VƏTƏN ÜÇÜN YAŞAYAQ! - Tarixi yaşatmaq çox böyük xidmətdir

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bu duyğular yoxdursa, o insan mənəviyyatsızdır”

Azərbaycanımızın bir parçası olan Neftçala rayonu vətənimizi çox sevən insanları ilə daim tanınıb, fərqlənib. Vətənpərvərlik duyğuları ilə silahlanmış Vətənimizin Neftçala rayonunda tariximizə böyük məhəbbət vardır. İstər birinci Qarabağ döyüşlərində, atəşkəs dövründə, 20 Yanvar faciəsində Neftçala gəncləri cəsurluğu ilə fərqlənib, qorxmazlığı, qəhrəmanlığı ilə tarix yazıb. İstər I Qarabağ döyüşlərində, istər atəşkəs dövründə, Aprel döyüşlərində, Vətən müharibəsində, antiterror tədbirlərində. xüsusi əməliyyatlarda qəhrəman  tarix  yazan  oğullar heç zaman unudulmayacaqdır. Biz onların əziz xatirəsini daim ehtiramla yad edirik.

Neftçala rayonundan vətənimizin azadlığı, süverenliyi, ərazi bütövlüyü uğrunda can fəda edən 227 nəfərdən artıq  şəhid oğullarından  üç nəfəri – Zakir Nüsrət oğlu Məcidov, Xanoğlan Sadiq oğlu Məmmıədov, Samid Gülağa oğlu İmanov Azərbaycanın Milli Qəhrəmanı, Camal Vidadi oğlu İsmayılov isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adını qazanmış, bütün şəhid oğullarımız isə müxtəlif orden və medallarla təltif ediliblər. Onların Vətən qarşısında xidmətləri layiqincə qiymətləndirilib. Vətən müharibəsində şəhadətə ucalan 45 nəfər şəhidimizdən iki  nəfəri əslən Neftçala rayonundan olsalar da, Bakı şəhərində yaşadıqları üçün həmin yerin qeydiyyatında olublar. Müharibədən sonra antiterror və xüsusi əməliyyatlar zamanı şəhadətə ucalan səkkiz nəfər qəhrəman şəhidimiz parlaq zəfər tariximizdə əbədiləşdi.

Neftçala rayonu tarixi məkan olaraq Kür çayı və Xəzər dənizinin qovuşduğu ərazidir. Bu yerlər tarixən insanların yaşayış yerləri olduğu uçün ərazidə maraqlı tapıntılar daim üzə çıxır, araşdırılır. Akademik Hacı İmamverdi Əbilovun “Əsrlər, Nəsillər, Əməllər” kitabında rayon ərazisində hər bir inzibati bölgünün tarixi haqqında məlumat verilir. Həmçinin kitabda 1918-ci il  azərbaycanlıların soyqırımı haqqında məlumat qeyd edilmişdir. Neftçala rayon Bankə qəsəbəsində Seyidlər məzarlığında 1918-ci ildə Kür çayının Bankə, Tatarməhlə, Uzunbabalı kəndlərində ermənilərlə mübarizədə şəhadətə ucalan Türk əsgərlərinin xatirəsinə ucaldılan xatirə abidəsi xalqımızın tarixi qardaşlıq abidəsidir.

Neftçala rayonu elm xadimləri ilə də daim öndə olmuşdur. Onlardan tarixçi alimlərdən Əlisəfa Məmmədovun adını qeyd etmək istərdim. Neftçalalı tarixçi alim Əlisəfa Məmmədovun 1979-ci ildə çap etdirdiyi “Qarayazı düzündən Xəzər dənizinə qədər” tarixi – etnoqrafik kitabından öyrənirik ki, Kürün Xəzərə töküldüyü yerdə X-XI əsr tarixçilərinin tərtib etdiyi xəritədə öz əksini tapmış “ Xərabə şəhər”  və ya “Yunan şəhəri” adı ilə  məlum olan şəhər mövcud olmuşdur. Bu şəhər indiki Dirovdağ, Nord-Ost Qoltuq qəsəbəsinin yerləşdiyi əraziləri əhatə etmişdir. Bu gün də “Xəraba şəhər”in sübutu Xəzərin daim sahillərə atdığı qədim şirəli  qabların və digər məişət əşyalarının qalıqları ilə xatırlanmaqdadır.

