Bu tədbirin keçirilməsi Azərbaycanın dünya siyasətində imicini yüksəldəcək- Azad Məsiyev - ÖZƏL

"Ermənistanla Azərbaycan arasındakı münaqişə Azərbaycanın xeyrinə həll olunub. Cənubi Qafqazda aparıcı dövlət olan Azərbaycan sülh sahibidir."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:

"Cənubi Qafqazda həyata keçirilən bütün layihələr Azərbaycanla razılaşdırılır. Dünyada Cənubi Qafqaza maraqlı olan dövlətlər Azərbaycanla hesablaşmaq üzrədirlər. Ermənistanı himayə edən Qərb dövlətləri, başda Fransa olmaqla Azərbaycanın uğurlarından narahatdırlar. Azərbaycanın dünya siyasətində söz sahibi olmasını mənimsəyə bilmirlər. Fransa Ermənistanı himayə etməklə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Ermənistana həm maliyə, həm siyasi, həm hərbi dəstək verməklə Azərbaycana təzyiq edirlər. Eyni zamanda Fransanın Azərbaycana qarşı Avropa Şurası Parlament Assambleyasında da qərəzli mövqeyi göz önündədir. Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini qəbul edə bilmirlər. Çünki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Azərbaycan bu illər ərzində Qoşulmama Hərəkatına rəhbərlik edir və bu hərəkatın toplantıları Azərbaycanda həyata keçirildi. Bununla əlaqədar Azərbaycan öz mövqeyini beynəlxalq aləmə çatdırdı. COP-29 toplantısının da gələn il Azərbaycanda keçirilməsi yetkinliklə qərarlaşdırılmışdır. Bu tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın dünya siyasətində imicinin yüksəlməsinə səbəb olacaq və Azərbaycanın demokratik dövlət olduğunu bir daha sübut edəcək. Azərbaycan Cənubi Qazqazda aparıcı dövlət olmaqla yanaşı, dünya proseslərində fəal iştirak edən dövlət imici qazacaq. Buna görə də, Fransa  Azərbaycanın beynəlxalq aləmdə imicinin qalxmasından narahatdır. Fransanın ictimai-siyasi xadimlərinin, dövlət adamlarının qərəzli çıxışları Azərbaycanı nüfuzdan salmaq məqsədlidir. Bu cür addımlar uğursuzluqla nəticələnəcək."