Gün-gün yaşanan ömrün səhifə-səhifə şəkli... - FOTO

İçərişəhərin turist qaynayan mərkəzindən kənar, gözdən uzaq, könül qədər dərin bir yerində  bu günlərdə yubiley yaşını qeyd etməyə hazırlaşan hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi Yusif Əli oğlu İldırımzadə ilə söhbətləşib bir ömürlük xatirələrinə körpü atdıq. Yusif İldırımzadə ilə ilk tanışlığımızın tarixçəsi təxminən 10 il əvvələ, ustad yazıçı Əli İldırımoğlunun sağlığına təsadüf edir. Təsadüf deyirəm, amma bu varoluşda təsadüf anlayışının olmadığını, olmalı olanın olduğunu bilərək, hər görüşün zərurətdən yarandığını anlayaraq yubilyarla bütün söhbətimiz boyu əslində sevgiylə didiklənən bir keçmişə şahidlik etdik.

Yusif İldırımzadə mənim üçün həm də şəxsən şahidi olduğum bir ədalətsizliyin bərpası naminə hüququn aliliyinə söykənərək fədakarlıq etmiş, vəfa borcu hiss etdiyim adamlardandır. Bu mənada həm də "prokuror" sözünün  hərfi mənası olan "qayğı göstərən" anlamını doğruldan mənəvi söykənc yeri, ədalətin istinad nöqtəsidir.

Bəzi adamlar var ki, onlarla illərlə görüşməsən də, aradan keçən zaman dostluğun doğmalığını azalda bilmir. Yenidən qarşılaşanda qaldığın o munis nöqtədən sanki dünən uzaqlaşmış kimi davam edə bilirsən. Bu anlamda da Yusif İldırımzadə dost-doğma adamdır. Və dost-doğma ola bilmək üçün heç də həmişə qan bağı gərək olmur, ruhun birləşdirdiyi can bağı bəzən daha güclü bir şəkildə insanları bir-birinə bağlaya bilir.

"525-ci qəzet"də esse yazarı kimi çalışdığım illər ərzində Yusif İldırımzadə təkcə Əli İldırımoğlu haqqında yazdığım yazılara deyil, ən müxtəlif mövzularda qələmə aldığım esselərə ustad ədəbiyyatçı kimi rəy  bildirən (özü də dəfələrlə" ən usta oxucu" adına iddialı olduğunu dilə gətirir), ədəbiyyata sevgisi ilə ləbələb dolu olan, gec-gec görüşsək də,  hər zaman ədəbi söhbətlərdə bədii doğmalığı gen-boluna yaşayan və yaşadan dəyərli ruh dostlarındandır.

 Ədəbiyyat sevdalıları Yusif İldırımzadəni həm də "qəlbimizin  poçtu"na göndərdiyi "Məktub"dan tanıyır. "Məktub"da epistolyar janrın imkan verdiyi səmimilik və dürüstlüklə anaya məhəbbətin ən ali ifadəsi olan məktublar, biganəliyi ruhun xərçəngi, sevgini, diqqəti bütün fiziki-mənəvi mərəzlərin çarəsi  kimi təqdim etdiyi özünəməxsus esseləri yer alır. Müəllif boşuna demir: "Biz hamımız yer üzünə göndərilən bir məktubuq. Allahın məktubu. Hər görüş, hər ayrılıq, bir-birimizə ötürdüyümüz hər xoş, hər bəd xəbər əslində üzbəsurət yazışmalardır, sadəcə vərəqə köçürülmür, taleyimizə köçür. Odur ki, biz bir-birimizi oxumağa əbədi məhkum bəndələrik: özü də tək yazdıqlarımızı yox, yazmadıqlarımızı da..."

Yusif İldırımzadə Azərbaycan ədəbiyyatının rəfinə bir "Məktub" yazıb qoyub, ancaq söhbətləşdiyimizdə hiss etdim ki, bəlkə də  yüz  "Məktub"luq da yazmadıqları var. Bu baxımdan Yusif İldırımzadə ilə yubiley söhbətində yazmadığını "oxumağa", susduğunu "eşitməyə" niyyət edərək həyat tarixçəsinin, hər zaman fəxrlə söz açdığı nəsil şəcərəsinin uc nöqtəsinə - ta keçən əsrin əvvəllərinə qədər yol aldıq...

