BAO İsrailli deputatlara təşəkkür etdi

Bütöv Azərbaycan Ocaqları (BAO) İsrail paramentinin 32 millət vəkilinin Güney Azərbaycanla bağlı Xarici İşlər naziri Eli Cohenə ünvanladıqları məktubla əlaqədar bəyanat yayıb. Bu barədə İlkxeber.org-a BAO-nun Mətbuat Xidmətindən məlumat verilib.
Bəyanatda qeyd olunur ki, bu günlərdə İsrail parlamentinin dörddə birindən çoxunu təşkil edən 32 millət vəkili həmin ölkənin Xarici İşlər naziri Eli Cohenə məktub yazaraq İsrailin Azərbaycanın Güneyində insan haqlarını müdafiə etməsini istəmiş, o cümlədən Azərbaycanın Güneyinin müstəqil olmasının İsrailin maraqlarına uyğun olacağını bildiriblər: “İsrail parlament üzvlərinin bu addımını təbii olaraq Azərbaycanın Güneyindəki soydaşlarımız sevinclə qarşılamışdır. Çünki uzun illərdən bəri azadlıq və hüquq mücadiləsi verməsinə baxmayaraq İranın fars dilli mediasında və qərb mediasında böyük bir boykotla qarşılaşan Azərbaycanın Güneyinin ictimaiyyəti gördü ki, dünyada onların səsini eşidənlər var və Azərbaycanın Güneyi məsələsi dünya dövlətlərinin gündəmində yer almaqdadır. İsrail kimi önəmli bir ölkənin parlamentindən göndərilən məktub bu faktın ən bariz sübutudur”.
Bəyanatda həmçinin vurğulanır ki, Azərbaycan türkləri İsrailin Qarabağın azadlığı üçün verdiyi dəstəyi heç vaxt unutmayacaqlar. Bu İsrail-Azərbaycan dostluq tarixinə əbədiyyən yazılmışdır. Necə ki, azərbaycanlılar görürlər ki, kimlər Azərbaycanın Vətən müharibəsində düşmənin yayında yer aldılar. Həmin ölkə ki, bir əsrdən çoxdur Azərbaycanın Güneyini müstəmləkəyə çevirmiş və onun məhvi üçün hər iş görürlər.
“Həmin şovinist fars rejimi bu gün İsrail millət vəkillərinə hücum etməkdə və onları qınamaqdadırlar. Çünki onlar dostluqdan, barışdan və paylaşmaqdan yox, ədalətsizlikdən, haqsızlıqdan və müstəmləçilikdən yana olanlardır. Çox təəssüf ki, bu tarixi ədalətsizlikdə fars müxalif quruluşları da, qanlı diktator İran islam rejimi ilə işbirliyi edir.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, İsrail millət vəkillərinə Azərbaycanın Güneyi məsələsini dünya gündəminə daşıdıqları və soydaşlarımızın haqq səsi olduqları üçün təşəkkür edirik”-bəyanat bu fikirlərlə yekunlaşıb.