Adgünü yubiley kimi əlamətdar şair: MƏMMƏD İSMAYIL-84

Fazil MUSTAFA,millət vəkili

Bu gün görkəmli Azərbaycan şairi, filologiya üzrə fəlsəfə doktoru Məmməd İsmayılın adgünüdür (Məmməd Mürşüd oğlu İsmayıl; 01.11.1939, Əsrik Cırdaxan, Tovuz).
Məmməd İsmayılın dillər ərzbəri olan şeirləri, məhsuldar ədəbi-bədii yaradıcılığı ilə yanaşı, Respublika "Gənclik Ədəbi Birliyi"nin başçısı (1983-1992), ünlü "Gənclik-Molodost" dərgisinin baş redaktoru (1988-1992) olaraq gənc ədəbi nəslə qayğısı, ümumən azad sözə, ictimai fikrin düzgün qidalanması, xəlqi, milli həqiqətlərin gün üzünə çıxarılmasına dair unudulmaz xidmətləri olub.  
Şair 1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru vəzifələrində uğurla çalışıb.
Xalq hərəkatında fəal iştirak etmiş, öndə olmuş şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti İdarə heyətinin sədri olaraq, dövlət televiziyasının milli mədəniyyətə, etnoyaddaşa, Türk dünyasına daha sistemli yanaşmasını təmin edib.
1995-1996-cı illərdə Türkiyədə TİKA və Türk Dil Qurumunun birgə sözlük layihəsində ekspert kimi fəaliyyət göstərib. Uzun illər Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetində professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
Hələ 14 yaşından bədii yaradıcılıqla məşğul olan Məmməd İsmayıl, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mərkəzi qərargahı Ankarada yerləşən Avrasya Yazarlar Birliyinin qurucu üzvü olan şair, Moskvada nəşr olunan "Literaturnıe Znakomstvo" dərgisinin redaksiya heyətinin üzvü, dərginin Türkiyə təmsilcisi və köşə yazarı olaraq da çalışıb. "Ulsulararası Sənətçilər və Qəzetçilər Birliyi"nin Türkiyə təmsilcisi olub. Mərkəzi qərargahı Bürüssledə yeləşən Boqdani Beynəlxalq Yazarlar Birliyinin vitse-pirezidentidir.
Ukrayna Ali Təhsil Akademiyası Türk və Slavyan xalqları ədəbiyyatlarına verdiyi ədəbi föhfələrə görə ona fəxri doktor ünvanı verib. Əsərləri 50-dən çox dünya xalqının dilinə çevrilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini çevirərək, Azərbaycanda və Türkiyədə yayınlayıb. Bir çox ölkənin (Türkiyə, Ukrayna, Moldova, Macarıstan və b.) ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı məqalələr yer alıb, həyat və yaradıcılığı haqqında (Azərbaycanda və Türkiyədə) diplom işi və doktorluq dissertasiyası yazılıb.
Mərkəzi ofisi Rumınyanın Graiova şəhərində yerləşən Mihail Eminescu Akademiyası 2018-ci ildə şairin əsərlərini Nobel mükafatına təqdim edib.
30-dan çox ölkədə (Türkiyə, Almaniya, İtalya, Hindistan, Vyetnam, Kuba, Rusya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumınya, Serbiya, Bosniya-Hersoqovina, Qaradağ, Quzey Makedoniya, Litva, Burkino-Faso və b.) keçirilən konfrans və şeir festivalında Məmməd İsmayıl ədəbiyyatımızı layiqincə təmsil edib. İtalyada və Rumınyada yayınlanan "Dünya Şeir Antologiyası"nda Azərbaycan şeiri onun əsərləri ilə təmsil olunub (2015-2017). ABŞ-ın Koliforniya əyalətinin San Jose şəhərində dünya şeirinin seçmələrindən ibarət illik "Svyaz vremyon" (“Zamanların ünsiyyəti”) antologiyasının çeviri bölümündə onun əsərlərinə də yer verilib. (Məmməd İsmayılın "Adım", "Apar məni", "Burda bir şəhər yatır", "Yatan mənalar", "Döyüş, Qələbə", "Yaşıldı gözümdə dünyanın əksi" şeirlərinən yer aldığı silsilə şairin tərcüməçisi və dostu - rus şairi Mixail Sinelnikovun önsözü ilə başlayır. Önsözdə Məmməd İsmayılın dünya ədəbiyyatındakı yerindən söz açılır).
