Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı

I Türk Dünyası Mədəniyyət Forumundan təəssüratlar

Oktyabrın 13-də doğma Şuşaya növbəti dəfə səfər etmək xoşbəxtliyini yaşadım. Sayca ikinci olan bu səfər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə 13-14 oktyabrda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumuna dəvət çərçivəsində reallaşdı. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa ili” kimi qeyd olundu. 2022-ci il martın 31-də isə Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi...
Şuşaya səhər tezdən Heydər Əliyev adına Bakı Hava limanından təyyarə ilə Fizuliyə, Fizulidən isə avtobuslarla yol aldıq. Səfər yoldaşlarım hamılqla sevinc içərisindəydi, sanki Şuşaya toya-bayrama gedirik. 30 ilə yaxın Şuşalı-Qarabağlı xatirələrlə yaşadıq, bu nisgil illər uzunu ürəyimizə sağalmaz yaralar vurdu, Xarıbülbül təki boynubükük qaldıq.  Çox şükürlər olsun ki, 2020-ci ilin 27 sentyabrında Ali Baş komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatı nəticəsində 44 günlük müharibə qəhrəman Ordumuzun, əsgərlərimizin sayəsində qələbəmizlə başa çatdı, doğma yurd yerlərimizə möhtəşəm dönüşümüz başladı…

Dünyanın canlı muzeyi, Zaqafqaziyanın Şirazı

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olan Şuşanı həmişə ruhumuzun ünvanı saymışıq, mənəvi paytaxtmız Təbrizi sevdiyimiz qədər sevmişik. Görünür, bu cazbədarlığına, gözəlliyinə görə qədim səyyahlar Şuşanı Yer üzünün canlı muzeyi adlandırıblar. Hansı ki, bu muzeyin eksponatları kimi Cıdır düzü, Ərimgəldi qayası, Qırxpilləkən, Qırxçanaq qala, İsa bulağı, Sarı baba, Xan qızı bulağı, Topxana və s. qədim və tarixi yerlərin adını çəkmək olar... Füsunkar təbiəti və gözəl mənzərəsinə görə, dağlarının başı dumanlı Şuşanı Firidun bəy Köçərli “Zaqafqaziyanın Şirazı” adlandırmışdı. Ötən əsrlərdə Şuşada yaşayıb yaradan Molla Pənah Vaqif, Qasım bəy Zakir və Xan qızı Natəvanın adları və şeir məclisləri olduqca məşhur idi. Şuşa həm də bir növ Şərqin konservatoriyası sayılırdı ki, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və s. kimi görkəmli sənətkarlar yetişdirmişdi.

Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı

Şuşaya çatıb mehmanxanaya yerləşdikdən dərhal sonra I Türk Dünyası Mədəniyyət Forumunun açılışı oldu. Açılış mərasimində Mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar  və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak edirdi.
Mədəniyyət naziri Adil Kərimli açılış mərasimində çıxış edərək Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsini Türk dünyası tərəfindən Şuşaya olunan xüsusi diqqətin göstəricisi olduğunu bildirdi.
Nazirin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edib. Hazırda həmin ərazilərdə yüksək səviyyəli bərpa-quruculuq işləri davam edir.
“Türk dövlətləri birliyinin güclənməsində və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Türk dünyası birliyinin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”- deyə Adil Kərimli çıxışında qeyd edib.    

TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, mədəni irsinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 14-dək davam edən Forum işini üç panel üzrə davam etdirib. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Diferensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılıb.

5 dildə Şuşaya həsr olunmuş kitab və poçt markası

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dildə (Azərbaycan, özbək, türk, ingilis və rus) ensiklopedik nəşrin və Şuşaya aid poçt markasının təqdimatının keçirilməsi çox maraqlı və yaddaqalan oldu.                Təqdimatda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, Özbəkistan Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Xalq şairi Sabir Rüstəmxanlı çıxış etdilər. Qeyd edək ki, ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaq istəyi və zərurətidir. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olunmasından sonrakı dövrünə aid məlumatlar da yer alıb.
Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar və məlumatlar öz əksini tapıb. Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbi mühiti, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimai siyasi həyatı, iqtisadiyyatı, tarixi, dini abidələri, tikililəri, təbiəti, turizm məkanları, azad Şuşada aparılan quruculuq işlərinə dair məlumatlar, fotoşəkillər yer alıb. Ensiklopedik nəşrdə Şuşada keçirilən beynəlxalq və yerli tədbirlər habelə Özbəkistanda və Türkiyədə Şuşa ilə bağlı reallaşdırılan layihələr öz əksini tapıb.  Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistanda ilk dəfə olaraq Şuşaya həsr olunmuş Şuşaya dair buraxılmış poçt markasına gəlincə, aşağıdakıları bildirmək istəyirəm: Xüsusi dizaynla hazırlanmış, Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulan poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünyaşöhrətli mütəfəkkirlər, şairlər, tanınmış şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən elementlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan “Xarıbülbül” çiçəyinin rəsmi öz əksini tapıb.

