu dil təkcə  gözlə görünən  obyekt və hadisələri əks etdirmir. Bu dil eyni zamanda  mənim şəxsimdə  insan ürəyinin adi gözlə görünməyən ən dərin,  mö”cüzəli qatlarını solmaz, dilbər guşələrini  canlı, olduğu və göründüyü kimi  göstərir. Mənim dilim bu məchul, müqəddəs yerlərin  ən bakirə, ən mə”sum  gözəlliklərini  güldən daha  zərif və təravətli, bülbül cəh-cəhindən daha şaqraq, daha incə və məlahətli  təsvir və ifadə etmək gücündədir.

Həm Azərbaycan, həm də fars ədəbiyyatında  müştərək işlənən, iki məşhur obraza müraciət edək: gül, bülbül. Hələ bu sözlərlə həmqafiyə olan məhz bizim dilə məxsus füsunkar könül sözünü demirəm.

Əvvəlcə bir həqiqəti də  bildirim ki,  əruzda yazılan poetik nümunələrdə  fars dilinə məxsus  izafətlər – ismi birləşmələr həmin vəznin ahəngdar təqtilərini, xüsusilə qəzəllərin ramolmaz, hər sözə uyuşmaz bəhrlərini yaratmaqda  müəyyən üstünlüyə malikdir.

Bir-birilə kök həmqaiyə olan gül, bülbül sözlərində  təbiətin möcüzəsi kimi könül oxşayan  cingiltili samitlərlə dodaqlanan, incə saitlər bu sözlərdə təkcə cingiltili və incə səslənmir, sanki bir-birinə sadiq, bir-birinə yaraşan sevgililər kimi öpüşməyə hazırlaşırlar. Tələffüz edərkən  gül bülbüllə sanki öpüşür. Elə buna görə də  qəlbən sevən iki həsrətli aşiqin  busələri qədər zərif və dadlıdır bu sözlər. Bu sözlər qüdrətdən gözəllik taxtında əyləşiblər.

Şirindilli farslar gülə - qol, bülbülə - bolbol  deməklə hər iki xalq üçün ortaq olan bu sözlərin  qapalı saitlərini  açıq saitlərə çevirir, cingiltili samitlərin  həmin qapalı, sanki naməhrəmlərdən gizlənən zərif, incədən-incə  saitlərlə harmonik sintezini pozur, bu sözlərin ümumi ahənginə  xələl gətirir. Məhz fars dilinin  fonetik qanunlarından irəli gələrək bu şahanə sözlər  gözəllik taxtından sanki zorla aşağı endirilir.

BEYNƏLXALQ DİLLƏRLƏ “ATBAŞI YÜRÜTMƏYƏ” QADİR ANA DİLİM

Ana dilimi təkcə misal gətirdiyim bu zərif və gözəl leksik vahidlərinin fonetik üstünlüklərinə, qrammatik sabitliyinə görə sevmirəm. Ucsuz-bucaqsız Asiya qitəsində anlaşıqlı olan doğma dilimin funksional imkanlarının böyük miqyasından  kor-koranə  təəssübkeşliklə  bəhs açmaq niyyətindən uzağam. Əsasən tarixi, dini, geosiyasi amillər üzündən fərqli qrammatik quruluşa malik xeyli ərəb və fars tərkibləri  dilimizə keçərək vətəndaşlıq hüququ qazanmışdır. Elə son minillikdə  bizim dilimiz də bu qonşu dillərə tə”sirsiz qalmamışdır. Çünki  türk dilləri ailəsinin oğuz qrupuna aid olan  Azərbaycan türkcəsinin  arealını, onun tarixi yayım coğrafiyasının  geniş hüdudlarını nəzərə aldıqda bu dilin də  dünyanın beynəlxalq dilləri ilə “atbaşı yürütməyə” (Mahmud Kaşğari) qadir  olmasından  sərf-nəzər etmək olmur. Bu dil beynəlxalq  alınma sözləri öz dibsiz dərinliyinə qərq edən, onları öz qranit fonetik-qrammatik normalarına tabe etdirən, özünküləşdirən, sahilsiz, nəhəng  bir okeana bənzəyir. M.Şəhriyar əbəs yerə deməyib:

Türkün dilitək sevgili, ehsaslı dil olmaz,

Hansı dilə qatsan,  bu əsil dil əsil olmaz.

