Sosial müdafiə hüquqlarının təşviqi mövzusunda MƏQALƏ MÜSABİQƏSİ keçirilir

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi sosial müdafiə hüquqlarının təşviqi və qorunmasına dair məqalə müsabiqəsi elan edib.

İlkxeber.org xəbər verir ki, müsabiqə təşkilatın icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” layihəsi çərçivəsində keçirlir. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində dəstəklənən qrant layihələrindən biridir.

Müsabiqəyə Azərbaycanda sosial müdafiə hüquqlarının təşviqi və qorunmasına töhfə verən, əlilliyi olan şəxslər, aztəminatlı ailələr, qadınlar, uşaqlar, ahıllar və digər həssas əhali təbəqəsinə aid olan şəxslərin sosial təminat hüquqlarının həyata keçirilməsi vəziyyətinə dair təhlil və təklifləri işıqlandıran məqalələr təqdim oluna bilər. Təqdim olunan məqalələrə tələblər:

Məqalələrin həcmi 10 min işarədən çox olmamalıdır;

Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan dilində olmalıdır;

Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;

Məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;

Məqalənin sonunda müəllifin adı və bu qeyd göstərilməlidir: “Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur.  Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 13 oktyabr - 12 noyabr 2023-cü il tarixləri aralığında dərc olunmuş məqalələrin on-line variantının linkini, əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını, əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa məlumatla birlikdə “Məqalə müsabiqəsi” başlığı ilə sosialhuquq@gmail.com ünvanına göndərməlidirlər.

Məqalələr müsabiqə komissiyası tərəfindən mövzu uyğunluğu, dolğunluğu, peşəkarlıq səviyyəsi və faktlara istinad etməsi kimi meyarlara görə qiymətləndiriləcək. Ən yaxşı 3 məqalənin müəllifi qalib olaraq aşağıdakı qaydada mükafatlandırılacaq: birinci yerin qalibi  - 800 AZN, ikinci yerin qalibi – 600 AZN, üçüncü yerin qalibi – 400 AZN. Bundan əlavə, daha 2 uğurlu materialın müəllifi üçün 200 AZN dəyərində həvəsləndirici mükafat müəyyən edilib.

Qeyd edək ki, müsabiqənin nəticələri 24 noyabr 2023-cü il tarixdə elan olunacaq.