“Zəfər üçün oxu!” - “Azərbaycan” mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib

Avqustun 22-də Nizami Kino Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirdiyi “Zəfər üçün oxu!” layihəsinin təqdimat mərasimini keçirib.
Layihənin məqsədi vətən sevgisini, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirmək olub.
Layihə çərçivəsində sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısı İkinci Qarabağ müharibəsi iştirakçıları olan qazilər Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı tərəfindən oxunub. Layihənin klip çəkilişləri işğaldan azad olunan torpaqlarda baş tutub. Ağdam, Əsgəran, Xocalı, Laçın, Şuşa və Xankəndidə çəkilişləri baş tutan “Zəfər üçün oxu” layihəsi çərçivəsində ərsəyə gələn “Azərbaycan” mahnısına çəkilən klip tədbir zamanıgeniş tamaşaçı auditoriyasına təqdim olunub.
Təqdimat mərasimində layihə rəhbəri, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, o cümlədən “Vətən mübaribəsi istirakçısı” medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov öz hisslərini bölüşmək üçün səhnəyə dəvət olunublar.
Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Mədəniyyət naziri müavinləri Səadət Yusifova, Fərid Cəfərov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, mədəniyyət nümayəndələri, qeyri-hökümət təşkilatlatlarının,  rəhbərləri, hərbi qulluqçular və qazilər iştirak ediblər.  
Klip çəkilişi zamanı ifaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova tərəfindən təqdim olunub. Klipin rejissoru Elnur Cəbrayılov, operatoru Orxan Qurbanovdur.