Yardımlıda “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

Tədbir Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub

Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 8-də Yardımlı rayonunda Mərkəzi Kitabxanada “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub. Bu barədə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov məlumat verib.

Təşkilat sədrinin sözlərinə görə, layihənin məqsədi cənub bölgəsində yaşayan əhalinin, əsasən gənclərin maddi və qeyri-maddi irsimizin qorunması və təbliği işinə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən və  mətbuatda geniş məlumatlandırma işlərinin həyata keçirilməsindən ibarətdir. “Çünki mədəni irsimizin öyrənilməsi və təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu böyükdür. Əhalinin, xüsuslilə şagirdlərin, tələbələrin, gənclərin maddi və mənəvi irs nümunələri ilə tanış olmaları üçün kütləvi işlərin aparılması, onlar maddi mədəniyyət abidələrinin qorunmasına, qeyri-maddi irs nümunələrinin toplanmasına cəlb olunması və bu istiqamətdə maarifləndirilməsi çox vacibdir”-deyə layihə rəhbəri qeyd edib.
Tədbirdə  Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Əlisafa Əhmədov “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda məruzə edib. O, qeyd edib ki, Yardımlı rayonu üzrə yaşı əsrlərlə ölçülən və dövlət tərəfindən qorunan 92 tarixi abidə var. Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində saxlanılan 10 minə yaxın eksponatdan 6 mini muzeyin əsas fondunu təşkil edir. Burada eramızdan əvvəlki III minillikdən tutmuş müasir dövrümüzü əks etdirən eksponatlar toplanıb. Onun sözlərinə görə, Yardımlıdakı digər məşhur tarixi abidələrdən 100-150 min il əvvəl insanların yaşadığı “Alar mağarası”nı, VII-VIII əsrə aid  gözətçi-müdafiə qalası olan “Qız qalası”nı, Moran dağının ətəyindəki VIII-IX əsrə aid edilən “Cüzünqala”nı, Ökü kəndindəki 1240 il yaşı olan qədim Şərq Çinarını (diametri 6 metr, koğuşuna 20-30 adam yerləşir), Arus kəndi yaxınlığındakı XIV əsrə məxsus Abidərdə (bəzi mənbələrdə Abidərzə və ya Abazərdə kimi göstərilir) türbəsini göstərmək olar.
Məruzədən sonra çıxış edən Yardımlı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Mirhümbət Səmədov diqqəti son illər kəndlərimizdə əhali tərəfindən aparılan tikintilər zamanı torpaq altında qalan zəngin tarixi abidələrimizin dağıdılmasından danışdı. O qeyd edib ki, yaxşı olardı ki, bu günki tədbirdə ərazi icra nümayəndələri və digər səlahiyyətli şəxslər iştirak edərdilər: “Çünki kor-koranə aparılan qazıntı işləri mədəni irsimizin kor-koranə məhvinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün ərazi icra nümayəndələri tədbirlər görməlidirlər və məsuliyyət daşıyırlar”. M.Hümbətov daha sonra rayonda arxeoloji qazıntılar aparan bütün ekspedisiya qrupları ilə bərabər axtarışlarda fəal iştirak etdiyini bildirib.
Rayonun Ostair kənd tam orta məktəbinin riyaziyyat müəllim Bəxtiyar Əhmədov öz çıxışında tarix və mədəniyyət abidələrinin tanıdılmasının, onların qorunub saxlanılmasının əsil vətəndaş kimi hər kəsin borcu olduğunu deyib. “Bu mənada Yardımlıda mövcud olan arxeoloji, tarixi, dini abidələrin, mədəniyyət obyektlərinin əhəmiyyəti çox böyükdür. Təkcə mənim yaşadığım Ostair kəndinin ərazisində xeyli qədim tarixə malik abidələr var. Kəndimizdən bir qədər aralıdakı qədim Avaraq şəhərinin xarabalıqları və buradakı çox illik qəbir daşları deməyə əsas verir ki, rayonumuz qədim maddi-mənəvi irsimizi özündə əks etdirən tarixi-arxeoloji abidələrlə zəngindir”-deyə B.Əhmədov bildirib.
Tanımış publisist, araşdırmaçı jurnalist, rəssam-heykəltaraş, əslən Yardımlıdan olan Zahir Məlikli qeyd edib ki, mədəni irs dedikdə təkcə tarixi abidələr başa düşülməməlidir. Yardımlı rayonu minilliklərlə tarixə malik, İpək Yolu üzrə turistlərin və yolçuların yaxın və uzaq Şərqə səfərləri zamanı keçilən qədim bölgədir: “Cənubi Azərbaycanın Meşkin şəhəri ətarfında aparılan tətqiqatlar bu yerlərin tarixini 7500 il əvvələ aparır. Yardımlıda 5000 illik tarixi olan kurqanın tapılması da hələ son deyil. İnanıram ki, bu tarix bir az da dərinliklərə gedib çıxacaq. Yardımlı ərazisində tarixin ən qədim dövrlərinə təsadüf edən çoxlu sayda yaşayış məskənləri, qədim tarixə malik mədəniyyət və təbiət abidələri vardır. Alar kəndində yerləşən qədim  Qız qalası, Arus kəndi yaxınlığındakı Abidərdə türbəsi və s. mühüm tarixi-memarlıq abidələridir. Mənim araşdırmalarıma görə, rayonun 81 kəndində 500 qəbristanlıq var”.
Z.Məlikli çıxışında maraqlı faktlardan biri kimi rayonun Şiləvəngə kəndinin yuxarı, şimala doğru hissəsində “Əcəbşir” adlanan bir ərazinin olmasını qeyd edib. Onun sözlərinə görə, “Əcəbşir” adlı İran ərazisində böyük bir şəhər vardır. O, Şiləvəngə qəbristanlığının da daha qədim olması qənaətində olduğunu bildirib.
Tədbirdə Yardımlı MKS-in şöbə müdiri Gündüz Manafov, Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı İlqar Həsənov, şəhər kitabxanasının kitabxanaçısı Miriqbal Ağayev və digər iştirakçılar mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Yardımlının tarixi eyni zamanda Azərbaycan adlı vətənimizin tarixi, həm də onun ayrı-ayrı bölgələrinin tarixidir. Azərbaycanın hər bir vətəndaşı yaşadığı ərazidə mövcud olan maddi mədəniyyət abidələri haqqında mükəmməl biliklərə malik olmalı, onları qorumağı və təbliğ etməyi özünün vətəndaşlıq vəzifəsi hesab etməlidir.