Fars şairi  çox sözlərini bizdən aparmış,

Sabir kimi bir süfrəli şair paxıl olmaz.

Mən millətçiliyin, şovinizmin  qəti əleyhdarı olaraq  öz millətimi və millətimin  danışdığı musiqili, məzmunlu, işlək, bütün funksional üslublarda geniş ifadə imkanlarına  malik olan, incə və qüdrətli ana dilimi sevməyə bilmərəm.

Bu dilin tə”sir dairəsində olan azsaylı xalqlar, millətlər onu hakim dil olmaqdan daha çox  qeyri-azərbaycanlıları, qeyri-müsəlmanları da birləşdirən, doğmalaşdıran, Şərq, İslam  və ümumiyyətlə, dünya mədəniyyətinə qovuşduran, öyrənən, öyrədən, öyrənilən, sülh və nizam yaradan ikinci bir ana dili kimi həmişə sevmiş və həmişə də sevəcəklər. Çünki bu dil həm də məhdud  milli çərçivədən çoxdan kənara çıxmış beynəlxalq ünsiyyət vasitəsidir.         

S.D.Neçayev: “İndi Avropada  fransız dili kimi  tatar dili də (yə”ni Azərbaycan türkcəsi – H.R) Qafqaz xalqları arasında hamının işlətdiyi dildir”.

A.Bestujev-Marlinski: “Qafqaz diyarının  tatar dili  türk dilindən az fərqlənmir və fransızcanı bilib  Avropanı başdan-başa gəzmək  mümkün olduğu kimi,  tatar dilini bilməklə də  bütün Asiyanın o başından vurub bu başından çıxmaq olar”.

M.Y.Lermontov: “Tatarcanı öyrənməyə başlamışam. Burada və ümumiyyətlə  Asiyada  bu dil Avropada  fransız dili kimi zəruridir”.

A.Fon-Qeksthayzen: “Bu dil Cənubi Qafqazda  xalqlar arasında rabitə, ticarət və qarşılıqlı anlaşma dilidir. Bu mə”nada onu Avropada  fransız dili ilə müqayisə etmək olar”.

Bu, mövcud milli sərhədləri çoxdan aşmış sərhədsiz Azərbaycan türkcəsidir.

İNKAREDİLMƏZ SOVET ƏDƏBİYYATI

Son yüz ildə ölkəmiz birinci qısamüddətli müstəqilliyindən (1918 - 1920) sonra 1991-ci ildən ikinci uzunmüddətli, yəqin ki, əbədi, sarsılmayacaq  müstəqillik dövrünün ilkin mərhələsini  yaşamaqdadır. Bu iki müstəqillik arasında  olan 71 illik acılı-şirinli sovet dövründə  Azərbaycanın, xüsusilə milli-dini dəyərləri aşınmalara məruz qaldı. Başqa sözlə,  Cümhuriyyət devrildikdən sonra ədəbi proses  iki istiqamətdə inkişaf etdi: həm sovet ədəbiyyatı, həm də mühacirət ədəbiyyatı yaranmağa başladı. Sovet yazıçıları əslində özləri də bilmədən libasını dəyişmiş  qırmızı rus imperiyasının yeni tarixi şəraitdə yeni ədəbi-bədii vasitələrlə ömrünü uzatmağa xidmət etdilər. Mühacir ədəbi şəxsiyyətlər isə Azərbaycanın rus əsarəti ilə barışmayıb   cəla-yi vətən oldular, ancaq əqidələrindən dönmədilər. Birincilər, yə”ni sovet yazıçıları qorxu və şantaj altında  yaşasalar da, maddi imtiyazlar əldə etdilər - əsərləri SSRİ və dünya miqyasında  kütləvi tirajlarla çap olundu, yüksək qonorar və şöhrət qazandılar. Bu aldadılmış ədəbi nəsillər  marksizm xülyalarını    yuxarıdan göstərişlə, kor-koranə  təbliğ və tərənnüm etdilər, eyni zamanda əbədi mövzularda da gözəl əsərlər yaratdılar. Hərçənd ki, ədəbiyyat tariximizi ancaq qara ləkələrlə təqdim etməyə, birtərəfli yozmağa,  və çözməyə, ümumiyyətlə tariximizi ittiham etməyə haqqımız yoxdur.  

