Azərbaycanlı bəstəkarın Rusiyada böyük uğuru

Gənc bəstəkar və pianoçu Tamilla Əhədova Rusiyanın Sankt Peterburq şəhərində keçirilən konsert proqramında böyük uğurla çıxış edib


Oktyabr ayının 19-da Sankt Peterburqun ən mötəbər zallarından biri olan Dövlət Kapellasının böyük zalında Azərbaycan bəstəkarlarının da proqrama daxil edildiyi möhtəşəm konsert baş tutub. Rusiya dövlət Kapellasının simfonik orkestrinin müşayiəti ilə baş tutan konsertdə Azərbaycanın əməkdar artisti, Dövlət Opera və Balet teatrının baş dirijoru Əyyub Quliyevin dirijorluğu ilə K.Sen Sansın Samson və Dalila operasından Vaxkanaliya, Rimskiy Korsakovun Şəhrizad simfonik süitası, görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun "Karvan" əsəri və gənc bəstəkar və pianoçu Tamilla Əhədovanın Fortepiano və orkestr üçün "Konsert" əsəri ifa edilib.Tamilla Əhədova məhz özü pianist qismində öz əsərini ifa edib. Əsər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan musiqisinin dünyaya tanıdılmasında və təbliğində mühüm rol oynayan bu konsert böyük uğurla keçirilib.

Xatırladaq ki , Tamilla Əhədova SSRİ və Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun tələbəsidir.