Ailə xatirələrinə uzanan bu dolanbac yaddaş yollarında Yusif İldırımzadənin  kövrəkliklə dilə gətirdiyi unudulmaz Şəfiqə ananın misilsiz fədakarlığına, babası İldırımın qoynunda yaşadığı dağlar kimi ucalığına və saflığına, erməni gülləsinə tuş gəlib dünyadan nakam gedən babasının qardaşı Əmrahın köhnə kişilərə xas inanılmaz mərdliyinə və qeyrətinə, atası - xalis və şərəfli ömür sürmüş ustad yazıçı Əli İldırımoğlunun zabitəsinə, ədəbi istedadına və nəhayət, yubilyarın yaşadığı bütün həyatı boyunca ancaq və ancaq "özünə oxşamağa çalışmaq" əzminə şahidlik etdik... Bu, sıradan bir tərcümeyi-hal deyildi, həm də bu insanların simasında xalqımızın keşməkeşli olduğu qədər də təmiz, duru keçmişinə səyahət idi. Bəzən riqqətə gətirən, bəzən heyrətə düşürən bu xatirə səyahətində yubilyarın rəmzi yol yoldaşı olmaq həm məsuliyyətli, həm də zövqlü idi. Ümid edirəm, bu müsahibənin məsuliyyəti bizə, zövqü oxucuya aid olacaq...

"AĞAC OLAYDIM, YOLDA DURAYDIM..."

1953-cü il, isti yay günlərinin birində - daha doğrusu, iyulun 24-də Qubadlının Qədili kəndində anam Şəfiqənin doğulduğu torpaq döşəməli, doğma qoxulu evdə dünyaya göz açmışam. Analar müqəddəsdir,  mənim anam da ayağı altına cənnət müjdəsi verilən o qutsallıqdan nəsibini  almış,  bütün ömrünü övladları və ailəsi üçün yaşayan, misilsiz dərəcədə fədakar bir xanım idi. Mən dünyaya gəlməzdən əvvəl, onun möcüzəvi yuxularına gəlmişəm. Anam danışırdı ki, bir gün yuxusunda başdan ayağa ağ geyinmiş, ağ saqqallı nurani bir abid məni onun qucağına qoyub. O yuxunun sehri bu yaşımacan məni ovsunlamaqda davam edir. Bəlkə kimin üçünsə bu, adi bir yuxu ola bilər, amma mənə görə bu, ömrümün indiki vədəsinə qədər inanmağa davam etdiyim misli-bərabəri olmayan möcüzələrdən biridir.

Uzun illərdir anam fiziki olaraq yanımda olmasa da, alıb - verdiyim  hər nəfəsdə onun analıq mehrini hiss edirəm. Ağzı dualı, namazlı anamın gözünün ilki olduğuma görə onun analıq sevgisinin başlanğıcı da, o mehr-məhəbbətin digər övladlardan bir pay artığı da mənim qismətimə düşmüşdü. Və bəlkə də bu sevginin nəhayətsizliyindəndir ki, bir zamanlar mən onun bətnində yaşadığım kimi, ömrüm olduqca  anam Şəfiqə də mənim varlığımda, hər bir hüceyrəmin mərkəzində yaşamağa davam edəcək. Hüceyrə demişkən, elm də sübut edib ki, ömrümüz boyu xərclədiyimiz enerji anaların övladlarının hər bir hüceyrəsinə ötürdüyü mitoxondridən qaynaqlanır. Bu isə o deməkdir ki, analar fiziki olaraq vəfat edə bilərlər, amma ölməzlər, canımızda, hüceyrələrimizdə yaşayarlar! Anam da, beləcə hər nəfəsimdə, hər anımda mənimlə qəlb-qəlbə, göz-gözə, baş-başadır...

Bəzən böyük sevgiləri ifadə etmək üçün sözlər həddindən artıq işlənmiş və sadə görünə bilər. Bəlkə də əslində ali mətləbləri ifadə etməyə elə təbii ilkinlikdən doğan sadə kəlmələr  yaxşıdır? Bəzən sadəlik elə ən əlçatmaz alilikdir...

