Bakıda Mediasiya Təşkilatı ilə Avropa İttifaqının nümayəndələrinin görüşü keçirilib

20 iyun 2023-cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatı ilə Avropa İttifaqının nümayəndələri arasında görüş keçirilib. 
Görüşdə Bakı 9 saylı Mediasiya Təşkilatının təsisçisi Yunis Nəsibov, Təşkilatın müdiri Leyla Nəsibova, mediatorlar - İlham Fərzəliyev, Fərhad Mehdiyev, Sabirə Şıxəliyeva, Anar İsayev, Avropa İttifaqının və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) "Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin kordinatoru Leonid Antohi, Layihə üzrə məsul şəxs Vəfa Rövşənova, beynəlxalq ekspert - mediatorlar Adi Gavrilla və Rimantas Simaitis iştirak edib.
Bakı 9 saylı Mediasiya Təşkilatının müdiri Leyla Nəsibova son zamanlarda Təşkilatın gördüyü işlər barədə geniş məlumat verib.
Görüş zamanı mediasiya proseslərinin avtomatlaşdırılması, dijital sferaya keçid barədə söhbət aparılıb. Eyni zamanda yeni e-mediasiya portalının funksiyaları, yeniliklər və mövcud problemlərin bu yeniliklər vasitəsi ilə həlli yolu barədə məlumat verilib. Qeyd olunub ki, bu yeni portal sayəsində elektron kargüzarlığa keçid təmin olunacaqdır.
Görüş sonunda beynəlxalq ekspertlər məsələ ilə bağlı öz təkliflərini vermiş və işin keyfiyyətinin yüksəldilməsi və texniki təminatla bağlı öz köməklərini göstərəcəklərini qeyd etmişlər.