Ərdoğandan Azərbaycan MESAJI: Bu, “Bir millət, iki dövlət” tezisinin həyata keçirilməsinin bariz göstəricisidir

Türkiyə hakimiyyəti bütün səylərini ölkədə 50 mindən çox insanın həyatına son qoyan fevral ayında baş vermiş dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün cəmləyib.

İlkxeber.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 May - Əmək və Həmrəylik Günü münasibətilə Ankarada Memur-Sən dövlət qulluqçuları həmkarlar ittifaqının üzvləri qarşısında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, bir sıra hesablamalara görə, təbii fəlakətdən dəyən ziyan 104 milyard dollara çatır.

Ərdoğanın sözlərinə görə, bir il ərzində Türkiyənin cənubunda və cənub-şərqində təbii fəlakətdən zərər çəkmiş şəhər və kəndlərdə 319 min yaşayış binası tikiləcək, ümumilikdə 650 min evin tikintisi nəzərdə tutulub.

“Türkiyə hakimiyyəti təbii fəlakət zonasının sakinlərinə köçürülmə və kirayə haqqı da daxil olmaqla, artıq 30 milyard lirə ayırıb. Bu günə kimi zəlzələ zonasının 3,5 milyon sakininin bütün xərcləri dövlət tərəfindən ödənilir”, - Ərdoğan qeyd edib.

Ərdoğan qardaş Azərbaycanın bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndirib.

Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid və sosial obyektlər tikəcək: “Qardaş Azərbaycan təbii fəlakət zonasında minlərlə yaşayış binası, o cümlədən məktəblər, məscidlər və sosial infrastruktur tikməyə hazır olduğunu bəyan edib. Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Zəlzələlərin fəsadları fonunda Bakının ölkəmizə göstərdiyi dəstək “Bir millət, iki dövlət” tezisinin həyata keçirilməsinin bariz göstəricisidir”, - deyə o vurğulayıb.

Türkiyə lideri əmin edib ki, hökumət fəlakət qarşısında ölkə xalqını tərk etməyəcək, fəlakətin nəticələri tam aradan qaldırılana qədər işlər davam etdiriləcək.