Anam Şəfiqə atamın ilk oxucusu və tənqidçisi idi, o əsərlər onun üçün sadəcə yaradıcılıq nümunəsi deyildi, ailə şərəfi qədər əziz və qiymətli idi, ona görə də ciddi-cəhdlə onu qorumağa çalışırdı. Onların məhəbbəti bir başqa aləm - paralel dünya reallığı kimi bir şey idi...

Naxçıvanda yaşadığımız vaxt anamın  mənə öyrətdiyi mahnını zümzümə edirəm hərdən, həmin misralardakı arzulara qoşulub onunla keçən unudulmaz günlərə qayıdıram, yenə də anasının ardınca əlində vedrə qaçaraq ona  həyan, kömək olmaq istəyən o balaca uşaq oluram, hələ də o mahnını eşidəndə gözümdə yaşlar tumurcuqlanır:

Yeri, yeri, mən də gəlim dalınca,

Dəsmal elə, apar məni yanınca...

Ağac olaydım, yolda duraydım,

Sən gələn yola kölgə salaydım...


Anamın gələcəyini bilsəm, elə o mahnıda deyildiyi kimi  ağac olub onun yollarına kölgə salardım...

ALLAHIN EŞİTDİYİ ADAM - ATAM...

Atam Əli İldırımoğlunun həyatımdakı yeri və rolu o qədər önəmlidir ki, hər söhbətdə onun xatirəsini yada salmaq istəyirəm.  Atam gənc ikən Qubadlının kəndlərində müəllimlik edib, sonra "Avanqard" qəzetində çalışıb. Və elə o qəzetdən başlanan jurnalistlik yolu ta "Kommunist"ə qədər uzanıb və uzun müddət həmin qəzetin Naxçıvan, Qarabağ, Quba-Xaçmaz  üzrə xüsusi müxbiri işləyib. Sovet dönəmində "Kommunist" çox nüfuzlu idi,  hamı o qəzetin mövqeyi ilə hesablaşmalı olurdu.  Atam öz şəxsiyyətini uca tutan əyilməz, vüqarlı bir adam idi, sözünün dəyərini, imzasının qədrini yaxşı bilirdi. Rayonların rəhbər işçiləri onun prinsipial adam olduğunu bildiklərindən çalışırdılar ki, Əli İldırımoğlunun tərs damarı tutmasın, çünki belə vaxtda atam kimsəni dinləməz, sonacan gedərdi.

Əli İldırımoğlu ustad yazıçı idi, dili hədsiz zəngin idi, əsərlərində elə maraqlı kəlmələrə can verərdi ki... Xalqın leksikonunda unudulmuş sözləri, məsəlləri dirildib yaradıcılığında geninə-boluna istifadə edərdi.

Atam zabitəli və zəhmli insan idi, heç birimiz onun bir sözünü iki etməzdik. Həyatda həmişə atamın ucalığına layiq yaşamağa çalışmışam, onun gözündə daim yüksəklikdə qalmağa can atmışam. Nə qədər buna nail olduğumu Allah bilir...

Qubadlı işğalda qalanda da atam hər gün doğulduğu o torpaqla nəfəs alırdı, bilirdim ki, yuxularında da, xəyallarında da daim Qubadlıdadır, suları daşlara çırpılıb çilik-çilik olan Bərgüşadın sahilindədir, atası ilə ixtilat edir... "Bərgüşada sözüm var" adlı vəsiyyət yazısında yanıqlı  cümlələri var: "Üzümü ulu göylərə tutub deyirəm: Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun, Bərgüşad!.. Bir də ki, yoxluğumda, yazdıqlarımı yozanların güzarı o tərəflərə düşsə, həzin nəğmələrinlə onların da könlünü şad et, Bərgüşad!.. Bir də ki... bizim el-obanı tərk edib xan Araza qovuşanda Çay bağlarında budaqdan budağa qonan rəngbərəng quşların nəğməsini, ətir saçan gül-çiçəklərin rayihəsini Tinli çöllərinə ərmağan et ki, Əmrahın ruhu şad olsun! Qoca dağlarımıza nisgil olan Əmrahın!.."

