Zahir Məliklinin "Şəhidlik zirvəsinin Yardımlı fatehləri" adlı kitabı çapdan çıxıb

Tanınmış publisist Zahir Məliklinin "Şəhidlik zirvəsinin Yardımlı fatehləri" adlı növbəti kitabı çapdan çıxıb. Zahir Məliklinin müəllifi olduğu bu kitab əslən Yardımlıdan Qarabağ müharibəsi şəhidlərinə həsr olunub.
Sabah Yardımlı rayon Mədəniyyət Mərkəzində "Torpağı Vətən edənlər. Şəhidlik zirvəsinin Yardımlı fatehləri" kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə Z.Məlikli özünün feysbuk səhifəsində məlumat paylaşıb: "Hər vaxtınız xeyir əziz dostlar. Sabah, yəni 26 avqust 2023-cü ildə Yardımlı Mədəniyyət Mərkəzində (kino-teatrda) müəllifi olduğum "Şəhidlik zirvəsinin Yardımlı fatehləri" adlı kitabın şəhid atalarının təşəbbüsü ilə təqdimat mərasimi olacaq. Ürəyi istəyən hər kəs dəvətlidir. Amma bu statusa tağ etdiyim dostları şəxsən tədbirdə görmək istəyirəm. Rayondan kənarda yaşayan dostlar bura əziyyət olmasın deyə daxil edilməyib. İnşallah Bakı şəhərində nəzərdə tutulan təqdimatda bir yerdə olarıq. Əvvəlcədən təşəkkürlər”!
Xatırladq ki, elmi-metodik məqalələri yerli və mərkəzi qəzet və jurnallarda dərc olunan Zahir Məlikli həm də istedadlı rəssam-heykəltaraş kimi də tanınır və bir çox diplomlara, fəxri fərmanlara layiq görülüb. Sənət əsərləri dəfələrlə ölkədə və xaricdə keçirilən sərgilərdə nümayiş olunub. Bakı şəhərində 3 fərdi sərgisi keçirilib. Beynəlxalq müsabiqələr laureatıdır. Gavin Francisin "İnsan vücuduna səyahət", David İqlmanın "Beyin sənin hekayən", Co Dispenzanın "Özünüz bir plasebosunuz", İrvin Yalomun "Nitsşe ağlayanda" kitablarını dilimizə tərcümə edib.
Zahir Məlikli eyni zamanda "O və Yerdə qalanlar", “Yerlə Göy arasında” və "Enmək təhlükəsi" kitablarının müəllifidir. "Şəhidlik zirvəsinin Yardımlı fatehləri" müəllifin çap olunan sayca dördüncü kitabıdır.

Səid Əhmədli