Taleyinə ağsaqqallıq yazılmış şəxsiyyət

Bizdə, el arasında bütün ömrü boyu heç kimə zərrə olsa belə ziyanı dəyməyən, əxlaqı, davranışı, nəciblyi ilə nümunə olan kişilər haqqında söhbət düşəndə,- “imam kimi adamdır”- deyirlər. Rəhmətlik Yaşar Abdulov sözün əsl mənasında Yardımlının tarixində belə adamlardan biri olub. Ağsaqqallıq onun varlığına hakim olduğu üçün, həyatının bütün mərhələlərində elə ağsaqqal kimi də yaşadı…
Niyə danım, hər yerdə olduğu kimi, bu yurdun da tarixindən çox qəhrəmanlar gəlib keçib. Qaçağı, prokuroru, hakimi, həkimi, deputatı, professoru, imkanları yerə-göyə sığmayanları, daha nə bilim kimləri də olub, hətta şöhrəti ölkəni dolaşanları da, amma heç biri el ağsaqqalı səviyyəsinə yüksələ bilməyiblər. Hərlənib-fırlanıb çəpər səviyyəsinə eniblər- tayfabazlıq, qohumpərəstlik, xudpəsəndlik kimi cılız hisslər sonda böyüklüklərini güdaza verib…
Bəli, rəhmətlik Yaşar Abdulovun taleyinə ağsaqqallıq yazılmışdı. Müəllim olanda da, lap elə rayona rəhbərlik edəndə də Tanrıdan gələn bu missiyanı icra edirdi. İlğım kimi idi, görünmürdü, fəqət bütün qaranlıqların işığa çıxmasında gizli zəhməti vardı…
Yaşasaydı iyulun 1-də 77 yaşı tamam olacaqdı…
Yurd içində və kənarda alicənab, müdrik, əsl ziyalı, el ağsaqqalı kimi tanınan Yaşar Qaraxan oğlu Abdulov daim ehtiramla xatırlanacaq və Allahdan ruhuna rəhmətlər dilənəcəkdir.
Ruhu şad olsun!
 
Elman Eldaroğlu