Allah atamı eşidirdi... Zənnimcə, bu dünyadan vəsiyyəti yerinə yetib köçmək də bir səadətdir.  Ömrünün son günlərini yaşayanda Qubadlının da, Bərgüşadın da  işğaldan azad edildiyini bildi, düşünürəm ki, bəlkə də ondan sonra ruhu rahatlıq tapıb bu dünyadan dinc şəkildə əbədiyyətə köç elədi...

Son nəfəsinə qədər atamın yanında oldum, əlini buraxmırdım. Ölüm anında başı üstündə Fikrət Əmirovun "Kürd-Ovşarı" simfonik muğamının səsləndirilməsini vəsiyyət etmişdi. Vəsiyyətinə əməl elədik. "Kürd-Ovşarı" bizim evin unudulmaz  himni idi, hətta jurnalistlər atamdan müsahibə almağa gələndə də "əvvəlcə mənim ruhumun nəğməsini dinləyin" deyib  onu dinlətdirərdi...

Övlad olmağı, həyat yoldaşı olmağı, valideyn olmağı ondan öyrənmişəm, çünki o, bu statuslara uyğun gələn bütün mənəvi keyfiyyətlərin daşıyıcısı idi, örnək idi. Əgər bu gün övladlarıma yaxşı ata ola bilirəmsə, bunu da atama borcluyam. Hər üç övladım  hüquqşünasdır, məslək yolumu davam etdirirlər. Təkcə övlad kimi yox, həm də ata kimi xoşbəxtəm, övladlarım mənim bu həyatdakı ən ali bəhərimdir...

"VƏTƏN ADAMLAR"I XATIRLAMAQ SƏADƏTİ...

"Coğrafiya taledir" deyirlər, bu baxımdan taleyimdən də, coğrafiyamdan da razıyam. Sevinirəm ki, Qubadlıda doğulmuşam, Naxçıvanda böyümüşəm, Ağdamda  yaşamışam, Bakıda ömür-gün sürürəm. Bütövlükdə Azərbaycan adlı bu coğrafiyaya vurğunam. Amma Qubadlının qəlbimdə yeri başqadır. Qubadlı elə bir yerdir ki, oranın  yalın daşını, quru torpağını da ürəkdən sevmək olar. Qubadlını müqəddəs, doğma, vazkeçilməz edən onun mərd adamlarıdır. Çünki vətən təkcə ərazi anlayışı deyil, həm də mənəvi ünvandır, məkanlar həm də adamları ilə vətəndir. Qubadlının timsalında rəhmətlik babam İldırım kişi, onun qardaşı Əmrah və bu mərd kişilərin varisi atam Əli İldırımoğlu mənim vətənimdir, qürur dolu keçmişimdir, danışılan bugünümdür, xatırlanacaq gələcəyimdir... Bu "vətən adamlar" haqqında heç vaxt sakitcə danışıb keçə  bilmirəm, boğazımda düyünlənən qəhər gözlərimə qədər yol alır...

Bu adamları sadəcə sevməklə kifayətlənə bilmirəm,  sevmək yetmir sanki, mən ata-babalarımın müqəddəs ruhu qarşısında baş əyirəm. Mənə öz ömür yolumdan sual veriləndə belə əvvəlcə onlar haqqında danışmaq istəyirəm. Çünki bu, təkcə mənim deyil, həm də xalqımın keçmişidir. Onlar Qubadlıda yaşasalar da, bizim əslimiz-kökümüz  Laçındandır, Zabuxdan... O Zabux ki, hələ keçən əsrin əvvəllərində həmin  kəndin qan su yerinə axan dərəsində erməni daşnakları ilə ölüm-dirim savaşında babam İldırımın qardaşı Əmrah yüzbaşı  igidliklə döyüşmüşdü.

O Əmrah ki, hələ 14-15 yaşında ikən igidliyi ilə Laçın dağlarının qartalı kimi anılırdı. Elə o yaşında da günlərin birində  çiynində səhəng sudan qayıdan bir gənc gəlinin bir neçə yadelli atlının zorakılığına  məruz qaldığını görüb onun namusunu qoruya bilmiş, o qadını təkcə döyüb qovduğu atlıların əlindən deyil, həm də elatın dilindən hifz eləmişdi. Atlıları döyüb qovandan sonra isə gənc qadına demişdi ki, bu qanlıq hadisəni bir daş altda, bir daş üstdə - heç yerdə danışmasın, o, özü heç kimə bu barədə bir kəlmə belə deməyəcək. Gənc qadın rüsvayçılıqla üzləşmədiyi üçün sevincindən ağlamış, yeniyetmə Əmraha ürəkdən dualar etmişdi...

Babam İldırım rəncbər idi, elə bir təhsil də almamışdı, sovetin ilk illərində kənddə təşkil olunan savad kursunda yazı-pozu öyrənmişdi, vəssalam. Amma o, torpağın bilicisi, alimi idi. Ancaq  torpağa baş əyib ondan mədət uman,  özünün zəhmətkeşliyinə güvənən halallıq, kişilik, mərdlik simvolu idi. Onu güclü edən yalçın qayalar idi, saflaşdıran büllur dağ çeşmələri idi, təpərli edən barlı-bəhrəli torpaq idi. Başını kiminsə çiyninə yox, torpağın köksünə, arpa, buğda, darı bafasının üstünə qoyub mənəvi rahatlıq tapardı. Yaradandan başqa kimsədən qorxmazdı. Əliquluuşağı kəndində babamın babası Məşədi Allahverənin çəkdirdiyi məşhur bulaqdan su içməyən az adam tapılardı. Bu ocaq, bu nəsil həmişə dara düşənlərə güvənc, istinadgah nöqtəsi olub. Babam İldırım elə mərd kişi idi ki, keçilərini oğurlayan adamın kim olduğunu bilsə də, sahə müvəkkilinin israrına baxmayaraq, onu şikayət etməmiş, dünya malından ötrü gedib kiminsə həbsdə yatmasına qıymamışdı... Oğurluğu biləndə isə gedib həmin adama bir sillə vurmuşdu, o da heyvanları oğurladığına görə yox, həmin insanın ona yalandan "İldırım, sən öl, heç nədən xəbərim yoxdur" dediyinə görə... "Sən öl" kəlməsinin müqəddəs and yerinə keçdiyi zamanlar idi onda...

Belə bir kökdən ucaldığıma görə, Məşədi  Allahverən, Məmmədbağır, Əmrah, İldırım, Əli kimi kişilərin genetik kodlarını, qanını damarımda daşıdığıma görə fəxr edirəm. Babam İldırımla aramızda xüsusi bir bağ vardı. Onun nisbətən arıq, amma möhkəm, qamətli  vücudu daim gözümün önündədir. Hələ körpəliyimdə babam məhz məni, gözünün ilki olan nəvəsini görmək üçün saatlarla at sürüb gələrdi. Atam danışardı ki, mən yaşyarımlıq olanda babam İldırım əlinə keçən kənd sovqatından yığıb-yığışdırıb bizə gəlibmiş, niyə zəhmət çəkdiyi ilə bağlı etiraz edəndə də zarafatla deyibmiş ki, sizə gətirmirəm ha, nəvəmin payıdır... Məni sinəsinə sıxıb "Düzünü axtarsanız, o boyda yolu bu uşaqdan ötrü gəlmişəm" - deyərdi. Həmişə mənim boyumu öyərdi, uzaqdan qaraltımı görəndə sevincindən gözləri işıldayardı. Mənə deyirdi ki, universiteti yaxşı qurtarsan, sənə Volqa alacam, indidən işləyib yavaş-yavaş tədarük görürəm.

Qubadlı erməni işğalından azad edilən gün ürəyimin həsrəti bitdi, amma gözümün yaşı bitmədi... Babamın məzarının yerini də müəyyənləşdirmişəm, yaxınlarda ziyarətə gedəcəyəm.  Qəlbimdə elə bir hiss var ki, sanki Qubadlıya, Əliquluuşağına qədəm basan kimi babam İldırım yanında qardaşı Əmrahla məni qarşılayacaq, yenə əllərini dizinə sürtə-sürtə sevincindən bilməyəcək neyləsin, atam Əli də yanlarında durub bizim timsalımızda qürurla keçmişini və gələcəyini süzəcək... Və mən də bu qədər doğmalığın arasında, anamın xatirəsinin istisində keçmişə bir addım da yaxınlaşacağam. Çünki insan yaşadıqca, yaşlandıqca gələcəyə getmir, əslində addım-addım öz məhrəm keçmişinə qayıdır...

