Yardımlıda şəhid Cəlil Cəfərovun doğum günü qeyd olunub

Bu gün Yardımlı rayonunun Şiləvəngə kəndində şəhid Cəfərov Cəlil Sulduz oğlunun doğum günü qeyd edilib. Tədbir Şiləvəngə kənd klubu və kitabxanasının birgə təşkilatçılığı ilə şəhidlərin şərəfinə ucaldılmış abidənin önündə baş tutub. Şəhidin ruhuna “Fatihə” oxunandan sonra iştirakçılar vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov çıxış edərək Cəlil Cəfərovun şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlığından danışıb. Onun sözlərinə görə, bütün  qəhrəmanlarımızın əziz xatirəsi daim qəlblərdə yaşayacaq. “Cəlil kimi oğullarımızla fəxr edirik və qürur hissi keçiririk”-deyə X.Əhmədov bildirib. 

Digər çıxışçılar Gülbala Əhmədli, Etibar Əhmədov və başqaları qeyd etdilər ki, bu cür tədbirlər gənclərimizdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir, onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.

Qeyd edək ki, Cəlil Cəfərov hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabrın 19-da Neftçala rayonunun Şorkənd kəndində dəfn olunmuşdur.

Cəlil Cəfərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 15.12.2020-ci ildə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci ildə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci ildə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.