Ersin Tatar: Quzey Kıbrıs Türk Cümhuriyyətinin bayrağı Azərbaycanda dalğalanacaq

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindədir.

İlkxeber.org xəbər verir ki, bunu KKTC prezidenti Ersin Tatar Bakıya uçmazdan əvvəl Lefkoşanın Ercan hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Ersin Tatar bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir.

Dövlət başçısı xatırladıb ki, digər ölkələrlə əlaqələri inkişaf etdirməkdə KKTC yunan tərəfdən maneələrlə üzləşir.

“Biz Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirəcəyik. Biz Azərbaycana təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələri inkişaf etdirmək üçün gedirik. KKTC bayrağı Azərbaycanda dalğalanacaq”, - deyə prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, iş adamları, turizm işçiləri, universitet nümayəndələri və investorlardan ibarət 200 nəfərlik nümayəndə heyəti Azərbaycana yola düşür.

Mətbuat konfransından sonra KKTC prezidenti Ersin Tatar, baş nazir Ünal Üstel və onu müşayiət edən nümayəndə heyəti Bakıya yola düşüb.