Ancaq hər ziyanda bir xeyir var. Məsələn, Süleyman Rəhimovun  “Şamo” epopeyası XX əsrin  dünyanı sarsıdan müharibələri, çevrilişləri  fonunda  imperiya tərkibində olmuş müstəmləkə Azərbaycanın ictimai-siyasi həyatını, etnoqrafiyasını, xarakterik tiplər qalereyasını, personajlarını  obyektiv tarixi reallıqla  geniş planda təcəssüm etdirdiyinə görə indiki müstəqil Azərbaycanın  vətəndaşları üçün də öz aktuallığını qətiyyən itirmir. Həm də ona görə ki,  zəmanəsinin oğlu olan qocaman ədib  öz iti, məhsuldar qələmilə sosrealizmə “sadiq qalaraq”  dövrün qəhrəmanlarını və hadisələri  olduğu kimi canfəşanlıqla  əks etdirməyə nail olmuşdur.  Tarixə yoldaşlıq edən  bu möhtəşəm bədii “memuar”  zəmanənin eybəcərliklərinin və gözəlliklərinin  bədii xronikasını canlandırdığına  görə heç də tarixdən az əhəmiyyət kəsb etmir. Eləcə də öz  dövrlərinin məşhurlarından olan S.Rüstəm, S.Vurğun  və sairlərin yaradıcılıq külliyyatlarını  bütünlüklə tarixin arxivinə vermək insafsızlıq olardı.

Həm də bir mühüm həqiqəti də unutmaq olmaz ki, vaxtilə dünyanı bürümüş (yağlı və”dlər verən, qabaqcadan aqibəti bilinməyən) kommunizm kabusu  - kommunist məfkurəsi  bəşəriyyət tarixində  yeni cəmiyyət quruculuğu eksperimenti idi.

Dini, milli, tarixi dəyərləri, xüsusi mülkiyyəti, cəmiyyətin tarixi təkamülünü rədd edən bu məfkurə  əsasında guya qısa tarixi bir vaxtda  yeni ictimai mülkiyyət, sosial ədalət bərqərar olacaq, yeni insan tipləri  yaranacaq, sinifsiz, xoşbəxt, azad  sovet cəmiyyəti qurulacaqdı. Əlbəttə böyük söz ustaları dünyanın nəhəng bir ərazisində  bu siyasi konyukturaya, avantürizmə inanmır,  özgə cür düşünür, obyektiv, real həyat həqiqətlərini  bədii vasitələrlə - rəmzlərlə, alleqorik üsullarla, sətiraltı mə”nalarla oxuculara çatdırırdılar. Bu zaman repressiya maşını işə düşür, iste”dadlı, azad söz  adamları həbs olunaraq ağır cəzalara məhkum olunaraq, əsasən amansızlıqla fiziki məhv edilirdilər. H.Cavid, Ə.Cavad, M.Müşfiq və s.-lər – “Çeynənən bir ölkənin haqq bağıran səsləri”   boğulurdu.

MÜHACİRƏT - QÜRBƏT ƏDƏBİYYATI

Mənim qənaətimcə, bədii ədəbiyyat insanı və həyatı ideyalı və obrazlı əks etdirən söz sənətidir. 

Bütün totalitar rejimlərdə də  ədəbiyyat həmişə öz əzəli missiyasını yerinə yetirir, iqtidarla müxalifətdə olur, cəmiyyətə əxlaqi, mə”nəvi keyfiyyətlər təlqin edir, neqativ halları qamçılayır, insanları qaranlıqdan işığa yönəldir, sülhə, xeyir əməllərə  təşviq edir. Bu cəhətdən  mühacirət ədəbiyyatı  öz başlanğıcından milli-mə”nəvi, əxlaqi-dini dəyərləri ilə fərqlənir. Elə haqqında söhbət açdığım bu kitab da 100 il bundan əvvəl  İstanbulda nəşr olunmuş  Azərbaycanın mühacir şairlərinin əsərlərindən ibarət  almanaxdır. Məlumdur ki, neçə onilliklər boyu “dəmir pərdə” arxasında  bütün mümkün vasitələrlə  sovet xalqından gizlədilən, sərt senzuradan keçməyən, müəlliflərinin adları yasaq edilən, xarici ölkələrdə kiçik tirajlarla  çap edilən xeyli ədəbi-bədii əsərlər mövcuddur. Bu qəbildən L.Nissimbaumun yazdığı “Əli və Nino” çox qiymətli bir romandır. Burada 1919 – 1920-ci illərdə Azərbaycanda, xüsusilə Bakı şəhərində  baş verən ictimai-siyasi hadisələr, milli-dini münaqişələr   fonunda  azərbaycanlı Əli ilə  gürcü qızı Nino arasında  təlatümlü, iztirablı, misilsiz   məhəbbət macərası öz əksini tapmışdır.   Acınacaqlıdır ki, ilk dəfə 1937-ci ildə  Vyanada alman dilində  çapdan çıxan, sonradan fransız, türk və başqa dillərə  tərcümə olunan bu şedevr  öz doğma vətəninə, nəhayət  1990-cı ildə Mirzə Xəzərin tərcüməsində qayıda bilmişdir. .

  Əli Kərim adına  Sumqayıt şəhər Poeziya klubunun direktoru, qələm dostumuz  İbrahim İlyaslının təşəbbüsü ilə redaktə edilən və “Qələmnəşr”də çap edilən bu kitabda  mühacir  şairlərimizin – Gültəkinin (Əmin Abidin), Gülsərənin, Sənanın, Məs”ud Səfvətin, H.Həmidzadənin, Ə.Yusifin, Nafe Şükrinin, Azərizadənin, Gülsüm xanımın, Əli Ustanın, o cümlədən Əhməd Cavadın istiqlal sevdalı şeirləri toplanmışdır. Bu müəlliflər arasında Gültəkinin (21 şeir) və  Əhməd Cavadın  poetik nümunələri (10 şeir) çoxluq təşkil edir. Onlar məhrumiyyət içində yaşasalar da, öz sarsılmaz əqidə və məsləkləri,  sındırılmaz əzm və iradələri, coşqun və yüksək ilhamları ilə hər bir normal insanda  qürur və heyranlıq doğuracaq  qədər Azərbaycanın müstəqilliyini vəsf etməkdən təsəlli tapmışlar. Burada Azərbaycanın  azadlıq ideallarını  əks etdirən milli şairimiz Ə.Cavadın 28 May İstiqlal günü münasibətilə  hürriyyət pərisinə   müraciətlə yazdığı “Nədən yarandın?” şeri dərin bir lirizmlə diqqəti cəlb edir:

Sən qüdrətin aşıb-daşan vaxtında

Mələklərin gülüşündən yarandın.

Sehr dilli bir fırçanın əlilə

Ahuların duruşundan yarandın.