“Mənə Şuşa torpağı gətirərsən, əmi”

Səfər çərçivəsində Şuşanın ermənilər tərəfindən 30 ilə yaxın müddətdə vəhşiliklə dağıtdıqları maddi-mədəni abidələri, inzibati və yaşayış binaları, eləcə də aparılan geniş miqyaslı təmir-bərpa və quruculuq işlərilə də yaxından tanış olduq, Şuşanın görməli yerlərini ziyarət etdik. Əvvəlcə ziyarətimizə məşhur “Cıdır düzü”ndən başladıq. “Cıdır düzü”ndən Xankəndi ovcumuzun içi kimi görünürdü, burada bayrağımızın dalğalandığı yerdən Xankəndini seyr etmək alayı bir ovqat yaradır adam da. Birinci səfərim zamanı burada şəkil çəkdirəndə yazmışdım: “Xoş gördük, Şuşa. Qarşıda yolumuzu gözləyən hələ bir doğma şəhərimiz də var - Xankəndi. İnanıram ki, tezliklə orada da mütləq olacayıq”.

Allah bu arzumuzu da gerçəkləşdirdi. Mən Şuşa səfərindən qayıdandan cəmi bir gün sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilməsinin 20 illiyində Xankəndi də Azərbaycan bayrağını ucaltdı. Əslində, Xankəndidə ucaldılan bayraq çoxəsrlik məkrli düşmənimiz üzərində böyük qələbəmizin yekunu idi və bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən sayılmalıdr...                                                                                                                                                                                                                                                                                            “Cıdır düzü”ndən aşağıya, qayalıqlara enib şəkillər çəkdiririk. Mənimlə yanaşı Türkiyəli yazıçı Yavuz Akpinar da addımlayır. Cibimdəki salafan torbanı çıxarıb aşağı əyilərək torbaya bir neçə ovuc Şuşa torpağı yığıram. Qardaşım qızı Fidan xahiş edib bunu məndən. “Mənə Şuşa torpağı gətirərsən, əmi”. Fidanın sözünü yerə salmadım. Yavuz bəy də torpaq yığmaqda mənə kömək edir. “Kəkotu nə gözəl qoxuyur” deyərək ovcundakı torpaqla bərabər bir dəstə kəklikotunu mənə uzadır.
“Cıdır düzü”ndən birbaşa Molla Pənah Vaqifin yenicə bərpa və təmir edilmiş məqbərəsini ziyarət etdik. Vaqifin ev muzeyindən çıxıb piyada addımlayırıq. Sol tərəfdə uçuq-sökük bina var. Yol yoldaşlarımdan biri bu evin Azərbaycanlı tacir Məşədi Qaranın olduğunu deyir. Ev Seyidli və Qurdlar məhəllələrinin kəsişməsində yerləşir. XVIII əsrin memarlıq abidəsidir. İşğaldan sonra erməni terrorçuları tərəfindən dağıdılıb. Hazırda evin yalnız xarabalıqları qalıb. Daha sonra Yuxarı Gövhərağa məscidini ziyarət edirik. Məsciddən çıxıb hamılıqla məşhur Şuşa qalasını, yenidən bərpa olunan qədim alban kilsəsini və Şuşa işğal olunandan sonra Bakıdakı İncəsənət muzeyinin qarşısında qoyulmuş, Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin hazırda Şuşanın mərkəzi meydanındakı güllələnmiş heykəllərini ziyarət edirik...

Qəlbimizin paytaxtı, Şuşa

Oktyabrın 14-ü axşam saat 19.00-da qəlbimizin, ruhumuzun paytaxtı Şuşadan Bakıya qayıdırıq.

Yazıçı Anar da Forumdakı çıxışında Şuşa haqqında məhz belə demişdi: “Şuşa bütöv Azərbaycanın, dünya türklərinin mədəniyyət paytaxtı olsa da, Şuşa mənim qəlbimin paytaxtıdır”. Yenidən görüşmək ümidi ilə salamat qal, əziz Şuşam...

Xanoğlan ƏHMƏDOV
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü