Əmir-sultan savaşından Turan birliyinə - Türksoyun qala-konsertinin təəssüratları

Dünən Heydər Əliyev mərkəzində Türksoyun 30 illiyinə həsr olunmuş qala-konsert keçirildi.
Konsertdən geniş reportaj verilib, tədbirdə çəkilmiş şəkillər internet resurslarında yayılıb deyə, bu barədə təfərrüatlı yazmağa lüzum yoxdur. Əsas məsələ Türksoyun əhəmiyyəti, gələcəyə, türk xalqlarına yönəlik mesajlarıdır.
Konsertdə Türksoyu təsis edən ölkələrin musiqi-rəqs kollektivləri iştirak edirdilər – opera və balet artistlərindən tutmuş ta xalq musiqilərinin ustalarına qədər. Möhtəşəm çıxışlar oldu.
Bir-birini əvəz edən rəngarəng musiqi nömrələrini təqdim edən çoxsaylı kollektivlərin ifaları türk xalqlarının məişət və mədəniyyətdə bir-birinə nə qədər yaxın olduqlarını göstərirdi – səslər eyni, rəqslər, demək olar ki, bənzər, ifalar oxşar. Yalnız geyimlər rəng və dizayn baxımından fərqli idi. Bu da güman ki, xalqların yaşadığı məkanın təbiət və iqliminə görə bu cür formalaşıb.
Ən ümdəsi, müxtəlif türk xalqlarını təmsil edən xalqların rəqsləri müasir dünyanın anladığı və qəbul etdiyi, qarşı cinslərin bir kollektivdə təmsil olunduğu, üz-üzə, qol-qola ifa etdikləri mədəni mühitdəydi. Bu, onu göstərir ki, türk xalqlarının dini islam olsa da, onlar ortodoksal şəriət qaydalarına yuvarlanmayıblar, öz milli adət-ənənələrinə sadiq qalıblar.
Elə Türksoyu bir təşkilat kimi mövcud edən, böyüdən əsas amil də türk xalqlarının qədimdən gələn soy-kök birliyini dərk etmək, adət-ənənələrini yaşatmaq, inkişaf etdirməkdir. Burada açar söz “soy”dur.
Neoimperiyaların bütöv xalqları parçalayıb hökm sürmək istədiyi müasir dünyada da soy birliyinə əsaslanan təhlükəsizlik çəmbəri qurmaq daha önəmlidir. Təcrübə göstərir ki, eyni çəmbəri dini müstəvidə başa gətirmək olmur. Dindaşlar bir-birini ya müdafiə etmir, ya da əksinə, öz milli maraqları xətrinə dindaşının düşməninə dost olur. Bəli, məhz “öz milli maraqlarının xətrinə”. Deməli, milli identifikasiya mütləq mənada ümmətçilik amilini üstələyir.
Son illərdə Orta Asiyanın türk dövlətlərinə, eləcə də Rusiyanın tərkibindəki Altay diyarına, Xakasiyaya, Yakutiyaya, Başqırdstana, Tatarıstana müntəzəm səfərlər edən həmvətənlərimizin dediyinə görə, türk xalqları arasında mədəni əlaqələr get-gedə daha çox siyasi çalar almağa başlayıb, iqtisadi əlaqələr güclənib, türk xalqlarının sürətlə yaxınlaşması prosesi gedir və zamanla dil baryeri də aşılacaq.
İndilikdə gerçəklik budur ki, hərəsi öz türkcəsində danışan xalqlar bir-birini anlamaqda nisbətən çətinlik çəkirlər. Onların leksikonlarında minlərlə eyni məna verən kəlmələr olsa da, hərəsinin öz qonşularından aldıqları yabançı kəlmələr həm tələffüzü çətinləşdirir, həm danışığıu dərhal anlamaqda problem yaradır. Fəqət qısa müddətdən sonra qarşılıqlı anlaşma problemi tədricən aradan qalxmağa başlayır.
Türksoyun əsas xidməti türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, bu xalqların hər bir fərdinə öz milli qohumlarını tanıtdırmaq, əlaqələri gücləndirməkdir.
Türksoy nə irqi təşkilatdır, nə də millətçiliyi önə çıxaran qurumdur. O, xalqların özünüdərk prosesinə təkan verməyi hədəfləyən bir təsisatdır.
Bu təşkilatda birləşən dövlətlər təbii müttəfiqlərdir. Artıq onların hamısı anlayır ki, bir-birinə dəstək olmasalar, bu “canavarlar dünyası”nda təklənərlər.
İndi orta əsrlər deyil ki, əmir Teymur öz qoşunuyla Osmanlı imperiyasının üzərinə getsin, sultan İldırım Bəyazidi əsir götürsün, yaxud Toxtamış xan digər türk dövlətləri ilə intriqa və müharibələr aparsın, onların üzərinə yürüşlər təşkil etsin. Bu işlər keçmişdə qalıb. Artıq hamı dərk edir ki, gen dünyada qonşu və qohum xalqlardan başqa millətlər və dövlətlər də var və onların heç də hamısı dost deyil. Hamı görür ki, 5 min, 10 min kilometr uzaqda yerləşən bir qüdrətli dövlət onların hamısına eyni zamanda yamanlıq edə bilər.
Türk xalqlarının birliyinə kənardan, uzaqdan baxanlar bəzən “Turan qurulur” deyə əndişələnirlər, amma bu ərsəyə gələn yeni güc mərkəzinin adının nə olmasından asılı olmayaraq, müasir türk dövlətləri belə bir birliyə sırf özünümüdafiə instinkti ilə ehtiyac duyurlar. Yəni türk dövlətlərinin kiminsə torpağında, mal-mülkündə gözü yoxdur, öz əllərində olan özlərinə bəsdir, yetər ki, kimsə onları son əsrlərdə olduğu kimi, yenidən əsarət altına almaq istəməsin. Əsrlər boyu müstəmləkə həyatı yaşamış türk xalqlarının bu istəyi doğal və haqlıdır.
Qala-konsertin son musiqi parçasının səhnə tərtibatı da göstərdi ki, türk xalqları necə rəngarəng, necə coşqulu və necə izdihamlıdır.


Araz Altaylı, Musavat.com