 Mə”lumdurki, Ə.Cavad Axundzadə bolşevik dövründə  əski müsavatçı kimi  həbs edilir, ədəbi-ictimai həyatdan təcrid edilir, nəhayət, repressiya qurbanı olur.

Ancaq şairin uzaqgörənliklə  dediyi poetik həqiqət həyata keçdi – zaman qansız bolşevizmi həyat səhnəsindən süpürüb-atdı, ona öz layiq olduğu yeri göstərdi:

Rəngini tökdüyü qandan aldı o,

Dünyaya bir yekə vəhşət saldı o.

Qafqaz onun deyil, bizdən çaldı o,

Oldu bu gün bizə düşmən bolşevik.

 

Bizdə həqiqəti tutan bir əl var,

Eşqimizlə yanan neçə gözəl var.

Coşqun qəlbimizdə böyük əməl var,

Göstərər sənə də zaman, bolşevik!

“Əyil, Kürüm, əyil, keç!

Dövran sənin deyil, keç!

-deyən bu şairin bəxti indi müstəqillik dvründə də gətirmir.

Son zamanlar bə”zi bədxahlar  dahi bəstəkar  Ü.Hacıbəyovun bəstələdiyi, məşhur milli şair Ə.Cavadın  yazdığı dövlət himnimizi  müzakirəyə çıxarmışlar. Guya himnin bəzi sözləri arxaikləşdiyinə görə  indi anlaşılmır, burada guya xalqı mübarizəyə çağırış ruhu  zəifdir və s. Əvvəla, müstəqilliyinə qovuşmuş heç bir MDB ölkəsində  bu dərəcədə həyasızlıqla millətin müqəddəs dəyərlərinə  toxunmağa, onları aşağılayıb gözdən salmağa qanunla  icazə verilməz. Çünki milli himnin sədaları altında  sıravi şəxslərdən tutmuş dövlət başçısınadək hər bir vətəndaş ayağa qalxmağa,  ona öz hörmət və ehtiramını bildirməyə borcludur. Çünki himn  dövlətin simvoludur. Mən məqaləmin əvvəllərində  keçən 100 il ərzində ictimai-siyasi dəyişikliklərlə  əlaqədər hər bir dilin leksikasında təbii olaraq arxaikləşmə və yeniləşmənin  labüdlüyündən danışmışdım. Bunu dil tarixi ilə məşğul olan  mütəxəssislərimiz  yaxşı bilirlər və bundan çəkinməyə dəyməz. İkincisi,  himnin sözlərində onun yarandığı tarix möhürlənmişdir. Bu sözlər  öz məzmununa, dil-üslub xüsusiyyətlərinə görə heç də öz əhəmiyyətini itirmir. Əksinə, bunlar xalqımızın tarixi mübarizəsisinin  bədii-estetik ruhunu özündə əks etdirir. Azərbaycan dövlət himni  müqəddəs və toxunulmaz istiqlal abidəsidir. Bu abidəni yeniləşdirib dəyişdirmək yox, qorumaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdır.  Əgər biz bu müqəddəs əmanətlərə neobolşevikcəsinə yanaşsaq, onda eyni cahilliklə deyək ki,  qədim və orta əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini təftiş etməyin, mənəvi sərvətlərimizi məhvə sürükləməyin bircə addımlığında dayanmış olarıq.

Kitabda məşhur mühacir şair Gültəkinin şeirləri öz ideyası, bədii mündəricəsilə xüsusilə seçilir. Tarixi keşməkeşlərdə  ömür çürüdən bu imza sahibi Azərbaycan istiqlalı yaşadıqca unudula bilməz:

 Bəli, könüllər coşdu bir sevincin gücilə,

İstiqlal sevincilə,  istiqlal sevincilə!

İstiqlal – o, yaşayan millətin qəlbində can,

İstiqlal – o, səadət, həyat, zəfər, şərəf, şan!

