Korrupsiyaya qarşı mübarizədə Azərbaycan reallıqları və beynəlxalq təcrübə təqdim olunub

“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə: Azərbaycan reallıqları və beynəlxalq təcrübənin öyrənilməsi, tədbirlərin təşkili məqalələrin hazırlanması və mediada yayılması” layihəsi çərçivəsində tədbir keçirib. Tədbirdə hüquq sahəsi üzrə ekspertlər, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər. İctimai Birliyin sədri Əlövsət Allahverdiyev açılış nitqində həyata keçirilən layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O deyib ki, layihənin məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdəki mövcud durumun təhlilinə əsaslanan və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələr işləyib hazırlamaqla maarifləndirmə işləri aparmaqdır. Ə.Allahverdiyev həmçinin korrupsiyaya qarşı mübarizədə effektiv nəticələr əldə etmiş ayrı-ayrı ölkələrin təcrübələrinin öyrənilməsi və bunun Azərbaycan reallığı ilə müqayisəsinin aparılmasının əsas vəzifələrdən biri olduğunu bildirib. “Ona görə də korrupsiyaya qarşı mübarizəyə töhfə vermək üçün bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və onun Azərbaycan reallıqlarına tətbiq edilməsi istiqamətində işlər davam etdirilməlidir” – Əallahverdiyev çıxışı zamanı deyib.

BDU-nun müəllimi, hüquq üzrə ekspert Şahin Məmmədrzalı qeyd edib ki, korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zaman keçdikcə sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir. Ş.Məmmədrzalı daha sonra deyib ki, dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.
Hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov isə çıxışında bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək məqsədi ilə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir.
Ekspert Rəcəb İsmayılov isə çıxışı zamanı korrupsiyaya qarşı mübarizənin davamlı olaraq aparılmasından bəhs edib.  O, korrupsiyanın qarşısının alınması ilə bağlı effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. R.İsmayılov deyib ki, korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi, bu sahədə icra edilən tədbirlərin korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməsi zəruridir.
Daha sonra tədbirdə iştirakçıların suaları cavablandırılıb, müzakirələr və fikir mübadiləsi aparılıb.