GEDƏN ZAMANI YENİDƏN DİRİLTMƏK YANĞISI...

...Ailəmizdəki uşaqlardan Qubadlıda doğulan bircə mənəm, bacı-qardaşlarım Naxçıvanda dünyaya göz açıblar. Mənim də uşaqlığım, yeniyetməliyim Naxçıvanda keçib, sonra da atamın işi ilə əlaqədar  Ağdamda yaşamışıq. Uşaqlıqdan fəal ictimaiyyətçi, əlaçı idim. Səsim xoşagəlim idi, ara-sıra xalq mahnıları ifa etməyi sevirdim. Şeir yazmağım da vardı,   anam gözəl mahnılar öyrədərdi mənə, hərdən yazdığım şeirləri redaktə də edərdi... Dəli-dolu, çılğın vaxtlarımda qələmə aldığım məşhur idealist bir şeirim sonralar "Məktub"da yer aldı, elə həyatımda da... Bütün ömrüm boyunca  o şeirimdəki qayə ilə yaşamağa səy göstərdim:

Məni döysəniz də, əymək ki çətin,

Düz bitən ağaclar əyilə bilmir.

Başa düşmədiniz, bilmədiniz ki,

Yaxşı yarananlar pis ola bilmir.


Orta məktəbi  qızıl medalla, Bakı Dövlət Universitetini və Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirmişəm.

1975-ci ildən prokurorluq orqanlarında, eləcə də Gəncə və Bakı şəhərlərinin müxtəlif rayonlarında prokuror vəzifəsində, ümumilikdə 40 ildən artıq çalışmışam. Yüksək vəzifələrdə işləyərkən həmişə ağlımın bir küncündə tutmuşam ki, dövlət mənafeyinin təmsilçisi olan prokuror həm də "qayğı göstərən, himayədar" deməkdir.

Ağlım, fikrim işimdə, çalışdığım məsləkdə idisə də, ürəyimi ədəbiyyata, sözə vermişəm. Məktəbi bitirəndə jurnalist olmaq istəyirdim, sonra atamın məsləhəti ilə hüquqşünaslığı seçdim və heç də peşman deyiləm.

Yəqin böyüdüyüm ədəbi mühitindəndir ki, uşaqlıqdan sözlə nəfəs almışam. Naxçıvan şəhər mərkəzi kitabxanası evimizin yaxınlığında idi, abunə olunmuşdum, o kitabxananın bəlkə də bütün kitablarının yolu bizim evdən keçmişdi, o qədər çox oxuyurdum. İndi də sözün havası başımda ömür sürürəm, Məmməd Araz, Musa Yaqub, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Rüstəm Behrudi, Vaqif Bayatlının şeirləri bu gün də dilimin əzbəridir.

"Məktub" adlı kitabım yazıçılığa, yaxud şairliyə iddiam deyil, sadəlövh adam deyiləm ki, oxuduğum o qədər kitabdan sonra özümə ədib deyəm. Sadəcə istədim ki, indiyədək üzümü görənlər "Məktub"da özümü də görsünlər. Bu, bəsit bir  "Məktub" deyil, tərk edib gedən zamanı yenidən dirildib görmək yanğısı, gün-gün yaşadığım ömrün səhifə-səhifə şəklidir...

Son dönəmlərdə mütaliəmə dini ədəbiyyat, xüsusilə də təsəvvüfə aid əsərlər İmam Qəzali, İbnül Ərəbi, Mövlana Cəlaləddin Rumi, Seyid Yəhya Bakuvi, Cemalnur Sargutun kitabları da daxildir. Çox böyük hikmət müəllifləridir, hər sətirlərindən nəsə öyrənirəm...

