Erkən nikaha və uşaq evliliyinə məcbur etmə hallarında nə etməli?

AR Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə bu rəqəm azalaraq 2320 təşkil edib.
Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.
Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir.
Belə hallarla üzləşdikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə hallarla üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət edilməsi tövsiyə edilir.
Bu məqalə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində dərc olunub.