Türkiyədə "Akademik Şiir Ailəsi Yazarlar Qurumu" tərəfindən hər il yaradıcılıqda fərqlənən bir türk şairinə verilmək üzrə "Məmməd İsmayıl Ədəbiyyat Ödülü" (2018) və Türkiyədə çap olunan “Güfte” Ədəbiyyat, Kültür, Sənət və Ədəbiyyat dərgisi tərəfindən şairin adına “Uluslararası Şeir Yarışması” təsis edilib (2023).
İndiyədək fərqli dillərdə şairin 50-dən çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunub, onlarla şerinə mahnı bəstələnib.
Şair ədəbi uğurlarına görə bir sıra ödüllərlə təltif olunub.
1978-ci ildə Bakıda çap olunmuş “Söz vaxtına çəkər” və Moskvada çap olunmuş “Dəymiş nar dənələri” kitablarına görə o dövrün rəsmi Gənclər Mükafatı, Moskvada çap olunmuş “Yerlə göy arasında” kitabına görə Ümumittifaq Ostrovski mükafatı ilə, 1979-cu ildə “Ceyran Muğana qayıdır” sənədli filminin ssenarisinə görə (keçmiş) SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin gümüş medalı ilə təltif olunub.
1996-cı ildə şair Türkiyə Diyanət Vəqfinin Məhəmməd peyğəmbərin qutlu doğum həftəsi münasibətilə keçirdiyi şer yarışının qalibi olaraq ödülləndirilib; 1997-ci ildə isə Türkiyə Yazarlar və Sənəçilər Vəqfinin “Türk Dünyasına Xidmət” ödülü Azərbaycandan ilk dəfə ona verilib. Konya şəhərində keçirilən Saz və Söz Bayramında uğurla iştirak edərək 1990, 1991, 1995-ci illərdə bayramın 1-ci ödülünə – böyük qızıl medala, 10-16 sentyabr 2012-ci ildə Krımın Koktəbel şəhərində keçirilən X Şeir Simpoziumunun 1-ci ödülünə, 2014-cü ildə Rusya Yazıçılar Birliyinin S.Yesenin adına “Qızıl payız” medalına və diplomuna layiq görülüb.
Şair həmçinin Fransa Elm, Sənət və Ədəbiyyat Akademiyasının keçirdiyi “Avropada özgürlik sevgisi” şeir yarışmasının qalibi olub; mərkəzi qərargahı Brüsseldə  yerləşən Beynəlxalq Yazarlar Birliyinin “Peter Boqdani” (2017), Rumınya M.Eminescu Akademyasının “Mihay Eminescu” və  Ukrayna  Ali Təhsil Akademiyasının “T.Şevçenko” medallarına layiq görülüb.
Moldovanın “Literatura Arta” ədəbiyyat  qəzetində  çap olunan silsilə şeirlərə görə qəzetin poeziya üzrə illik mukafatını (2018), eyni zamanda, Kosovada alban dilində çap olunan “Unudulmaq növbəsi” kitabına görə “Azəm Şkrelit Uluslararası Ədəbiyyat Ödülü”nü alıb (2018).
Bunlardan başqa, Rusya Yazıçılar Birliyinin İnnoketti Annenski (2018), Qazaxıstan Respublikasının “Qazaxıstan  Xalqı Assambleyası-25” yubiley medalına (2020) layiq görülüb.
Yalnız bir bölümünü yada saldığımız bu uğurlar bir daha göstərir ki, Məmməd İsmayıl miqyaslı şairlərin hər adgünü günü yubiley kimi əlamətdardır.
Görkəmli şairimizi adgünü münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!


Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi