QHT yeni layihəsinin icrasına başlayıb

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Gənclərdə tarixi və maddi-mədəni abidələrə məhəbbət ruhunun möhkəmləndirilməsi” mövzusunda yeni layihəyə start verib. İyul ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu barədə layihənin rəhbəri, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi İctimai Birliyinin sədri Kamran İsmayılov məlumat verib. K.İsmayılov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərimizdə öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, taleyində iştirak etmək, onun bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarətdir.
Layihə rəhbəri bildirib ki, Qazax və Tovuz rayonlarını əhatə edən layihədə gənclərin tərbiyəsində iştirak edən yerli dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrin yaradılması, onlara elmi-metodiki yardımın göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, vətənpərvərlik sisteminin yaxşılaşdırılması, gənclərin maarifləndirilməsi və sosial fəallığının stimullaşdırılması üçün təkliflərin hazırlanaraq təqdim edilməsi, eləcə də ictimaiyyətiin, xüsusən gənclərin bölgələrdə mövcud olan tarixi abidələrin qorunması işinə cəlb edilməsinin təşkili həyata keçiriləcək.