"Tədbir uğurla başladığı kimi uğurla da sona çatacaq" - ŞƏRH EDİLDİ

"COP29 Birləşmiş Millətlər Təşkilatının əsas problemlərindən olan bir layihəsidir. Çünki dünyada ekoloji tarazlığın pozulması bəşəriyyətə böyük ziyan vuracaq problemdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib


O bildirib ki, ekologiyanın dəyişməsi bütün planetdə baş verən xoşagəlməz halların, təbii fəlakətlərin baş verməsinə gətirib çıxardı ki, bundan bütün ölkələr əziyyət çəkir, istər böyük dövlətlər olsun, istərsə də kiçik dövlətlər: "Əslində dünyadakı bu problemi yaradan böyük dövlətlərin sənayesinin böyük sürətlə inkişafıdır. Bu problemi doğuran əsas dövlətlər böyük dövlətlərdir. Sənaye baxımından inkişaf etmiş dövlətlər ekoloji tarazlığa daha çox zərər vurmaqdadır.
Azərbaycan xəritədə balaca dövlət olsa da, qlobal problemə ev sahibliyi etməsi bir daha onu nümayiş etdirir ki, bu problem bəşəriyyət üçün böyük fəlakətlərə gətirib çıxaracaq. Dünyada gedən iqlim dəyişikliyi, təlatümlü hadisələr onu göstərir ki, dünyanın ekoloji tarazlığı sürətlə dəyişməkdədir. Azərbaycan bu layihəyə ev sahibliyi etməklə bir daha dünyaya çağırış edir ki, Azərbaycan bu problemə biganə deyil, xəritədə kiçik dövlət olsa da, böyük dövlətlər qarşısında bu problemi qaldırmaqdadır. Planetimiz hamımızındır. Fəlakət gələndə böyük və kiçik dövlət ayrılığı olmayacaq. Hamıya böyük ziyan gətirəcək. Bu baxımdan planetimizin qorunmasında ekoloji tarazlığa zərər vuran dövlətlər daha çox məsuliyyət daşımalıdır. Buna səbəb olan böyük dövlətlərin imkanları daha genişdir.
İqtisadi, sənaye baxımından inkişaf etmiş dövlətlər daha çox məsuliyyət daşımalıdır. Hesab edirəm ki, Azərbaycan bu proyektə ev sahibliyi etməklə bir daha bəşəriyyətə xoş niyyətini göstərir. Bu tədbir Azərbaycanın demokratik və sabit dövlət olmasını nümayiş etdirir".
Onun sözlərinə görə, bu tədbirə kölgə salmaq istəyən bəzi qüvvələr də var: "Bu tədbirdən siyasi məqsədlər üçün istifadə edən qüvvələr var. Fəlakət gələndə ayrıseçkilik olmayacaq. Bu baxımdan tədbirdə böyük dövlətlərin iştirak etməsi daha vacibdir. Buna baxmayaraq Azərbaycan siyasi çağırışlarını etdi, tədbiri yüksək səviyyədə təşkil etdi. Bu tədbir həm təhlükəsizlik baxımından, həm də rahatçılıq baxımından yüksək səviyyədə qurulub. Tədbir necə ki, uğurla başlayıb, belə də başa vurulacaq.
Tədbirin yüksək səviyyədə keçirilməsində Azərbaycana dəstək olan dövlətlərin də xüsusi yeri görünməkdədir. Azərbaycan istər Türk dünyası ilə, istər İslam dünyası ilə, istərsə də Avropa, Afrika dövlətləri ilə bərabər çağırışlar etməklə bu tədbirin yüksək səviyyədə keçməsini nümayiş etdirir. Bu çağırışlara dost olan dövlətləri alqışlamalıyıq, çünki Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirməklə həm siyasi imicinə müsbət təkan vermiş olur, həm də bəşəriyyətə töhfə vermiş olur.
Təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətli addımına kölgə salmaq istəyən Qərb dünyası bundan siyasi məqsədlər üçün istifadə etməkdədir. Buna ancaq təəssüflənmək olar. Amma buna baxmayaraq Azərbaycana dost olan dövlətlər, başda Türkiyə olmaqla Orta Asiya, Afrika dövlətləri, uzaq Şərq dövlətləri də biganə qalmırlar. Buna müsbət reaksiya verirlər. Bu tədbirin məsuliyyətini bilirlər, tədbirin yüksək səviyyədə keçirilməsinə siyasi və mənəvi dəstəklərini əsirgəmirlər.
Tədbir böyük uğurla başladığı kimi, uğurla da sona çatacaq. Qəbul ediləcək qərarların icrası böyük dövlətlərin üzərinə düşməkdədir. Bu işdə BMT-nin məsuliyyəti var. BMT beynəlxalq təşkilat olmaqla, ən böyük dövlətlərin də qarşısında məsələni də qaldırmaq imkanları genişdir.
Azərbaycan öz tədbirində dost dövlətlərlə yanaşı bu tədbirə dəstək verən sağlam qüvvələrlə əməkdaşlığı davam etdirəcək".
Müəllif: Söylü Ağazadə