Nazir müavininin qayınanasını kim və necə əvəz edəcək? - Açıqlama

Xəbər verdiyimiz kimi, Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri, Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.
O bir neçə gün öncə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişdi.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, o, öz istəyi ilə istefa verib.
“Mən bundan əvvəl də təşkil edilən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam. Bu dəfəki seçkidə də düşündüm ki, mədəniyyətə xidmət edən, mədəniyyət paytaxtımız Şuşanın rəmzlərindən biri sayılan Xan Şuşinskinin adını daşıyan fondun rəhbəri olaraq şurada iştirakımla mədəniyyətimizə bacardığım qədər töhfə verə bilərəm. Bu gün seçkilərlə bağlı yayılan şayiələr məni çox məyus edir”, – Xalq artisti istefa ərizəsində qeyd edib.
Qeyd edək ki, Bəyimxanım Cavanşirova-Verdiyevanın İctimai Şuraya üzv seçilməsi ictimai sektorda müzakirələrə səbəb olmuşdu.
Belə ki, onun Mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu deyilir. Bu məqamın ictimai nəzarət fəlsəfəsinə zidd olduğu və marqlar toqquşmasına səbəb olduğu bildirilir.
Mədəniyyət Nazirliyi yanında İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi​ ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərir. Qaydalara əsasən, üzvlərin sayı 9 nəfərdən ibarət olmalıdır. Bəyimxanım Cavanşirova-Verdiyevanın istefasından sonra şura üzvlərinin sayının 9 nəfər olması üçün yeni üzv seçilməlidir.
Bəs görəsən, yeni şura üzvü neçə müəyyən ediləcək? Əvvəlki seçkinin nəticələrinə əsasən, yoxsa yenidən seçki keçirməklə?
Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüququşünas Əliməmməd Nuriyev Bakupost.az -a açıqlamasında deyib ki, nəticələr dərhal elan olunandan sonra seçilmiş şəxslərdən biri istefa verdi:
"İctimai Şuranın ilk iclası olmayıb. Ona görə də ötən seçkidə növbəti yüksək səs toplayan şəxs avtomatik olaraq onun yerini tuta bilər. Məntiqi baxımdan belə bir qərar qəbul etmək mümkündür. İkinci tərəfdən, qanunvericilikdə bu məsələ açıq qalıb. İndiki halda şəxs seçiləndən sonra seçki komissiyası seçkinin nəticələrini elan edib. Əgər nəticələr elan edilibsə və bundan sonra kimsə istefa verirsə, onda yenidən həmin yerə yeni seçkilər də keçirilə bilər. Bunun üçün yeni namizədlər irəli sürülməlidir. Yəni, əlavə seçkinin keçirilməsi məsələsi ortaya çıxır. Əgər seçki qanunvericiliyi ilə yanaşsaq, bir həll yolu da budur. Amma digər tərəfdən, bayaq dediyim kimi, başqa bir məsələ var. Belə ki, hələ ilk iclas olmayıb. İstefa ilk iclasa qədər olub. Hesab edirəm ki, gələcəkdə bu məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. İctimai Şura haqqında, eyni zamanda seçkilərin təşkili ilə bağlı Nazirlər Kabinetinin qərarında bu məsələlər diqqətə çatdırılmalıdır ki, əgər şəxs ilk iclasa qədər istefa verirsə, onun yerinə növbəti daha çox səs toplamış şəxs olsun. Çünki yenidən seçki keçirmək əlavə enerji, əlavə resursların xərclənməsi deməkdir. Bu isə rasional addım deyil”.

BakuPost