Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” - Təəssüratlar

Avqustun 15-dən 17-dək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı Təlim Mərkəzində düzənlənən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı”nda iştirak etmək üçün Şamaxı rayonunda səfərdə oldum.  2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT təmsilçisi iştirak edirdi.

Proqramın açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyeva giriş nitqi ilə çıxış edərək iştirakçıları salamladı. Aygün xanım çıxışında bildirdi ki, indiyədək 350-dən çox QHT-nin iştirak etdiyi “QHT-lərin İnkişaf və Mübadilə Proqramı” çərçivəsində 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində uğurlu tədbirlər keçirilib. Bu Proqramın respublikamızın digər regionlarında da təşkil ediləcəyini deyən İcraçı direktorun sözlərinə görə, Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi, eləcə də QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlığı gələcəkdə də məmnunluqla davam etdirəcək.

3 gün davam edən Proqramda beynəlxalq dərəcəli təlimçi ekspertlər Anar Vəliyev və Vüsal Behbudovun yüksək  səviyyədə bilik və bacarıqlara malik olmaları daha çox öyrənməyimizə, fayda əldə etməyimizə imkan verdi. Xüsusilə onların təlimlərdə layihələrin yazılması ilə bağlı mükəmməl izahları, müxtəlif mövzularda olduqca maraqlı, səmərəli və yadda qalan çıxışları, müqayisəli təhlilləri ürəyimizcə idi. Hansı ki, həmin təlimlərdə layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, layihə tərəfdaşlarının, hədəf qruplarının və benefisarlarının təyin edilməsi, onların gözləntiləri və problemin müəyyən edilməsi istiqamətində praktik təhlilinin aparılması kimi mühüm mövzular haqqında danışıldı, eləcə də  “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olundu.

Qeyd edim ki, Şamaxıda keçirilən tədbir yüksək səviyyədə təşkil olunmaqla yanaşı, peşəkarlıq və həmrəylik baxımından da möhtəşəm idi. Bu 3 günlük tədbiri Agentliyin bütün işçi heyəti, komandası böyük əzmlə, diqqətlə, məsuliyyətlə çalışdılar, tədbir iştirakçılarına qarşı səmimi davranış nümayiş etdirdilər, qısa müddətdə QHT-lərin daha bir mükəmməl təcrübəyə yiyələnməsinə yardımçı oldular. Hesab edirəm ki, tədbir iştirakçıları bu səfərdən hamılıqla nikbin və çox gözəl təəssüratlarla geri döndülər. Burada əvvəllər bir-birini elə də yaxşı tanımayan QHT rəhbərləri və nümayəndələri ilə yaxın ünsiyyətdə olmaq, təcrübəni bölüşmək şansı qazandılar. Təlimlərdə mükəmməl təcrübə əldə etməklə yanaşı QHT sektorunun tanış olmadığımız nümayəndələri ilə, xüsuslilə gənclərlə və yeni təsis olmuş QHT-lərlə tanışlıq, doğrudan da çox qürurverici idi. Müşahidələrim onu deməyə əsas verir ki, artıq bizdə bütün sahələr üzrə formalaşmış, təcrübəli və savadlı QHT rəhbərləri, güclü vətəndaş cəmiyyəti institutları formalaşıb. 

Təlimin yekununda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri tərəfindən iştirakçılara sertifikatların təqdim olunması və QHT tortunun kəsilməsi də, hesab edirəm ki, tədbirin unudulmaz hissəsi kimi yaddaşımızda qalacaq.

Bir neçə kəlmə də Proqram çərçivəsində asudə vaxtın təşkilindən danışmaq istəyirəm. Tədris Mərkəzinin həyətində səhərlər yoqa saatının, axşamlar musiqili proqramların təşkili, QHT təmsilçilərinin həmrəylik flaşmobu, Dəmirçi Arxeologiya Muzeyi və Pirqulu rəsədxanasına səfərlər və digər tədbirlər də iştirakçıların ürəyincə oldu. 

Xanoğlan Əhmədov,

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü