Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdan mesajı: Vardanyan ideya “tapdı” – Xəritə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkisində qələbəsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi və Bakıda bəlli mesajlar verməsi erməni siyasi elitasını da hərəkətə gətirib.

Axar.az xəbər verir ki, Ərdoğan xüsusilə Ermənistan-Azərbaycan sülh danışıqlarının qısa müddətdə nəticə verəcəyini bildirdi, eyni zamanda Zəngəzur dəhlizi haqda növbəti dəfə dəqiq mövqe ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi mütləq açılacaq” deyə qarşılıq verməsi isə İrəvanda müzakirələrə səbəb olub.

İrəvanın Türkiyədəki seçkidən gözləntiləri puça çıxdı: Kamal Kılıçdaroğlunun seçiləcəyi və Cənubi Qafqazda mühüm layihələrin təxirə düşəcəyi, Türkiyənin bölgədən qismən çəkiləcəyi ehtimalları ortadan qalxdı. Ərdoğan növbəti dəfə qalibdir və layihələri daha da dərinləşdirəcəyi barədə Bakıdan açıq şəkildə mövqe ortaya qoydu.

Hazırda ermənilər “alternativlər” axtarmağa da çalışırlar və bunu “dəhliz ifadəsinə qıcıqlanmamaq lazım gəldiyi” haqda fikirlərlə əsaslandırmağa çalışırlar.

Məsələn, erməni politoloq Qagik Vardanyan deyib ki, 10 noyabr 2020-ci il bəyanatında “Zəngəzur dəhlizi” ifadəsi yoxdur:

“Bu ifadəni beynəlxalq müzakirəyə və siyasi leksikona İlham Əliyev gətirdi. Əlbəttə ki, bizdə bu, mənfi qarşılandı və bu da təbiidir. Ancaq unutmayaq ki, hər bir insanın, xüsusən də dövlət başçısının öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu fikrin də rasional tərəfləri var”.

Bu erməni “güzəştli” (guya!) keçidindən sonra Vardanyan “rasional tərəfə” gəlir və 44 günlük savaşdan dərhal sonra – 2020-ci ilin dekabrında Rusiya mediasında yayılan “Transsib Zaqafqazya” ideyasını (və xəritəsini) gündəmə gətirməyə çalışır.

Müharibədən dərhal sonra kiminsə başının altından çıxan və “Avrasiya inteqrasiyası” ideyasına xidmət edən bu “xəritə”də Zəngəzur dəhlizi fərqli şəkildə göstərilir: yeni infrastruktur, yeni xətlər, yeni hab… “Qarabağdan keçən” nəqliyyat xətti isə Zəngəzurda şaxələnir – Ermənistan mərkəzə çevrilir.

Vardanyanın bu qeydi çox maraqlıdır. O özü də etiraf edir ki, dəhliz açılarsa, 1) Bölgədə davamlı sülhün təmin edilməsi baxımından zəruri olan müəyyən tarazlıq qurulacaq; 2) Region ölkələri bərabər şəkildə faydalanacaq; 3) Bunun əsasında 5 ölkənin birgə investisiya proqramları həyata keçiriləcək…

Yəni əslində İlham Əliyevin Zəngəzur dəhlizinin həm sülh-sabitlik gətirəcəyini, həm də regionun iqtisadi mənzərəsini və inkanlarını gücləndirəcəyini yaxşı bilirlər. Ancaq bu ideyadan belə dağıdıcı məqsədlər üçün istifadə etməyə çalışırlar:

1. “Transsib Zaqafqaziya” Xankəndidən “keçməlidir” – bu, Ermənistanın işğal siyasətinin davamıdır;

2. Bütün keçmiş infrastruktur məhv edilir, dağıdılır və yenisi çəkilir.

Bu ideyanı irəli sürən “Avrasiya inteqrasiya ideoloqları” deyəsən, regionu tamamilə tanımırlar və yaxud mümkünsüz ideya ilə prosesi ləngitməyə çalışırlar: O “xəritədə” göstərilən istiqamətdə dəmir yolunun çəkilməsi mümkün deyil, çünki bütövlükdə dağlıq ərazilərdir. Digər tərəfdən, iqtisadi məntiq çox az xərc çəkməklə, mövcud olmuş infrstrukturu bərpa etməklə daha çox xeyir götürməyi tələb edir. Bu, xüsusilə dəmir yoluna aiddir. Belədə, 2020-ci ildə, müharibədən dərhal sonra Ermənistanın işğal siyasətinə də xidmət edən həddən artıq bahalı, dağları yarmaq tələb olunan, heç bir əsası da olmayan “layihə” haradan çıxdı?

Əslində, Azərbaycan artıq bu “mümkün təklifi” çoxdan dəfn edib: Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsi tamamlanmaq üzrədir – qalır 44 km-lik Ermənistandan keçən hissə…