Mənbəyini Türkiyədən, Qızılgədik dağının şimal-şərq yamcından alaraq Borjomi, Qori, Msxeta, Tiflis, Rustavi, Qazax, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Zərdab, Ağcabədi, Sabirabad, Şirvan, Salyan torpaqlarından dolan-dolana keçərək gəlib Neftçala rayonunda Xəzərlə salamlaşan Kür çayının sahillərində də tariximizi əks etdirən tapıntılar daim qiymətli, əziz xəzinə kimi qorunur.

Elə bu tapıntıları qeyd etmişkən demək istərdim ki, iyun ayının 20-də Bakı şəhərində S.C.Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında “Azərbaycanda Elm və Təhsilə şagird baxışı”  mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransı keçirildi. Bu konfransda Neftçala məktəbliləri də iştirak edərək çox əhatəli çıxış etdilər. Neftçala rayon Cəbrayıl Əhmədov adına Cəngan kənd tam orta məktəbinin tarix müəllimi, öz sənətini sevməkdən ayrı ona bir hörmətlə yanaşan, məsuliyyətini üstün bilən, ictimai, sosial fəallığını heç zaman əskiltməyən Şəhrəbanu müəllimə Əhmədova üç şagirdi və eyni zamanda ərazimizdən, xüsusən Kür çayı sahilindən topladıqları “Tarixi tapıntı”ları ilə iştirak edirdi.

Tarixi yaşatmaq çox böyük xidmətdir. Şagirdlərin çıxışını qiymətləndirən münsiflər sırasında həmyerlimiz, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə də iştrak edirdi. Bizim kiçik həmyerlilər çox möhtəşəm bir təqdimatla, sərbəst, inamlı, izahlı, səlist, ardıcıl bilgi verməklə çıxış edirdilər. Bu tariximizə sevginin əsl nümunəsi idi məktəblilərin simasında. Hərdən tarixi araşdırmalara bir şəxsi münasibətdə tənqidi hədəfləri də qeyd edirdilər. Məktəbli tarixçilərimiz elmi, eyni zamanda sadə izahla tariximizi nə qədər bildiklərini aydın göstərə bilirdilər. İnanın ki, bu kiçik yaşlı məktəblilər öz qətiyyətli, aydın nitqləri ilə hər kəsi məftun etdilər.

Neftçala rayon Cəbrayıl Əhmədov adına Cəngan kənd tam orta məktəbinin şagirdlərindən Hüseynli Xuraman (VII sinif), Əhmədzadə Əsma(V sinif) və Əhmədzadə Fəxrəddin (IX sinif) müəllimələri Şəhrəbanu Əhmədovanın da əziyyətini yerdə qoymayaraq bu konfransda ən yüksək göstəricini -- “Tarix” bölməsi üzrə birinciliyi qazana bildilər.

Həmyerlimiz, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent  Sübhan Talıblı və onunla birlikdə neçə-neçə alimlərimizin iştirakı ilə keçirilən bu konfrans həqiqətən elmin müxtəlif sahələrinə marağın artırılması istiqamətində çox böyük dönüş yaratdı.

Bu kiçik məqaləmdə vətənpərvərliyin, vətənsevərliyin kiçikdən böyüklərə, məktəbdən elm  ocaqlarına qədər daim ən əziz dəyər kimi qorunduğunu, gələcəyə daşındığını qeyd etmək istədim. Neçə-neçə həmyerlilərimiz elmi, bədii, publisistik yazıları ilə tariximizə töhfələr veriblər və verməkdədirlər.

Vətən bizim beşiyimiz, nəfəsi əbədi olsun!

Bədirə Rza Həsənqızı Niftaliyeva,

Şirvan - Salyan Regional Mədəniyyət İdarəsinin  Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin“Metodika və biblioqrafiya” şöbəsini  müdiri,

AYB-nin üzvü, “GÜNDOĞAR” Neftçala rayon qəzetinin baş redaktoru