Laçın MDB-nin "Mədəniyyət paytaxtı" elan olundu, Ermənistanın xəbər məkanına bomba düşdü... FOTO

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib.

İlkxeber.org Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında söyləyib.

"MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar", - deyə dövlətimizin başçısı vurğulayıb.

Musavat.com xəbər verir ki, bu hadisə Ermənistanın siyasət və informasiya məkanına bomba kimi düşüb. Paşinyanın da olduğu bir formatda belə bir qərarın verilməsi erməniləri hiddətləndirib. Paşinyanın müxalifətinin əsas elektoral bazası sayılan Qarabağ erməniləri isə bu faktı Paşinyanı bir az da gözdən salmaq üçün istifadə etməyə çalışırlar.

Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük həqiqət payı vardır.