QHT sədri icra başçısına müracitət etdi: "Masallı rayon Mərkəzi Xəstəxanasında..."

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov  Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədova Masallı rayon Mərkəzi Xəstəxanasında uşaq nevropatoloqunun olmamasından narahatçılığını ifadə edən  müraciət ünvanalyıb. Həmin müraciətdə deyilir: “Sizə müraciət edərək bildiririk ki, Azərbaycan dövlətinin qəbul etdiyi bütün normativlərin icrasında daim fərqlənən, 240 min nəfərdən yuxarı əhalisi olan Masallı rayon Mərkəzi Xəstəxanasında uşaqların müalicəsi ilə bağlı ən vacib müalicə prosedurunu həyata keçirməli olan “uşaq nevropatoloqu” yoxdur. Bu isə mütəmadi xəstələnən, analoji problemlərlə doğulan körpələrin zamanında və yaxın bir ərazidə müalicə almasında böyük çətinliklər yaradır. Onları valideynlər ya Lənkəran şəhər xəstəxanasına, daha ağır olanlarını isə paytaxt Bakı şəhərindəki müvafiq səhiyyə ocaqlarına aparmağa məcbur olurlar. Bu isə xəstənin öz müalicə həkiminə gec çatdırılması, tez-tez onun təkrar müayinələrdən keçirilməsi, daim həkim nəzarətində saxlanılmasında böyük çətinliklər yaradır, eləcə də təbii ki, onun valideynləri üçün maddi sıxıntıların çoxalması ilə nəticələnir.

Bu problemin həllinin gecikməsinin bir çox hallarda ciddi fəsadlar yaratdığını, hətta arzuolunmaz uşaq ölümü ilə başa çatmasını, problemin həllinin yalnız Masallı rayon Mərkəzi Xəstəxanasına uşaq nevropatoloqu təyin edilməsində olduğunu nəzərə alaraq, çoxsaylı əhali adından Sizə müraciət etmək məcburiyyətində qaldıq. Düşünürük ki, Sizin rəhbərliyiniz və müvafiq göstərişləriniz əsasında əlaqədar qurumlar bu problemi yoluna qoymaqla yüzlərlə körpənin həyatını xilas edər və nəticədə yüzlərlə ailə sevinc hisslərini yaşamaqla bu nəcib niyyətin doğrulmasından bəhrələnər”.

Qeyd edək ki, sözügedən müraciətin surətu, eyni zamanda Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru  İlqar Ramizoğluna da göndərilib.