İstiqlal – o sönməyən əbədi bir məşələ,

Könüllərdə tutuşur, gözlərdə sönsə belə!

Azərbaycan istiqlalını bundan da gözəl, təntənə və pafosla  necə ifadə etmək olar?

O, Sibirə - “buzlu cəhənnəm”ə (bu metafora onundur – H.R) sürgün olunmuş  günahsız vətəndaşlarımızın acı talelərini  realist bir qələmlə  gözlərimizin önündə canlandırır, sanki Sibir şaxtasına düşürük, sir-sifətimiz, əl-ayağmız buz bağlayır.

Qonşu ölkələrə  hətta qısamüddətli səfərə çıxanda hansı birimizin varlığını vətən həsrəti qarsıtmır, yaxud öz doğma tutiya  torpağımızdan ötrü burnumuzun ucu gynəmir? O ki qala öz vətənində  yaşamaqdan həmişəlik məhrum olasan. Belə bir mühacirin  təkcə dili yox, bütün əzaları ağrı və əzab dilində - qürbət dilində danışar.Bu dil Azərbaycanın kiriməz dərd, müsibət, hicran dili olaraq  haray çəkər. Bu dil xalqın faciələrini təkcə eşitdirməz, dünyaya sığmayan hüznün, kədərin böyüklüyünü, əzəmətini bütün rəng çalarlarıyla  göstərər, ürəkləri parçalayar. Türk ləhcəsində  anasına müraciət edən  Gültəkinin “Qürbətdə bayram” şe”rində  məhz bu ağrılar rəsm edilmişdir:

Gəldim bağrım açıq,

Ey üfüq, gecənlə, gəl qarşıma çıx!

Şəfəqdən bir qədəh olan ayından,

Mənə süz bir acı,  mənə süz bir qan.

Bulmaq istəyirəm ruhum elini,

Anaram könlümün tək gözəlini.

Ey eşqimin solmaz gəlini, annə,

Uzat bu gecə sən əlini, annə.

 

Uzat, bu qanayan yaramı bağla,

Əlini qoy öpüm göz yaşlarımla.

Bu gecə dizində yatmaq istərəm,

Qəlbimi köksünə atmaq istərəm.

Sənsiz bu neçənci bayramım, annə?

Dərdinlə hər sabah, axşamım, annə.

 

Bilirəm, sən məni çox özləyirsən,

Yollara baxıb da, həp gözləyirsən.

Annə, aramızda bax, gör nələr var?

Üfüqlər önümdə olmuş bir divar.

Titrəyir gözümdə bir qaranlıq gün,

İndi yabançıdır öncə gördüyün.

İndi göz yaşınla sən məni yad et,

Könlümdə, fikrimdə, ruhumda qürbət…

Təsadüfi deyil ki,  Şərqdə və  türk dünyasında  ilk demokratik cümhuriyyətin banisi M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində  məhz bu şair haqqında yazırdı: “Gültəkin adı daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Onun şe”rlərində biz həqiqi milli inqilab mübarizəsinin nəşidələrini görürük:

Qaldıqca ruslarda diyarım mənim,

İntiqam olacaq şüarım mənim.

Həmin kitaba Kamil bəy adlı bir müəllif çox məzmunlu və dəyərli Ön söz yazmışdır.

Əhməd Cavadın, Almas İldırımın əsərləri artıq işıq üzü gördüyü kimi bu mühacir şairlərin də  həyat və yaradıcılıqları tədqiq edilməli, onların poetik nümunələri ayrı-ayrılıqda toplanıb nəşr olunmalı, adları ədəbiyyat dərsliklərinə salınmalıdır. Sağlıqlarında özlərinin görmədikləri xoşbəxtliyi barı onların sözləri görsün!

Hafiz Rüstəm

Şair-şərqşünas

“Kredo” qəzeti, 4. VII. 2009