“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Biləsuvarda tədbir keçirib

İyulun 9-da “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihə çərçivəsində baş tutub.
İctimai müzakirənin açılışında layihənin rəhbəri “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov əvvəlcə layihə barədə iştirakşılara məlumatlandırıb və sonra və mövzu ilə bağlı geniş məruzə edib. K.İsmayılov bildirib ki, Biləsuvar, Salyan və Neftçala rayonlarını əhatə edən layihənin əsas məqsədi bəmin bölgədə yaşayan gənclərdə öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması
işinə dəstək verməkdən ibarətdir. O, qeyd edib ki, həyata keçirdiyi layihələrin nəticələrinin təhlili göstərir ki, gənclər arasında aparılan söhbətlər onların yaşadıqları ərazilərdə yerləşən maddi və qeyrı-maddi mədəniyyət abidələrinə marağının artmasına səbəb olur, gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq ruhunun gücləndirilməsinə müsbət təsir göstərir. Gənclər bununla həm də yaşadıqları ərazilərdə mövcud olan tarixi və arxeoloji abidələrin qorunması kimi mühüm dövlət əhəmiyyətli işlərə cəlb olunmaq imkanı əldə edirlər. “Bu həm də gənc nəslin sosial fəallığının stimullaşdırılması baxımından da mühüm formatdır”-deyə K.İsmayılov məruzəsində qeyd edib.
Tədbirdə layihənin eksperti, AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov və digər iştirakçılar mövzu ilə bağlı çıxış ediblər.