Bağrımıza dağ çəkirsən,
Şişlərə sağ-sağ çəkirsən.
Üstümüzə ağ çəkirsən,
Ay kredit, vay kredit!
Əzrayılla sirdaş oldun,
Sonra dönüb qardaş oldun,
Sinəmizdə bir daş oldun,
Ay kredit, vay kredit.
Hey içirsən qanımızı,
Hara qoyaq canımızı?
Qurutdun dörd yanımızı,
Ay kredit, vay kredit!
Dilimizdə bir qabarsan,
Ürəyimizdə qubarsan.
Evimizə yağan qarsan,
Ay kredit, vay kredit!
Ürəyimizi oyursan,
Bizi açıqca soyursan,
Nə durursan, nə doyursan,
Ay kredit, vay kredit.
Kağız-kuğuzda doğrusan,
Sözdə, ağızda doğrusan,
Həqiqətdəsə oğrusan,
Ay kredit, vay kredit.
Sevincimizi almısan,
Qorxulu yuxu olmusan,
Bizi pis günə salmısan,
Ay kredit, vay kredit!
Gəmi kimi yatırmısan-
Bizi quma batırmısan,
Vayımıza oturmusan,
Ay kredit, vay kredit!
Sən qansız yağı olmusan,
Bir növhə, ağı olmusan,
Bizə gözdağı olmusan,
Ay kredit, vay kredit!
İçimizi çürütmüsən,
Dərdə salıb əritmisən,
Zor-xoş bizi kiritmisən,
Ay kredit, vay kredit!
Hər gün səfalətə əyil...
Ağzımızda quruyub dil.
Vallah, bu, ömür-gün deyil.
Ay kredit, vay kredit!
Daha itib şaxlığımız,
Yoxdu o üzağlığımız,
Əldən gedib sağlığımız,
Ay kredit, vay kredit!
Ağzımız da düşüb daddan
Nə zövq alasan həyatdan?
Adama baxmır arvad da,
Ay kredit, vay kredit!
Adam heç bilmir neynəsin,
Bilmir nə geysin, nə yesin?
Daha Qorxmaz nə desin?
Ay kredit, vay kredit!
Qorxmaz Şıxalıoğlu
© 2020 - Created by İLK XEBER.