...Anadoluda inanclı insanlardan yaşını soruşanda əgər onların yaşı peyğəmbərimizin vəfat yaşını (63 yaş) keçibsə, Həzrəti Məhəmməd əleyhissalama böyük sayğı anlamında utanaraq deyirlər ki, həddi keçmişəm. İndi onların təbirincə desək, bu il həddi keçdiyimin 7-ci ili - 70 yaşım tamam olur. Geri dönüb həyat yoluma baxanda yaşadığım ömürdən məmnunam. Allah istədiyim heç nəyi məndən əsirgəməyib. Allahdan çox razıyam, namazlarımda dua edirəm ki, Allah da məndən razı olsun... Və mən nə istəmişəmsə, həmişə ancaq Allahdan istəmişəm, aqillər demiş, verəndə nemət bilmişəm, verməyəndə hikmət... Nemətinə də, hikmətinə də şükürlər olsun...

lll

P.S ...
Cənubi Amerikanın Çeroki hindu qəbiləsində həddi-buluğa çatan oğlan uşaqlarını bir sınaqdan keçirirlər: Atası bir axşam oğluna artıq böyüdüyünü və kişi olduğunu sübut etmək üçün bir sınaqdan keçməsinin lazım olduğunu söyləyir və onu meşənin dərinliklərinə aparır. Orada oturması üçün bir ağac kötüyü göstərir və onun gözlərini bağlayaraq bütün gecəni meşənin içində təkbaşına qalacağını bildirir. Yeniyetmə bağırmamalıdır, sübhün ilk işıqları gözünü bağlayan parçanın arasından süzülüncəyə qədər də gözlərini açmamalıdır. Beləliklə, səsini çıxarmadan, qımıldanmadan səhəri gözləmək məcburiyyətindədir. Bunu bacararsa, o, artıq qəbiləsi tərəfindən yetkin kişi kimi qəbul edilir. Yaşadığı bu imtahanı başqasına anlatması da qadağandır. Hər oğlan uşağı sınaq gecəsini təkbaşına yaşamalıdır. Qorxunc gecənin sonunda günəşin ilk işıqları ilə birlikdə yeniyetmə gözündəki parçanı açar və qarşısında səssizcə onu müşahidə edən atasını görər. Onu tək buraxıb gedəcəyini söyləyən atası əslində bütün gecə orada səssiz oturub bir təhlükə olarsa oğlunu qorumaq üçün gözləmiş,  oğlu öz sınağını yaşarkən onu izləmişdir. Bu kişilik sınağını birlikdə yaşayan ata və oğul adətən ondan sonra bir-birilərinə çox fərqli bir ruhani bağla bağlanırlar. Çünki vaxtilə ata özü də eyni sınaqdan keçib, eyni zamanda oğul da atası üçün nə qədər dəyərli olduğunu anlayır...

Yusif İldırımzadənin yubiley söhbətini dinlədikcə mənə elə gəldi ki,bu pritçada olduğu kimi yubilyar həyatın sınaqlarından keçdikdən sonra gözündəki parçanı açanda qarşısında bütün bu ömür imtahanı boyunca əslində onu heç  tərk etməyən, indi də ruhları ilə dəstək olan doğmalarını - babası İldırımı, Əmrah yüzbaşını, Əli İldırımoğlunu görür və hər dəfəsində də həm onlara olan sevgisinin, həm də ona verilən dəyərin miqyasını bütövlükdə anladığı üçün bu qədər şükran duyğusu içində yaşaya bilir...

Sevinc Mürvətqızı

"525"dən: Hüquq üzrə fəlsəfə doktoru Yusif İldırımzadə Azərbaycanın ən tanınmış hüquqşünaslarından biri olmaqla bərabər, həssas, savadlı və qədirbilən oxucu, duyğulu, təsirli esselər müəllifi olan qələm sahibidir. Gözəl bir yazı oxuyanda, yeni bir imza ilə tanış olanda ürəkdən sevinmək, müəllifi axtarıb tapmaq, öz mülahizə və təəssüratını bölüşmək onun ən üstün və bu gün insanlarda çox az-az rast gəlinən keyfiyyətlərindəndir. Yusif müəllim "525"in təkcə ən sədaqətli oxucularından biri yox, həm də uzun illərdən bəri ən yaxın, etibarlı dostlarından, üstəlik, qəzetimizin səhifələrində vaxtaşırı maraqlı yazılarla çıxış edən sanballı imzalardandır. "525"in ən kiçik uğuruna belə bizim qədər sevinən dostumuz Yusif İldırımzadə bu günlər yubileyini - 70 yaşını qeyd edəcək. Bu münasibətlə əziz Yusif müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı diləyir, bundan sonra da öz qəlbi və ruhunca olan uzun ömür sürməsini arzulayırıq.