Sabiq nazirin müsəlmanlarla bağlı açıqlaması narazılıq yaratdı - ilahiyyatçılardan ETİRAZ

Sabiq maliyyə naziri Saleh Məmmədov deyib ki, İQ indeksinə görə dünyada ən aşağı reytinq müsəlman ölkələrindədir: "Dünya təcrübəsi göstərir ki, islamlaşma gücləndikcə İQ əmsalı düşür, uyğun olaraq sosial-iqtisadi inkişaf geriləyir. Müsəlman ölkələrində, eləcə də Azərbaycanda bu vəziyyəti düzəltmək üçün bir az dindən aralanmaq lazımdır. İnanclılar öz inanclarına inansın, amma dinlə idarəçilik heç bir ölkədə fayda verə bilməz. İqtisadi inkişafın başqa yolu yoxdur". S.Məmmədovun bu açıqlaması inanclı kəsimin narazılığına səbəb olub. Belə çıxır ki, islam inkişafa əngəldir. Halbuki İslam Peyğəmbəri (s) buyurub ki, “Elm uzaq Çində də olsa ardınca gedin”. Yəni islam, Qurani-Kərim əsla elmə qarşı deyil. Bəs görəsən, ilahiyyatçılar bu fikirlə razıdırlarmı?


Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, təxminən 150 ildən artıqdır İslam dünyasında cavabı axtarılan və müzakirə edilən mövzulardan biri müsəlman toplumun geri qalması, iqtisadi baxımdan problemlər yaşamasıdır: “Bu problem haradasa düşüncə tərzimizə uzun zamandan bəri təsir edib. Bəzi insanlar da bu problemin dindən qaynaqlandığı barədə yanlış düşüncəyə qapılır, bu yanlış düşüncəni cəmiyyətdə yaymağa çalışırlar. Qəribədir ki, bu insanların hədəf seçdiyi din yalnız islam olur. Dini sosiologiya bir ərazidə yaşayan əhalinin hansı hissəsinin dindarlıq dərəcəsini müəyyən etməyə yardımçı olur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu prinsiplər üzrə müəyyənləşdirdiyi dindarlıq dərəcəsinə görə, Azərbaycan əhalisinin cəmi 8 faizi dindardır. Demək, bu ölkədə hansısa sosial, iqtisadi, yaxud intellekt problem varsa, bu problemin səbəbi inanclı kəsim deyil. O zaman nədən yerdə qalan 92 faiz hissə ilə ölkə əhalisinin intellekt əmsalı yüksəlməyib? İslam dini insanlara elm öyrənməyi təşviq edir. Bəzi insanlar dinə münasibətlərində obyektiv yanaşma ortaya qoya bilsələr, görəcəklər ki, Qurani-Kərimin 800-dən çox ayəsində elmlə bağlı çağırış və bəyanlar var.

Bir çox hallarda Avropanın öndə olduğu məsələlərdən danışan alimlər hesab edir ki, Qərb mədəniyyəti İslam mədəniyyətinin davamıdır. Bu alimlərin fikirlərinə görə, elmlər qədim Misir, Babil, yunan, İslam və Avropa yolunu təqib edib. Elm adamları hesab edir ki, Qərb elmi olaraq təqdim edilən İslam elmlərinin davamıdır.

Əvvəldə qeyd etdiyim kimi, Azərbaycan əhalisinin 8 faizlik dindar kəsimi mütləq şəkildə bu ölkənin təhsil sistemini idarə etmir. O zaman Azərbaycan təhsilində baş alıb gedən neqativ prosesləri dinlə əlaqələndirməklə heç bir obyektiv düşüncə ortaya qoymaq mümkün deyil. İntellekt əmsalının formalaşmasında mühüm rol oynayan təhsildə yaranmış problemləri dində deyil, bu sahəyə rəhbərlik edənlərin yarıtmaz fəaliyyətində axtarmaq lazımdır".

İlahiyyatçı əlavə edib ki, Azərbaycanın idarəçiliyinin başqa bir sahəsinə baxılsa, ölkənin parlamentində daha çox fəal olan deputatların sırasında inanclı insanların olduğunu çoxları bilir: “Bu adamların intellekt səviyyəsinin yüksək olmasında dinin hansı "neqativ" cəhətinin olduğunu İslam dinini tənqid edənlərdən soruşan olsa, yəqin ki, obyektiv cavab tapıb ortaya qoya bilməyəcək. Ölkənin digər idarəçilik sahələrində də dindar vətəndaşların vəzifə sayının yüksək olmadığını nəzərə alsaq, problemin obyektiv dəyərləndirilməsi üçün başqa vasitələrin axtarılması məqsədəuyğun olardı".


Elvüsal Məmmədov

İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “Təəssüf ki, bu yanaşma olduqca populistdir. Bir yanaşma o vaxt populist olur ki, o heç bir ciddi faktla arqumentasiya bazası ilə təsdiqlənmir. Görəsən, bu iddianı səsləndirən şəxs Azərbaycan cəmiyyəti üçün hansı sosioloji araşdırmanı aparıb, anket sorğusu keçirib, konkret olaraq hansı faktlara əsaslanıb? Təbii ki, heç bir fakta əsaslanmır. Ona görə ki, belə bir fakt mövcud deyil. Bununla yanaşı, mən bu iddianı səsləndirən şəxsə Azərbaycan cəmiyyətinə real yanaşmağı tövsiyə edirəm. O, əgər Azərbaycan cəmiyyətinə real nəzərlərlə baxa bilsəydi, onda görərdi ki, Azərbaycan cəmiyyətinin heç 10 faizi dindar deyil. Biz inanc olaraq müsəlmanıq, amma o şəxsin dediyi kimi islamlaşmaq, dindarlaşmaq heç 10 faiz əhali arasında baş verməyib. O nöqteyi-nəzərdən bu iddia kökündən yanlışdır. Bununla belə, mən elə inanclı, dindar ailələr tanıyıram ki, onların uşaqları ən yaxşı məktəblərdə oxuyurlar. İstər respublika daxilində, istərsə də xaricində olimpiadalarda onlar yüksək bal toplayıblar. Bununla yanaşı, tövsiyə edirəm ki, bu iddianın sahibi vaxtaşırı universitetlərə qəbul ballarına nəzər yetirsin və görsün ki, yüksək bal toplayan şagirdlər arasında nə qədər hicablı xanım var. Hicablı olması göstərir ki, ailə dindardır. Ümumiyyətlə, dindarlaşmanın elmə mane olması kimi tezis Qərbdə ortaya çıxıb. Çünki Qərbdə həqiqətən də kilsələşmiş xristianlıq elmə mane olurdu. Çünki elmi müddəalar kilsənin cəmiyyəti idarəetmə təlimlərinə zidd idi. O baxımdan xristianlıq müqavimət göstərirdi. Lakin bizdə əsla belə olmayıb. Azərbaycanda heç 10 faiz dindar yoxdur, elə isə cəmiyyətdə İQ indeksinin aşağı olmasının səbəbi nədir?! Nəyə görə bunlar süni şəkildə intellektual zəka ilə emosional zəkanı bir-birinə qarşı qoyurlar. Əksinə, cəmiyyət o zaman inkişaf edir ki, orada İQ yüksək olduğu kimi, həm də emosional zəka, yəni vicdanın göstəricisi də yüksək olsun, əxlaqi yanaşmanın da göstəricisi yüksək olsun”.