Məktəblərdə dinin tədrisinə başlanmalıdır

Rəsul Mirhəşimli

Radikalizm sosial, siyasi və iqtisadi sahələrdə ümumi qəbul edilmiş normaların ən azı bir sahəsinə qarşı çıxan və onlara alternativ yaratmaqda meylli olanların düşüncə tərzidir. Bu düşüncə tərzi başqa dünyagörüşlərdə olduğu kimi, inanclar sistemində də özünü göstərir. Radikallıq yolunu seçən düşüncə daşıyıcıları öz planlarını güc və ya zorakılıq yolu ilə həyata keçirmək istəyirlər.

Bir çox hallarda isə radikallığa meylli olan missioner qruplar cəmiyyətin savadsız, dini bilikləri məhdud olan şəxslərin zəifliyindən istifadə edərək, öz niyyətlərini həyata keçirmək istəyir.

Zorakılıq və yanlış təbliğat çərçivəsindən çıxış edən dini radikalizm siyasi arqumentlər vasitəsilə bir inanc sistemini sistem tənqidinə çevirən və mövcud sistemdə inanca əsaslanan dəyişiklik yaratmağı planlaşdıran, inanc sisteminin təklif edib-etməməsindən asılı olmayaraq insanları yanlış təbliğatla öz tərəflərinə çəkmək üsulunu vasitə seçir.

Məlum olduğu kimi, Yaxın Şərqdə baş verən proseslər istər-istəməz Azərbaycanda da bəzi dindarların həyat tərzinə təsir edir. Radikal qruplaşmalara qoşulanlar arasında azərbaycanlıların olduğunu yaxın illər ərzində cəmiyyət şahid olub. Xüsusilə, son aylarda İranın casus şəbəkələrinə qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar hansı təhlükələrin qarşısının alındığı barədə obyektiv mənzərə yaradır.

Dini radikallığın özünə tərəfdar toplamasının müxtəlif səbəbləri var. Bunlardan birini yuxarıda qeyd etdim. Bu radikallığın qarşısının alınmasında ən mühüm rol oynayacaq amil Azərbaycan vətəndaşı dini öz dövlətindən, Azərbaycan dövlətini sevən dini maarifçilərdən öyrənməsidir. Çünki dinin düzgün təbliğ olunmadığı şəraitdə radikallıq güclənir.

Bu neqativ düşüncə və hərəkətin önünə keçmək üçün başqa bir vasitə məktəblərdə dini biliklərin və dinlər tarixinin tədrisi məsələsədir. Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı bu təkliflə çıxış etmişdi. Bu təklifin irəli sürülməsindən xeyli zaman keçsə də, hələ ki bu təklifin reallaşdırılması üçün əməli işlər görülməyib.

Nəzərə alsaq ki, bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər. Lakin bu o demək deyil ki, həmin kadrların hazırlanması mümkün deyil. Artıq neçə ildir Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu ali məktəbin kadr bazası və tədris keyfiyyəti dini olduğu kimi öyrədə bilən mütəxəssislərin olduğunu sübut edir.

Əgər dövlət orta və ali məktəblərdə dinin tədrisi ilə bağlı qərar verirsə, onun baza hissəsinə də fikir verəcək və təkmilləşdirəcək.

Ölkədəki məscidlərə də axund və imamların təyinatında da cəmiyyət arasında nüfuzu olan, İslam dininin Qurani-Kərim hikmətləri ilə təbliğini əsas götürən, Azərbaycan dövlətçiliyinə bağlı olan şəxslərdən seçilməsi radikallıq meyllərinin xeyli dərəcədə zəiflədilməsinə yardımçı olacaq. Ümid edirəm ki, bu keyfiyyətli din xadimlərinin təbliği ilə radikallıq meyllərinin ölkədə özünə tərəfdar toplaya bilməsinin qarşısını almaq olacaq.

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.